Ermənilər Kəlbəcəri boşaldır. Amma bunu vəhşicəsinə edirlər. Onlar təbiətlə amansız davranır, evləri yandırırlar.
Bizimyol.info xəbər verir ki, ermənilər qəbirlərdən ölülərinin sümüklərini də çıxarıb aparır. “Associated Press”in reportajında bu məsələdən danışılıb. Reportajda üç erməni kişinin bir qəbri qazdığı görünür. Məzarı qazan şəxs deyir ki, hər şeyi burda qoymağın mənası yoxdur. Siqaret çəkə-çəkə onu izləyən qohumu isə əlavə edir: “Sabah bura insanlar gələcək. Qəbirlərlə necə davranacaqlarını bilmirik”.
Sonra beş nəfər tabutu qəbirdən çıxarır. Bayaqdan məzar qazılmasına baxan şəxs deyir ki, böyükləri unudub getmək olmaz.
Tabutu aparmağa hazır olan “Ford” yola düşür. Sümüklərsiz qalan məzarın biri də artır. Yaxınlıqdan Kəlbəcər dağları boylanır...