Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam - Fotolar
Qarabağ döyüşçüləri

27 sentyab - 10 noyabr. Bu Azərbaycan xalqının unutmayacağı , 44 günlük müqəddəs Vətən müharibəsi, zəfər müharibəsinin tarixidir. İgid vətən oğullarının qəhrəmanlıq hekayələri hələ çox danışılacaq, çox dastanlar yazılacaq.

Bu günki qəhrəmanımız Vətən müharibəsinin odundan alovundan keçmiş qazi Nuri Cavid Vidadi oğludur. Cavid 1999-cu 15 fevralda Masallı rayonunun İsgəndərli kəndində dünyaya göz açıb.

Cavid Nuri Cavid Nuri

- Cavid, müharibə başlayana qədər hamı düşünürdü ki, gənc nəsil Qarabağı unudub. Vətən çağırmasa müharibəyə getmək istəyərdiniz?

-2 il öncə həqiqi hərbi xidmətdə olmuşam. İyul döyüşləri zamanı könüllü olaraq Səfərbərlik Xidmətinə və Müdafiə Nazirliyinə müraciət etmişdim. Vətən müharibəsi başlayan gündən könüllü oldum və döyüşdə iştirak etdim. 44 günlük müharibənin 36 gününü döyüş bölgəsində ön cəbhədə Füzuli, Cəbrayıl, Hadrut və Şuşa istiqamətlərində olan döyüşlərdə birbaşa iştirak etmişəm.

- Həkim dedi, bu müharibə səndə bədənində daşıyacağın xatirə buraxıb?

- Hə. Noyabrın 1-i qəlpə yarası aldığım üçün xəstəxanaya yerləşdirildim. Qolum, çənəm və bud hissəmdə 4 qəlpə var. Onları çıxartmaq mümkün olmadı. Çünki sinir toxumalarına çox yaxındır.

- Döyüşçülərdə ruh yüksəkliyi necə idi? İnanırdınız qələbə bizim olacaq?

- Bizim könüllülərimiz, zabitlərimiz, komandirlərimiz hamı yüksək döyüş əhval ruhiyyəsində idi. Biz bilirdik ki, qələbə əldə edəcəyik. Hətta yaralı halda belə komandirlərdən yaramızı gizlədirdik ki, bizi geri göndərməsinlər. Son nəfəsimizə kimi döyüşmək idi fikrimiz. Şəhidlərimizin qisasını almaq, 30 illik həsrətə son qoymaqdan başqa bir şey düşünmürdük. Biz hər şeyi gözə almışdıq. Vətənimiz üçün canımız fəda.

- Ön cəbhədə baş verənlərdən, döyüş yoldaşlarınızdan danışmağınızı istərdik

- Bir komandirimiz var idi. O, ilk getdiyim gündən fərqliliyi ilə mənim çox diqqətimi cəlb edirdi. Komandir, baş leytenant Rəşidzadə Səid könüllü olaraq cəbhəyə gəlmişdi. Qorxmaz, şücaətli bir insan idi. Səid bayrağa görə özünü fəda etdi. Hadrutun ilk yüksəkliyində üç rəngli bayrağımızı sancmaq üçün təpəyə qalxmışdı. Bir neçə saat öncə bizimlə deyib-gülən insan gözümüzün qarşısında düşmənin snayperinə tuş gəldi və şəhid oldu. Mən söz vermişəm, inşallah əgər oğlum olsa komandirimin xatirəsini yaşatmaq üçün adını Səid qoyacağam.

Səid Rəşidzadə Səid Rəşidzadə

Kapitan Mikayılov Elburus o da komandirlərimizdən biri idi və könüllü olaraq gəlmişdi. Çox bacarıqlı, təcrübəli, ağıllı, savadlı bir insan idi. Biz ondan həm həyat, həm də döyüş təcrübəsi qazandıq. Yaralı əsgərlər üçün canı bahasına olsa belə, əlindən gələni edirdi.

Baş Leytenant Telmanlı Allahyar 2016-cı il aprel döyüşlərində snayper yarası almışdı. Buna baxmayaraq o yenə də vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılmışdı. Vətən sevgisi onun üçün hər şeydən öndə idi. Döyüş zamanı yenidən snayper atəşinə tuş gəldi və bu dəfə şəhidlik məqamına yüksəldi.

Masallı Rayonunun Boradigah qəsəbəsindən olan vətənin qeyrətli, mərd oğlu Rukabzadə İbrahim Rasif oğlu vətən müharibəsində qəhrəmancasına şəhid olan qardaşlarımızdan biridir. İbrahimin Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarının alınmasında payı olub. Xocavənd-Xankəndi istiqamətindəşücaət göstərərək haqq dərgahına qovuşdu. Rukabzadə İbrahim atasına son zəngində "Mənim zəngimi daha gözləməyin. Ata, sənə elə bir sənəd verəcəm ki,o sənədin qiyməti olmayacaq”, deyə bildirib.

Biz ermənilərin nə qədər döyüş silahlarını və maşınlarını ələ keçirmişdik. Kapitan Hüseynov Ülvi əslən Naxçıvan rayonunun Sabir kəndindən idi. O qədər qorxmaz, mərd insan idi ki, ermənilərin tankını ələ keçirmişdi və həmin tankla kəndə düşüb əsgərlər üçün ərzaq, paltar gətirmişdi. Təssəvvür edin, özünü necə təhlükəyə atmışdı. Biz həmin ərzaqla 5-6 gün dolana bildik. Yaralı halda eşitdim ki, qələbəyə 4-5 gün qalmış şəhadət məqamına yüksəlib. İnanın hələ də özümə gələ bilməmişəm.

Elburus Mikayılov Elburus Mikayılov

- Əsgərlərlə bağlı yayılan şəkillərə baxıb qürur duyuruq. Bir şəkil var idi əsgər öz yaralı döyüş yoldaşını çiynində daşıyır.

- Bəli. Şuşada biz yaralananda 15 nəfər bəlkə də daha çox yaralımız var idi. Biz özümüz yaralı olsaq belə, ayağından zədə alıb gəzə bilməyən döyüş qardaşlarımıza kömək edirdik. Son gücümüzə qədər hamımız bir-birinə yardım edirdik.

- Əsgərlərə yardım məqsədli soyqatlar və məktublar göndərilirdi. Həmin ərzaqlar, məktublar sizə gəlib çatırdımı?

- Bəli çatırdı. Bizə məktublar yazırdılar. Açıb oxuduqda çox təsirlənirdik. Ərzağın üzərində bir məktəbli uşaq məktub göndərmişdi. Heç unutmaram məktubun birində yazırdı “ Səninlə fəxr edirik. Azərbaycan əsgəri irəli!”. Biz o məktubları oxuduqca daha da çox ruhlanırdıq.

- Qəhrəmanlıq necə hissdir?

- Biz Qarabağ qaziləri özümüzü qəhrəman hesab etmirik çünki əsl qəhrəman şəhidlərdir. Onların yanında bu adı özümüzə laiq görmürük. Şəhidlərimizin sayəsində biz qələbə əldə etmişik.

- Müharibədən sonra hamı əsgərlər üçün əlindən gələni etməyə çalışır. Bu diqqət, qayğını görə bilmirsinizmi xalq tərəfindən?

- Xəstəxanaya analarımız, bacılarımız qurbanlar kəsib gətirirlər. Bizə əllərindən gələni etməyə çalışırlar. Qürurvericidir bu. Hər kəs bu müharibədə əlindən gələni etdi.

- Siz qazilərin və şəhidlərimizin qanı bahasına alınan o torpaqlara getmək itərdinizmi?

- Əlbətdə. O torpaqlara həm hüznlə, həm də sevinclə gedəcəyik. Bir yandan kədərlənirik ki, bir səngərdə yatdığımız, bir yerdə çörək kəsdiyimiz insanları itirdik. Digər yandan isə sevinc hissi keçiririk ki, şəhidlərimizin qanı yerdə qalmadı, qisasları alındı.

Leyla Mirzə

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »