Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxsin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.
Bizimyol.info xəbər verir ki, həyat yoldaşını qətlə yetirən Anar Əhmədovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə hakim Novruz Kərimovun icraatına verilib.
Yaxın günlərdə iş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı təyin ediləcək.
Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğuna bu il avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.(apa)