Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Rusiyanın sülhyaratma missiyası fonunda Fransa və Kanadanın qərəzli münasibəti
Putin - Ərdoğan

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Beləliklə, Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Paşinyan hərbi kapitulyasiyanı qəbul etməyə məcbur oldu.

"Qafqazinfo" xəbər verir ki, dünyada hər hansı münaqişədə əldə olunan razılaşmadan sonra bölgədə sülhü və təhlükəsizliyi təmin etmək, sülhə qarşı ola biləcək hər hansı təhdidlərin qarşısını almaq, mövcud anlaşılmazlıqların qarşılıqlı anlaşma yolu və hüquqi müstəvidə həllinə nail olmaq üçün sülhməramlı qüvvələrin cəlb olunması təcrübəsi geniş yayılıb. Dağlıq Qarabağ münaqişəsində də davamlı sülhə nail olmaq üçün bu təcrübəyə müraciət edildi. Bölgədə sülhün bərqərar olması istiqamətində Türkiyə və Rusiya sülhməramlıları birgə çalışacaqlar.

Noyabrın 11-də Türkiyənin və Rusiyanın müdafiə nazirləri Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalayıblar. Bu sənədə əsasən, yaradılan atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi daşıyır. Mərkəz tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Həmçinin Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.

Qeyd edək ki, missiyanı həyata keçirəcək Türkiyə və Rusiya Azərbaycan ilə əlaqələrə böyük önəm verən ölkələrdir. Sentyabrın 27-də hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan edən qardaş Türkiyə hər zaman bütün məsələlərdə ölkəmizlə həmrəylik nümayiş etdirib. Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə icra olunan qlobal layihələr bu gün regionumuzun inkişafında önəmli rola malikdir. Son proseslərdə də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə edib. Bununla yanaşı, Türkiyə artıq dünyada da böyük nüfuza malik ölkə kimi qəbul olunur və regionda onun təsir imkanları danılmazdır.

Dünyada və regionumuzda əsas güclərdən hesab olunan Rusiyanın Azərbaycan ilə münasibətləri də strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdirlər.

Türkiyə və Rusiya arasında əməkdaşlıq, eləcə də prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin mütəmadi təmasları, əldə olunan razılaşmalar iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdırıb.

Bütün bunlar deməyə əsas verir ki, qarşıdakı 5 il ərzində Rusiya-Türkiyə sülhyaratma missiyası öz vəzifəsini icra etməklə Dağlıq Qarabağda davamlı sülhün bərqərar olmasını təmin edəcək.

Fransa və Kanada: Tarixi sülhə qərəzli münasibət bəsləyən ölkələr

Artıq Dağlıq Qarabağ münaqişəsi sona çatır. İllərdir işğal altında olan Azərbaycan torpaqları tam şəkildə işğaldan azad edilir və ölkəmizin ərazi bütövlüyü bərpa olunur. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarının nəticəsində tarixi ədalətin bərpa olunması, sülhün əldə edilməsi bəzi ermənipərəst mövqe sərgiləyən ölkələri ciddi narahat edir.

Fransa və Kanada xarici işlər nazirləri səviyyəsində verilən bəyanatlar bu ölkələrin ermənipərəst mövqeləri ilə yanaşı, bölgədə dayanıqlı sülhün təmin olunmasına nə dərəcədə istəkli olmalarını da sual altında qoyur. Birincisi, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi hər hansı ölkənin maraqlarından çıxış etməsi yolverilməzdir. Digər tərəfdən, ötən illər ərzində Fransa münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həllinə hər hansısa töhfə vermədiyi halda əldə olunan sülhə niyə qərəzli yanaşma nümayiş etdirir.

Bu məsələyə münasibət bildirən Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir”.

Digər tərəfdən, Türkiyənin də münaqişənin həllində rolu və sülhməramlı missiyada iştirakı təbii ki, Fransanı narahat edir. Lakin Prezidentin köməkçisinin də qeyd etdiyi kimi, Paşinyan sənədi imzalayıb, onun bundan başqa çıxış yolu da yox idi.

Hərbi əməliyyatların ilk günlərindən ermənipərəst mövqe sərgiləyən Fransanın və Kanadanın bu cür yanaşmaları hərbi proseslər zamanı heç bir təsir gücünə malik olmadı. Fransanın bu cür yanaşmasına isə ən gözəl cavabı Azərbaycan Prezidenti verdi: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər”.

Hazırkı sülh dövründə də bu bəyanatlar heç bir çəkiyə malik deyil. Sadəcə olaraq, Emmanuel Makron və onun hökuməti indidən erməni lobbisinin də böyük təsir imkanı olan 2022-ci il seçkilərinə hazırlaşır və bu açıqlamalar da indidən erməni lobbisinin dəstəyini almağa hesablanıb.

Heç kim unutmasın ki, Azərbaycan Ordusunun gücü və Prezident İlham Əliyevin qətiyyətli iradəsi sayəsində artıq Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapıb. Beləliklə, heç bir bəyanat, açıqlama əldə olunan Qələbəmizə təsir etmək gücündə deyil.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »