Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı şahidi: Neçə illər o xof canımdan çıxmadı
Xocalı şahidi: Neçə illər o xof canımdan çıxmadı

1964-cü ildə Xocalıda anadan olan Əzizova Ceyran Əkbər qızı köklü-əsilli xocalılıdır və Xocalı dəhşəti zamanı ən çox ailə üzvünü itirən şəxslərdən biridir. Xocalı soyqırımında yaşadıqlarını onun öz dilindən eşitmək istədik. Ceyran xanım keçmişi danışarkən göz yaşlarını saxlaya bilmir.

- Ceyran xanım, o günləri necə xatırlayırsınız?

- Heç unuda bilirikmi, siz onu deyin.1991-ci ilin noyabr ayından Xocalı mühasirəyə alınmışdı. Quru yolu demək olar ki, yox idi. Tək-tək vertalyot gəlirdi. Fevral ayının 11-nə kimi heç kim evini tərk etmirdi. Mənim yoldaşım Məmmədov Vasif Salman oğlu Xocalının müdafiə batalyonu yarananda ilk əlinə silah alan oğlan olub. O, döyüşə gedirdi. Mən körpə uşaqlarımla evin altında tək qalırdım. Həmin vaxt ermənilər evlərə girib adamları aparırdılar. Ona görə də, fevralın 13-də yaralılar, körpəli analar, qocalar bir müsibətlərlə kənddən çıxarıldı.

-Bəs Xocalıda baş verənləri necə öyrəndiniz? Necə xəbər tutdunuz?

-Ayın 26-ı Ağdam bazarına düşmüşdüm. Orada eşitdim ki, gecə ermənilər Xocalıya hücum ediblər. Aldığım şeylər əlimdən yerə töküldü. Halım pisləşdi bazarda.

-Qohumlarınızdan salamat qayıdan oldumu?

-Ordan ya şəhid kimi gəldi qohumlarım, ya da yaralı kimi. Allah heç kimə qismət etməsin bizim yaşadıqlarımızı. Yoldaşımdan xəbər yox idi, ümidlə gözləyirdim ki, bir xəbər gələcək. Yoldaşımın nəşi gəldi amma. Biz Xocalı hadisələri vaxtı gecə yatanda biraz da qalın geyinirdik ki, hər an qaça bilərik. İnanın mən neçə illər o xofu canımdan ata bilmirdim. Gecələr yenə də qalın geyinirdim.

-Torpaqlarımızın azad olunması xəbərini necə qarşıladınız? Nə düşünürsünüz, Xocalıya bir daha qayıdacağınıza inanırdınız?

-Şuşanın alınması xəbərinə qədər hər gün ağlayırdım, yatmırdım k,i prezidentin çıxışlarını birdən qaçırdaram. O qədər həyəcanla gözləyirdim ki, Şuşa, Xocalı haçan azad ediləcək. Hətta gedib cəhbəyə işçi kimi yazılmağı düşünürdüm. Həmin gün açıqlandı ki, Şuşa alındı. Həmin an ürəyim yerindən çıxırdı. Nə sevinə bilmirdim, nə ağlaya bilmirdim. Sanki bədənimə bir süstlük çökmüşdü. Xocalı qaldı deyə özümü öldürürdüm. Hamı mənə izah etməyə çalışırdı ki, narahat olmağa əsas yoxdur. Lakin heç kim məni sakitləşdirə bilmirdi. Hərdən öz aqressivliyimdən özüm də utanırdım. Düşünürdüm prezident heç vaxt oranı ermənilərə qoymaz. İlham Əliyevin yürütdüyü siyasətə inanırıq və gözləyirik ki, Xocalı da alınacaq. Mənim içimdə elə bir qisas hissi var idi ki, fikirləşirdim Xocalıda hansısa bir meyvəni dərən, torpağına, otuna toxunan erməni mütləq ölməlidir. Siyasətlə alınmasını gözləmirdim. Bir müddət xəstə yatdım. Heç qəbullana bilmirdim. Fikirləşirdim ermənilər birdən Kəlbəcərdən, Laçından çıxmaz. İndi artıq rahatam.

-Xocalıya qayıtmaqla bağlı xəyallar qururdunuzmu?

- Biz Xocalıdan çıxanda sanki torpağın rəngi qaçmışdı, ağacların yarpaqları bozarmışdı. Torpaq da sanki o müsibəti başa düşürdü, qorxurdu. Həmişə Xocalıya qayıtmağı fikirləşirdim. Xəyalımda canlandırırdım ki, o torpağlara gedəndə necə əyilib öpəcəm doğma yurdumun daşını,torpağını. İnşallah bir gün bu xəyallar da gerçək olar. Mənim yoldaşım Ağdamda dəfn edilib. İnşallah gedəcəyik övladlarımla ora. Bilmirik qəbrimizi tapa biləcəyik ya yox ,amma mütləq gedəcəyik. O torpaqlara qədəm qoymaq həm qürur verir insana, həm də o qədər insanın içini ağrıdır.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »