Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Deyib mən bu müharibəni illərdir gözləyirdim, ya şəhid, ya qəhrəman kimi dönəcəyəm...”
Rəşad Quliyev

İllər sonra “Qarabağ dastanına” yazılacaq hekayələrdən biri də əminik ki, şəhid polkovnik-leytenant Rəşad Quliyevin haqqında olacaq. 37 illik ömrünün 15 ilini cəbhə bölgəsində, səngərlərdə keçirən Rəşadın ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılmaq, qalib gəlmək olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərkən çəkdirdiyi məzun albomuna da ancaq Qarabağla bağlı arzularını yazıb. Və qəhrəman kimi döyüşüb, oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.

Hərbi əməliyyatların başlamasına bir neçə gün qalmış əsgərlərinə son tapşırığını verib: “Əsgərlərim, diqqətlə qulaq asın, xidmət etdiyim 15 il boyunca bir əsgərimin belə burnu qanamayıb. İndi sizə ona görə deyirəm, nizam və intizamlı olun, verilən tapşırıqları dəqiq yerinə yetirin. Biz döyüşməliyik, qalib gəlməliyik. İllər ötəndən sonra balalarımız, qardaşlarımızın, bacılarımızın övladları bizimlə fəxr etsinlər. Elə yaşayın ki, sizdən sonra gələcək nəsillər sizə oxşamaq istəsinlər”.

Bir də anasına, həyat yoldaşına mesaj göndərib: ”Şəhidlik hər oğula qismət olmur, şəhid olsam, məğrur dayanın”.

Virtualaz.org-un əməkdaşları şəhid polkovnik-leytenant Rəşad Quliyevin Suraxanı rayonu, Zığ qəsəbəsi, ev 23 B ünvandakı evində ailə üzvləri ilə görüşüblər.

“Rəşadın atasına söz vermişdim...”

Atası vəfat edərkən Rəşadın 6 yaşı olub. Anası Mətanət Quliyeva deyir ki, həyat yoldaşı vəfat etməzdən üç gün əvvəl Rəşadın hərbçi olması ilə bağlı vəsiyyət edib: “Ölümündən üç gün əvvəl Rəşad və qızlarımla bağlı arzularını söylədi. Dedi ki, qoy Rəşad hərbçi olsun, kişi kimi böyüsün, kişi kimi də yaşasın. Mən də onun son arzusunu yerinə yetirdim, Rəşadı hərbi məktəbə qoydum. Rəşad özü də hərbçi olmaq istəyirdi”.

Şəhid Rəşad Quliyevin anası Şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva

Rəşad Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, yüksək bal topladığına görə birbaşa ikinci kursa gedib. Litseyi bitirəndən sonra Ali Hərbi Məktəbə qəbul olub. Ali Məktəb tərəfindən təqdim edilən Fəxri Fərmanda yazılır ki, Quliyev yüksək bal toplayaraq rekordu təzələyib. Ali Məktəbdən sonra bir il də əlavə kurs keçib. Bundan sonra 6 il cəbhə bölgəsində xidmət edib. Anası danışır ki, Rəşad “Aprel döyüşləri”nin iştirakçısı olub, “Lələtəpə”nin işğaldan azad edilməsi uğrundakı əməliyyatlara qatılıb.

“Avqustun 3-də xidmətini başa vurub təqaüdə çıxmalı idi. Dostları tort alıb qeyd ediblər. Sevinirdim, övladımın üzünü doyunca görəcəkdim. Təsəvvür edin ki, bacısının toyunda iştirak edə bilmədi. Bacısı oğlunun kiçik toy məclisini Murovdağdan təbrik etdi. Nə bayramlarda, nə ad günlərimizdə yanımızda olmurdu. Ancaq dedi ki, çoxdandır bu günü gözləyir, müharibə başlayır, təqaüdə çıxa bilməz”,-göz yaşlarını sel kimi axıdan şəhid anası deyir.

“Söhbətinin əvvəli də, axırı da Qarabağ idi”

Anasının qəhərdən boğulduğunu görən şəhid bacısı Nərmin söhbətə qatılır: “Söhbətinin əvvəli də, axırı da Qarabağ idi. Onu müharibədən heç nə, heç kim saxlaya bilməzdi. Elə bir adam təsəvvür edin, hərbi xidmətdə olmayanlarla salamlaşmaq belə istəməsin. Rəşad sanki döyüşçü olaraq doğulmuşdu, döyüşçü kimi də öldü”.

Rəşadın Dərya və İncə adlı iki qız övladı var. Hərbi əməliyyatların başlanmasına bir neçə gün qalmış Bakıya qayıdıb, bu il birincə sinfə gedən qızları üçün məktəbli ləvazimatları alıb. Lakin onların əlindən tutub məktəbə apara bilməyib, yenidən cəbhə bölgəsinə qayıdıb. Anası Mətanət xanım deyir ki, Rəşadın atasına da övladını birinci sinfə aparmaq qismət olmayıb. Elə Rəşadın özünə də qızlarını məktəbə aparmaq qismət olmadı. Ancaq qızları ilə söhbət edib, yaxşı oxumalarını tapşırıb.

Döyüşçü yoldaşları Rəşada “Canavar” ləqəbi veriblər

Böyük otaqdakı güzgünün önündə Rəşada verilmiş fəxri fərmanlar, orden və medallar, bir də cəbhə bölgəsində çəkdirdiyi müxtəlif şəkillər düzülüb. Döyüşçü dostları deyirlər ki, öz aralarında Rəşada “Canavar” ləqəbi veriblərmiş. Dostlarından biri danışır ki, Rəşad bu illər ərzində saysız-hesabsız kəşfiyyat əməliyyatlarına gedib. Hətta darıxanda işğal altında olan kəndlərdən birinə gedərək, divarlara, yerə öz adını yazıb, şəkilləri dostlarına göndərirmiş. Məhz belə qorxmaz hərəkətlərinə görə ona “Canavar” ləqəbi verilib.

Mətanət xanım deyir ki, oğlunun həmin ərazilərə kəşfiyyata getməsindən ara-sıra xəbər tutub. Amma döyüşçü dostları ilə danışmayanadək nə qədər ağır əməliyyatlarda iştirak etdiyini təsəvvürünə belə gətirməyib.

“Bu 40 gündə əsgərləri, döyüşçü dostları, Müdafiə Nazirliyinin rəsmiləri bizi tək buraxmadı. Sosial şəbəkələrdə yazılanları da göstərirlər. Rəşad ürəyim xəstə olduğu üçün mənə hərbi əməliyyatlarla bağlı heç nə danışmazdı. Sosial şəbəkələrdə onun haqqında yazılanları göstərirlər. Dünən axşam Beyləqan rayonundan iki nəfər gəlmişdi. Dedilər ki, 10 il əvvəl Rəşad onların komandirləri olub. Əsgərin imkansız olduğunu biləndən sonra ona ad günü keçirib, ailəsinə kömək edib. Başqa biri deyir ki, Rəşad aldığı pul mükafatlarını son qəpiyinə kimi əsgərlərinə xərcləyib,”-ana danışır.

“Tezliklə ya qəhrəman, ya şəhid kimi geri dönəcəyəm”

Nəhayət, ağır da olsa, şəhid xəbərini, o müdhiş günü xatırlayırlar. Bacısı Nərmin və bayaqdan bəri Rəşadın şəkillərinə digər bacısının həyat yoldaşı kövrəlir. Söhbətə Mətanət xanım davam edir. Deyir ki, Rəşadla sonuncu dəfə oktyabrın 5-də danışıb: “ Dedim ki, ay bala, məni xəbərsiz qoyma. Bircə kəlmə yaxşı olduğunu de, ürəyim rahat olsun. Məndən sonra bacısıyla, həyat yoldaşıyla danışıb. Hamıya sözü bu olub ki, yaxşı xəbərlər olacaq, bir az səbr edin. Sonra məhəllədəki dostları ilə danışıb. Onlara deyib ki, tezliklə ya qəhrəman, ya şəhid kimi geri dönəcəyəm. Siz həyəti abadlaşdırın, təmizlik aparın.

Bu arada, qonşular Rəşadın yarı zarafat, yarı ciddi söylədiklərinə əməl ediblər. Rəşad dəfn ediləndən sonra binanın girişindəki zibil qabları götürülüb, təmizlik aparılıb, ağaclar əkilib. Qonşuların təşəbbüsü və maliyyə dəstəyi ilə xatirəsinin əbədiləşdirilməsi üçün bulaq-abidə ucaldılıb. Rəşadın 40 mərasimində abidənin açılış mərasimi keçirilib. İndi isə qəsəbə sakinləri yaşadığı küçəyə adının verilməsi üçün imza toplayırlar.

“Generala “Paşam” deyə müraciət edirdi, onun ölümü Rəşadı çox sarsıtmışdı”

Bir də məhəllə dostlarından şəhid general Polad Həşimovun məzarına gül aparılmasını xahiş edib. Mətanət xanım deyir ki, Rəşad 2 ilə yaxın Müdafiə Nazirliyində işləyib. Polad Həşimov onu birgə işləməyə dəvət edib. “O, generala “Paşam” deyə müraciət edirdi. Polad Həşimovun ölümü Rəşadı çox sarsıtmışdı. Deyirdi ki,müharibə başladı, torpaqlarımız azad edilir, Paşamın arzusu da yerinə yetir”.

Məhəllədəki dostları Rəşadın bu arzusunu da yerinə yetiriblər, generalın məzarını ziyarət ediblər.

Şəhidin vəsiyyəti: “Ola bilsin tikəm də ələ gəlməsin, amma heç zaman Allaha qarşı üsyan etmə”

Ana davam edir: “Gəlinim və nəvələrim Rəşada verilən xidməti evdə yaşayırlar. Gəlinim işdə olanda nəvələrimə mən baxırdım. Oktyabrın 7-də qapı döyüldü, tanımadığım bir oğlan məndən Rəşadın bu evdə yaşayıb-yaşamadığını soruşdu. Anası olduğumu dedim. Nə baş verdiyini xəbər aldım. Heç bir açıqlama verməyib getdi. Mən də ayaqyalın onun arxasınca düşdüm. Həyətə toplaşanlar vardı. Elə o zaman başa düşdüm ki, nəsə xoşagəlməz hadisə baş verib. Haray saldım. Ha səslədim, oğlum səsimə səs vermədi. Ancaq indi düşünərəm ki, Rəşad döyüşə hazırlaşarkən şəhid olacağını bilib. Maşını satıb, banka olan kredit borcunu tam ödəyib, az qala bütün qohumlarla, tanışlarla halallaşıb. Həyat yoldaşına deyib ki, ola bilsin tikəm ələ gəlməsin, amma heç zaman Allaha qarşı üsyan etmə. Mən bu müharibəni illərdir gözləyirəm. Başını dik tut ki, qızlarım da vətənə layiqli övlad kimi böyüsünlər”.

Rəşad çox sevdiyi generalı Həşimovun yanında, II Fəxri Xiyabanda dəfn edilib.

Allahdan Rəşada və bütün digər şəhidlərə rəhmət diləyib mənzili tərk edirik.O inamla ki, Vətən uğrunda uf da demədən canından keçən, Azərbaycanın yeni tarixini qanı ilə yazan Rəşad kimi oğulların xatirəsini layiqincə yaşadacaq.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »