Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir”
İlham Əliyev

“Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə deyib.

Dövlət başçısı deyib ki, bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir: “ Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Prezident əlavə edib ki, xalqımızın duyğularını təsəvvür etmək çətin deyil: “Mən bu dönəmdə hər gün minlərlə məktub alıram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları, onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında, həm bizim hamımızın həyatında və mənim həyatımda. Deyir ki, mən artıq köçkün, qaçqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək istəyirdilər. Onlar mənfur düşmən tərəfindən bizə yapışdırılmış belə bir ifadədən öz canlarını qurtarmaq istəyirdilər və bu gün gəldi”.(apa)

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »