Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni deputat: “Paşinyan anlamaq istəmirdi ki, müharibə məğlubiyyətə aparır”
Erməni deputat: “Paşinyan anlamaq istəmirdi ki, müharibə məğlubiyyətə aparır”

Ermənistanda Baş nazir Nikol Paşinyana etirazlar davam edir. Qarabağ məğlubiyyətinin əsas səbəbkarı sayılan hökumət rəhbərinin ünvanına hər cür tənqid söylənilir.

Bizimyol.info xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının və parlamentdəki eyniadlı fraksiyanın rəhbəri Edmon Marukyan yerli mətbuata müsahibəsində Paşinyanın vəzifəsinin öhdəsindən gəlmədiyini söyləyib. Müxalifət lideri Baş naziri həqiqəti xalqdan gizlətməkdə ittiham edib. Marukyan deyib ki, Paşinyan situasiyanı ayıq və adekvat qiymətləndirə bilmədi, buna görə də müharibə çox uzandı.

Deputat hələ oktyabrın əvvəllərində parlamentdəki qapalı görüşü xatırlayıb. Burada Ermənistan ordusunun cəbhədəki ağır durumu müzakirə olunub. Deputatlar Paşinyandan niyə kömək üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmədiyini soruşublar. O isə cavabında bildirib ki, indi müharibəni dayandırmağa ehtiyac yoxdur. Baş nazir hesab edirmiş ki, bir neçə günlük atəşkəs ordunun toparlanmasına xidmət edə bilər. Bundan sonra əks-hücum planlaşdırılırmış. Amma hadisələr ermənilər üçün pis nəticələnib.

Marukyanın danışdıqlarından aydın olur ki, Baş Qərargah rəisi Onik Qasparyan hələ müharibənin dördüncü günü Paşinyana döyüşləri mümkün qədər tez bitirməyi təklif edib. Deputatlar oktyabrın 11-də Baş nazirlə görüşəndə vəziyyətin bu qədər acınacaqlı olduğunu bilmirlərmiş. Onlar inanırmış ki, müharibənin gedişində kəskin dönüş etmək mümkün olacaq. Marukyan hesab edir ki, əvvəldən 5 rayonun verilməsinə razılaşmaq lazım idi: “İndi əlimizdə daha yaxşı sənəd olacaqdı. Şuşa və Hadrutu da itirməyəcəkdik”.

Müxalifət lideri Paşinyandan bundan sonra yaxşı heç nə gözləmədiyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »