Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizim müharibə masamız
Rus ordusu

Ceyms Forrestol və Şeyx Şamil: siyasi qorxularımız haqqında esse

“Ən böyük səhvimiz tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol dəfələrlə cəhd etməkdən keçir”. Bu fikrin müəllifi məçhur Tomas Edisson tez parlayıb tez sönsəydi, yəni tez təslim olsaydı, yəqin ki, elektrik lampasını da kəşf edə bilməzdi. Deyir: “Mən başqasınn yarıda buraxdığı yerdən davam etdim”. Fikir verdinizsə, “uğura gedən ən qısa yol” demir, “ən düzgün yol” deyir. Ən qısa yol heç də həmişə ən düzgün olan deyil. Ən düzgün yol da çox zaman qısa olmur. Müharibə də, sülh də çox uzun yoldur. Uzun və çətin.

Bir yazımda da yazmışdım və yeri düşüb deyə təkrar xatırladacam: biz ilk uğursuzluqda eyforiyaya, ilk uğursuzluqda apatiyaya düşməməliyik. Hər şeyin ifratı yanlışdır. Bir qətl belə zəruri müdafiə həddində cəzalandırılmır. O həddi keçdiyi halda cinayət sayılır.

Bəli, sentyabrın 27-dən bəri gedən hərbi əməliyyatlarda uğurlarımız var, danılmazdır. Ancaq cəmiyyətimizdə Rusiyanın “sülhməramlı əməliyyat” adı ilə bölgəyə yerləşməsindən, yerləşmə şəklindən, ordakı davranışlarından rahatsız olan insanlarımız çoxdur. Hər gün də sayca daha da çoxalır- gizlətməyin yeri yoxdur. Bəzi kəsimlərə elə gəlir ki, sülhə yaxın idik, ruslar gəlib müharibəni əlimizdən aldı. Bəzi kəsimlər də deyir, müharibə yoxdur, gəlib sülhə yiyə çıxdılar. Sanki nə sülh var, nə müharibə. Eyni zamanda həm sülh var, həm müharibə. Tam bir sürrealizm!

Ruslar bu müharibəni və ya sülhü əlimizdın aldı, yoxsa almadı – bilmirəm. Ancaq onların əlimizdən aldığı, yaxud almağa çalışdığı bir şeylər, doğrudan da, var. İnkar etməyək. Ancaq əsas məsələ onların bizim əlimizdən nəsə almağa çalışması deyil, bizim nəsə vermək istəyib-istəməməyimizdir.

Biz 200 il ruslarla birikdə yaşamışıq. Bir əsr qabaq onlardan ayrılıb qısa müddət də olsa, müstəqil olduq. Demək, qorxmadıq ki olduq. Hə, gəlib yıxdılarmı?! Yıxdılar. Baxın ki, 71 il sonra fürsət düşdü, yenə ayrılıb öz müstəqil yolumuza getdik. Qorxmadıq. İndi də qorxmaq lazım deyil. Qarşımızdakının gücü hər nədirsə, biləcəyik. Güc qaynağını da biləcəyik. Göz önündə tutacağıq. Ancaq o güc - biz ondan qorxduğumuz qədər artır.

Etiraf edək: Xocalıda, bütün Qarabağda baş verənlərdən - 90-cı illərin uğursuzluqlarından sonra bizdə düşmənin gücündən hərbi qorxu yarandı. Yaranmamışdı deməyək. Ancaq bu gün həmin düşməni öz torpaqlarımızdan qovanlar 1990-cı, 2000-ci illərdə doğulmuş oğlan uşaqlarıdır. Dediyim o qorxunu yenməyimiz, bəli, bir az zaman aldısa da, bu duyğunu, bu rubikonu aşdıq. Canımızdan çıxan qorxunu qarşı tərəfin canına sala bildik. Niyəsini bilirsinizmi?! Biz əvvəlcə özümüzə qalib gəldik, sonra düşmənə. Bunu ən azı özümüzə etiraf etməliyik.

Əslində, düşünürəm, bəlkə də Rusiyadan qorxmayan tək dövlət Türkiyədir. Yaxın Şərqdə, Orta Şərqdə, Aralıq dənizində, Qara dənizdə, Şimali Afrikada, Mərkəzi Afrikada... hər yerdə Rusiyanın qarşısına çıxır. Ya da Rusiya ilə qarşılaşanda geri durmur. İndi də Türkiyə Qafqaza gəldi-gələcək. Burda da Rusiyanın qarşısndadır. Bir azdan Mərkəzi Asiyada da “görüşəcəklər”. Və həmin Türkiyə bizim yanımızdadır. Bu da bizə misilsiz dəstəkdir. Biz bundan sonrasında da qorxmadan irəli gedəcəyik.

Qorxu-məğlubiyyətin başlanğıcı olduğu kimi, qorxusuzluq da qələbəyə aparan ən əsas yoldur. Şeyx Şamil deyirdi: “Axırını düşünə-düşünə döyüşə gedən qəhrəman olmaz”. Biz bu son müharibədə niyə qələbələr qazandıq?! Çünki əskərimiz, zabitimiz öz axırını deyil, düşmənin axırını düşünərək döyüşə getdi. Yox, bu, quru pafos deyil, gerçəyin ta özüdür. Bizdən böyük olsun, ya kiçik - bütün güclərin qarşısında qorxusuzluğumuzla durduq, duracağıq. Hələ sülh yoxdur, müharibə də bitməyib. Sadəcə, atəşkəs var. Bəli, orda Rusiya da var. Və mən müharibə təzə başlayanda yazmışdım ki, bu, Rusiyadan siyasi anlamda tam qopma şansıdır, bu şansı reallaşdırmağı bacarmasaq, işimiz çətin olacaq. Təəssüf ki, dediyim kimi oldu. İşimiz çətindir. Ancaq kim demişdi ki, asan olacaq?! Kim deyə bilər ki, bundan sonrası da çətin olmayacaq?! Hələ orda Ermənistanın da az-çox qaldığı bir məqamda. Bizim işimiz nə vaxt asan olub ki?! Bu çətinliklərdən qorxmayacağıq. Cəmiyyətimizdəki narahatlıqları, nigarançılıqları bölüşürəm təbii ki, ancaq bu qorxuların bizi yenidən əsir almasına imkan vermək olmaz.

Ceyms Forrestolu, yəqin ki, Amerika tarixindən xatırlayırsınız. ABŞ-ın ilk müdafiə naziri, bəlkə də bütün Qərbin ən qatı rusofobu idi. Postundan getdikdən sonra əsəbləri pozulmuşdu. Onu Milli Hərbi Tibb Mərkəzinin psixatriya bölməsinə yerləşdirmişdilər. Qarabasmaları vardı və ruslardan qorxu onun bütün varlığını əsir almışdı, “rus təhlükəsi”ndən qaçıb gizlənməyə yer axtarırdı. 1949-cu mayın 22-də Forrestol yenə də: “Ruslar gəlir, mən onları hər yerdə görürəm, onlar Amerikaya daxil olur” deyərək növbəti dəfə pəncərəyə çıxdı və özünü 16-cı mərtəbədən aşağı atdı. Ancaq o, daha 42 il yaşasaydı, SSRİ dağılanda 99 yaşı ola bilərdi və görərdi ki, ruslar Amerikaya deyil, amerikalılar Rusiyaya “gəldi”. Və indi amerikalılar Rusiya yaxınlığında hər yerdədir – Şərqi Avropanı hələ demirik, Ukraynada, Baltikyanıda, Gürcüstanda, hətta Ermənistanda belə... Mən rusların Qarabağdakı “sülhməramlı” missiyasından narahatlğımızı Forrestolun irrasional qorxusuna bənzətmirəm, bu misalla demək istədiyim odur ki, bizim bəzən qorxduğumuzun özü daha böyük qorxu altındadır.

Bir az əvvəl “müharibə bitməyib” dedik. Çünki müharibə təkcə döyüş meydanında getmir, həm də masada gedir. Hə, əslində elə o bəzi kəsimlərimizin “rus narahatlığı” döyüşdə qazanılanların masada itirilməsi əndişəsidir. Belə hallar tarixdə, əlbəttə, var. Napoleon Bonapart bütün döyüşlərə at üstündə öndə gedib. Onun sağ qalması şans əsəridir. Ancaq Napoleonun zəbt elədiyi torpaqları onun xarici işlər naziri Şarl Moris de Taleyran-Periqor masada... satırdı. Fransa ordusunun Avstriya-Macarıstan üzərinə hücumu başlananda kardinal Taleyran əllərini bir-birinə sürtərək ətrafındakılara belə demişdi: "Hər şey yaxşıdır, yaxşı pul olacaq". Ancaq indi nə Azərbaycan 19-cu əsrin Fransasıdır, nə də Taleyranımız var. Biz masada da qalib gələ bilərik. Prosesə cəmiyyət kimi hamılıqla diqqətli olacağıq, əlbəttə. Ancaq həm də səbrli olmalıyıq. Döyüşlər zamanı necə əskərimizə güvəndiksə, masada da diplomatlarımıza inanmağı bacaracağıq. Döyüşən əskərimiz bizim birliyimizdən və dəstəyimizdən güc alaraq necə irəli gedibsə, eyni ölçüdə də diplomatlarımıza arxa durmalıyıq ki, bizi masada gözləyən tələlərdən, təhlükələrdən ölkəni qurtarsınlar.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »