Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır
Sahibə Qafarova

Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır.

Amma bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır.

Bəli, bu gün Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulur. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı!

Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra Şanlı Ordumuzun əks-hücum əməliyyatları - Azərbaycan xalqı və dövləti üçün Vətən müharibəsi başladı. Bu haqq savaşında bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr və nəhayət iki gün öncə qədim Şuşa şəhəri Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq Azərbaycanın Şanlı Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk etdi və diz çökdü!

Qeyd etməliyəm ki, Azərbaycan Ordusu döyüş meydanında Zəfər yürüşünü davam etdirdiyi günlərdə Prezident İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, bir çox ölkələrin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırdı, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etdi. Bütün dünya həqiqətləri məhz Azərbaycanın dövlət başçısından, ən etibarlı mənbədən əldə etdi. Azərbaycan işğalçı ölkənin və erməni diasporunun yalan təbliğatını, çirkin qara piar kampaniyasını dövlət başçısının qətiyyəti sayəsində darmadağın etdi. "Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi", - deyən möhtərəm Prezident İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi ilə diplomatiya sahəsində də parlaq qələbələr təmin olundu.

Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi. Son illər ərzində ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyədə qurulması və həmrəyliyin təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və bu kimi əhəmiyyətli nailiyyətlər bu Qələbəni şərtləndirən mühüm məsələlər sırasındadır.

Nəhayət, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı. Birmənalı şəkildə qeyd etməliyik ki, bu bəyanat Azərbaycan dövlətinin şanlı Qələbəsi, Ermənistan üçün isə faktiki olaraq hərbi kapitulyasiya deməkdir. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm qələbələr, Azərbaycan Liderinin, Ordumuzun, xalqımızın dəmir yumruğu Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi.

Bu bəyanatın tarixi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə, bu bəyanat 30 ilə yaxındır davam edən işğala son qoyur. Bu sənəd hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən geri qaytarmağa imkan verir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olunur və azərbaycanlılar öz doğma torpaqlarına, yurd-yuvalarına qayıdırlar. Budur, Qələbənin, Zəfərin xoşbəxtliyi! Möhtərəm Prezident İlham Əliyevin təbirincə desək, "Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".

Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz Liderinin, öz Ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torplaqlarımızı işğaldan azad etdik. Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan şəhidlərimizə Allah rəhmət eləsin, onlar bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə şəfa diləyirəm.

Beləliklə, əldə etdiyimiz bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.

Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Sahibə Qafarova,

Milli Məclisin sədri

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »