Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda itirdiklərimiz və qazandıqlarımız
Şuşa

Kiçik müharibədə böyük qələbə haqqında düşüncələr

Biz tarix boyu heç ürəkdolusu sevinmədik ki. Ürəyimizdın vurulduq, ürəkdən ağladıq, amma ürəkdən gülə bilmədik. Müstəqilliyi qazananda da qanımız töküldü. Bir gözümüz güldü, bir gözümüz ağladı. Qarabağ da ki başqa bir dərd. Döyüşə-döyüşə itirmişdik, indi də döyüşə-döyüşə bir hissəsini qaytardıq. Onda da şəhid vermişdik, indi də şəhid verdik. Qarabağı bütövlükdə itirdik deyə onda ürəkdən ağlamışdıq, indi Qarabağı bütövlükdə qaytara bilmədik deyə, yenə ürəkdən sevinə bilmirik. Görünür ki, bu da millət olaraq, bizim taleyimizə belə yazılıb.

Anlayırıq: bu coğrafiyada, bu qonşularla bizə rahatlıq yoxdur. Tarix boyu da olmayıb. Bütün İmperiyaların orduları – Makedoniyalı İsgəndərdən tutmuş monqol-tatar xanlarına qədər, Xosrov Anuşirəvandan tutmuş Ərəb xəlifəsinə qədər, Əmir Teymurdan başlamış Osmanlı Sultanına qədər hər kəs burdan keçdi. Mən hələ ingilisini, rusunu demirəm. Öz zamanında kim superdövlət olubsa, Qafqaza tələsib. Niyə belə olur deyə soruşsanız, bəlkə də yeni bir şey demiş olmayacam: Qafqaz hər kəsin marağında olan yerdir. Bura hamı can atır. Hamının burdan qoparmaq istədiyi bir maraq tikəsi var.

Yeni Qarabağ döyüşü də atəşkəslə bitdi. İki kiçik Qafqaz ölkəsinin qanı töküldü. Əslində kiçik ölkələr arasında müharibə olmur. Əgər iki kiçik ölkə arasında müharibə olursa, deməli, bu hansısa başqa iki böyük dövlətə lazımdır. Eləcə də, hansısa kiçik bir ölkədə vətəndaş müharibəsi olursa, deməli, bu hansısa bir (və ya bir neçə) böyük dövlətin vətəndaşlarının rifahı üçündür. Bugünkü dünya düzəni belədir.

Ötən əsrdə bəşəriyyət dalbadal iki dünya müharibəsi yaşadı. Birinci Dünya Müharibəsindən sonra məşhur alman mütəfəkkir Osvald Şpenqler dedi ki, insanlıq yəqin ağıllanıb, daha belə qlobal kataklizm yaşamarıq. Cəmi iyirmi il sonra daha böyük və daha dağıdıcı, daha qanlı İkinci Dünya Müharibəsi başladı. Ardından çox zaman keçməmiş üçüncüsü – Soyuq Müharibə başladı. Və Berlin divarı dağılanda Şpenqlerin nəvələri düşündü ki, daha bu dəfə ağıllanarıq. Yox! Dördüncü Dünya Müharibəsi başladı və gedir. Böyük dövlətlər indi daha bir-brinin coğrafi ərazisinə soxulmur. Savaşmaq üçün “neytral” ərazi tapır – “qanlı görüşü” başqalarının torpaqlarına təyin edir - müharibəni kiçik ölkələrə daşıyırlar. Bir-biri ilə döyüşüb ölən də elə yenə o kiçik ölkələrin əsgəri, vətəndaşı olur. Böyük güclər savaşanda da kiçiklərin adı altında savaşırlar, “barışanda” da kiçiklərin adından barışırlar. Yenə məşhur müharibə yazarı Ernest Heminqueyin fikrini xatırladacam: “Müharibələr o zaman bitir ki, ya bir tərəf qəti qələbə qazanır, ya da müharibədən qazananlar doyub çəkilirlər”.

Bizim müharibə də, açıq demək lazımdır ki, həm də iki qlobal güc arasındakı müharibəydi. Qərblə Rusiya arasında. Sübutu: Minsk Qrupunun iki Qərbli hımsədrinin – ABŞ və Fransanın “oyundankənar” qoyulmasıdır. Düzdür, iksinin də başı öz seçkilərinə qarışmışdı. Ancaq yenə də bu bölgə üçün savaşdılar da. Ancaq Rusiya-Türkiyə tandeminə uduzdular bu partiyanı. Fransanın bugünkü tutumu bundandır.

Savaş bizim ərazimizdə getdi. Ancaq həm də bizim savaşdı; öz torpaqlarımızı azad etmək üçün vuruşduq. Döyüşlərdə qələbələr qazandıq. Ancaq Müharibədə Qələbə də qazandıqmı?! Bu sualın özü məlum üçtərəfli bəyanatda açıq qalan suallardan doğur. Bəli, ayyarım əvvəl biz bu nəticələri xəyal belə etmirdik; açıq deyək, Şuşanı heç gözləmirdik. Laçını, Kəlbəcəri belə çətinliklə təsəvvür edirdik (düzdür, son iki rayon bizə hələ qaytarılmalıdır, ancaq hər halda bəyanatı imzalayan qarşı tərəflərin öhdəliyində var). Dünənə qədər Qarabağın dağlıq hissəsinə ən yüksək muxtariyyət təklif edirdik, bu gün: “Heç bir statusdan söhbət gedə bilməz” deyirik. Dünən qədər bəlkə ən yaxşı halda 5 rayonu bizə döyüşsüz qaytararlar kimi kövrək bir ümidimiz vardısa, bu gün elə ən azı 5 rayonu döyüşüb almışıq. Daha üçünü döyüşsüz almaq öhdəliyini düşmən tərəfin üzərinə qoymuşuq, qarantiyasını da Rusiyadan alaraq. Dünənə qədər Naxçıvana real təhlükədən rahatsız idiksə, indi Naxçıvandan Azərbaycanın böyük torpağına quru yolu alırıq. Dünənə qədər, köçkünlər sadəcə, yuxusunda gördüyü evlərini, yurdlarını bu gün gedib gəzirlər.

Bu üzdən qazandığımız nəticələri – qələbələri (bunlarım cəmi olan Qələbəni) kiçiltmək də olmaz (şəhidlərin ruhuna, qazilərin əziyyətinə, sağ qalanların zəhmətinə sayğısızlıq, haqsızlıq olar). Ancaq millətimizi narahat edən ən çox rusların bizim olan torpaqlara yenidən silahla qayıtmasıdır, Qarabağda silahlı erməni varlığının qalma və artma ehtimallarıdır. Öz cavabını gözləyən çox suallar var. Ancaq bütün bu suallara cavablardan biri Qarabağda Türkiyə varlığı ola biləcək.

Açıq deyək, Türkiyənin Cənubi Qafqaza gəlməsinə nə Qərb, nə Rusiya razı deyildi. Eləcə də, İran buna isti baxmırdı. Ancaq bu gün Azərbaycanda rus əsgərindən qat-qat çox sayda türk əsgəri var. Bu, hətta qərəzli dünya mediasının qısqanc nəzərlərindən də yayınmadı. Türkiyə Qafqaza gəldi gələcək. Burda oturacaq. Hər nə qədər Mehri dəhlizinə ruslar nəzarət etsə də, Türkiyənin Azərbaycandakı varlığına mane ola bilmədi, mane ola da bilməyəcək. Mən müharibədən əvvəl də demişdim ki, Naxçıvanda, Bakıda, Qarabağda və Gəncədə Türkiyə hərbi bazaları olsa, yaxşı olar. Bilirsiniz, bu gün iki minə yaxın rus “sülhməramlı”sının Qarabağa buraxılması Türkiyənin Azərbaycandakı hərbi, geosiyasi varlığı qarşılığında bir kompromisdir. Yenə Bismarkdan misal gətirəcəm: “Siyasət – mümkün olanı əldə etmək sənətidir”. Bu gün, görünür ki, bu qədərini əldə edə bildik – obyektiv və subyektiv səbəblərdən. Bəli, mən həmişə də yazırdım ki, bu müharibə bizim həm də Rusiyadan siyasi anlamda qopmaq şansımızdır. Ancaq bu şansı sonadək reallaşdırmaq mümkün olmadı (obyektiv səbəblər çoxdur burda, ya subyektiv – o, başqa bir araşdrma mövzusudur). Bəlkə biz məlum geosiyasi buxovlardan tam olaraq qopa bilmədik. Ancaq bu məqsədə doğru çox böyük və inamlı addım atdıq.

Bir şey məni çox ağrıdır; dünən qədərki birliyimiz sanki xəfifdən sarsılır. Cəmiyyətimizdə iki cinah yaranmaqdadır: bu qələbələrin real qiymətini artıranlar, bir də azaltmağa çalışanlar. Hər zaman yazmışam, demişəm: belə ciddi məsələlərdə ifrata varmaq yanlıqdır. Hətta təhlükəlidir də. Biz ilk uğurdan eyforiyyaya düşən, ilk uğursuzluqdan apatiyaya yuvarlanan xalq olmaqdan çıxmalıyıq. Həyatda, dünyada hər şeyin öz real dəyəri var; nə şişirdə bilərsən, nə əksildə bulərsən. Biz qələbə qazanmışıq, əlbəttə. Qazanmaq istədiyimiz qədərdirmi?! O başqa məsələ. Baxın, ordumuz yüksəklikdəki Şuşaya gəlincə nə qədər nisbətən daha kiçik yüksəkliklər almaq zorundaydı. Bizim bugünkü qələbəmiz gələcək yüksəkliklərə qalxmaq üçün çox önəmli bir hərbi-strateji, siyasi-diplomatik nöqtədir. Dövlətimiz tarixi-siyasi şəraiti çox real qiymətləndirdi, gedə biləcəyi yeri də, dayanacağı nöqtəni də dəqiq bildi. Ordumuz da çox böyük igidliklə və peşəkarcasına qarşısına qoyulan hərbi hədəflərə yetişdi. Kim necə qiymətləndisə də, biz bu müharibədə qalib gəldik. Ancaq bu, o demək deyil ki, bütün problemlərimiz bitdi. Hər şeyin qurtardığını, təhlükəsizliyimizə təhdidlərin birdəfəlik arxada qaldığını düşünmək və arxayınlaşmaq özü təhlükəli yanlışlıq olar. Bundan sonra istər dövlət quruculuğunda, istər ordu quruculuğunda, istər vətəndaş cəmiyyəti quruculuğunda və bütün başqa sferalarda görməli olduğumuz, görə biləcəyimiz işlər daha çoxdur. Qələbələrə sevinməklə, itkilərimizə üzülməklə yanaşı işləmək, daha çox işləmək də lazımdır. Anlayacağınız: çox işimiz var. Ancaq birini mən deyim. Biz necə olursa-olsun. Qarabağda demoqrafik balansı sürətlə, ancaq diqqətlə dəyişməli, tərəzinin biz olan gözünü ağırlaşdırmalıyıq. Qarabağlıları Qarabağa qaytarmaq və orda azərbaycanlıların sayını daha da artırmaq lazımdır. Ali məktəblər açmalı, turizm layihələri, başqa iqtisadi layihələr etməliyik. Qarabağın biz olan yerlərini cənnətə çevirmək lazımdır. “Qarabağ bizimdir” demək azdır. Qarabağı bizimki eləmək üçün danışmaqdan çox iş görmək lazımdır.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »