Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda hərb və... sülh
Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

Şuşa zəfərindən hələ çox danışılacaq, çox deyiləcək. Təkcə ona görə yox ki, bizim xüsusi təyinatlı əsgər və zabitlərimiz orada tarix və hərb dərsliklərinə düşəcək qəhrəmanlıq göstərib. Bu, çox önəmlidir; general-leytenant Hikmət Mirzəyevin komandanlığında həmin yüzlərlə hərbçi Azərbaycan tarixini yeni, fərqli tərəfə yönəldib. Bu faktı təkcə dostlarımız demir, həm də düşmənlərimiz etiraf etmək zorundadır.

Qarabağ savaşının bu fazası, özəlliklə də Şuşanın azad olunması bizi özümüzə və özgələrə, dostlara və rəqiblərə, həyata və ölümə, tarixə və gələcəyə yenidən, başqa sözlə baxmağa sövq edir. Nə üçün yaşamaq, nəyin uğrunda ölmək – bizim Qarabağda aldığımız və eyni zamanda başqalarına verdiyimiz ən böyük dərslərdir.

Məşhur fransız yazıçısı və fikir adamı Jan Pol Sartr deyirdi ki, həyat ümidsizliyin o tərəfində başlayır. Biz ümidsizliyin bu tərəfində 28 il 6 ay Şuşasız yaşadıq. Qarabağdakı uğurlarla, özəlliklə, Şuşanın azad olunması ilə ümidsizliyin o tərəfinə adladıq. Çünki orda bizi həyat – ləyaqətli gələcək gözləyir. Qarabağda itirdiyimiz hər daş, hər qarış torpaq bizi onillərlə göynədib, ağrıdıb. Ancaq Şuşanın işğalı, Xocalının qətli bütün “qırmızı xət”lərimizin ayaqlar altına alınması demək idi.

Mən bir dəfə də yazmışdım: millətin coğrafiyası onun dövlətinin coğrafiyasından genişdir. Millətin təkcə fiziki, yəni coğrafi ərazisi olmur, həm də mənəvi ərazisi olur. Düşmən bizim təkcə coğrafi ərazimizə hücum etməmişdi ki. Bəlkə də daha çox mənəvi ərazilərimizin işğalına güc qoymuşdu. Qarabağda ələ keçirdiyi məscidlərimizdə donuz saxlamaqla bu mənəvi işğalı, aşağılamanı hər gün təkrarlayırdı. Biz Şuşanı azad etməklə təkcə dağı-torpağı, daş-divarı deyil, qürurumuzu işğaldan azad etdik. İndi Xocalıda döyüşlər gedir. Xocalının da azad olunması çox yaxındır. Xocalını geri qaytararaq biz 28 il 8 aydır ki qanayan mənəvi yaralarımıza məlhəm tapmış olacağıq; Xocalı bizim heysiyyət qalamızdı. Bu üzdən Qarabağda irəli atılan hər addıma, azad olunan hər qarışa görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla qəhrəman Ordumuza sonsuz minnətdarıq.

Bəli, Ali Baş Komandan özü də çıxışlarlarında dəfələrlə deyib ki, düşmən tərəf və onun havadarları uzun müddət danışıqlarla zaman alıb, baş qatıb. İşğalı qanuniləşdirməyə çalışıblar. Uzun zaman deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Şərtləri Azərbaycan üçün əlverişsiz, hətta alçaldıcı olan sülh müqaviləsi bağlanmasını istədilər, buna çalışdılar. Əlbəttə, bütün savaşlar sülhlə bitir. Ancaq söhbət ləyaqətli sülhdən gedirsə, bizə bunun əksini təklif edirdilər, daha doğrusu, təkid edirdilər. Üstəlik də ləyaqətsiz düşmənlə. Fateh Mehmet Sultan deyib: “Müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanır”.

Hə, yəqin deyəcəksiniz ki, işğaldakı torpaqları azad edəndən sonra Ermənistanla da sülh bağlanacaq. Xeyr, bu sülh o sülhdən deyil. Ermənistan tezliklə kapitulyasiya sənədinə imza atacaq. Ləyaqətli sülh istəsəydi – buna layiq olsaydı, indiyədək üzr diləyib torpaqlardan özü çəkilmiş olardı. Ancaq Ermənistan başqa bir yolla getdi və ləyaqətli məğlubiyyət şansını da itirdi.

Bu 28 illik danışıqlar dövründə də Azərbaycan xalqı ermənilərlə sülh perspektivinə heç də nikbin baxmırdı. Hakimiyyətlə cəmiyyət arasında fikir ayrılığı da vardı; xalq düşünürdü ki, zaman itiririk, döyüşdə uduzulmuş torpaqları sülhlə geri qaytarmaq mümkün deyil, hələ belə bir düşmənlə sülh heç mümkün deyil. Hökumət isə diplomatiyanın tükənmədiyini deyirdi. Əslində indiki hadisələr göstərdi ki, bu, zahiri fikir ayrılığı imiş; Azərbaycan dövləti ləyaqətsiz bir düşmənlə əlverişsiz – alçaldıcı sülhə deyil, son və qəti qələbə üçün müharibəyə hazırlaşırmış.

Siyasət və hərb elminin məşhur siması Nikiollo Makiavellinin dediyi kimi, “müharibədən qaçmaq mümkün deyil, onu yalnız düşməndən üstün olana qədər ertələmək olar”. Tarixin əksər böyük simaları da bu fikri daha öncə də, sonra da bildiriblər. Məsələn, Alman İmperatorluğunun əfsanəvi kansleri Otto Fon Bismark. “Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll olunur” deyib. Yaxud Şimali Qafqazın milli-azadlıq hərəkatının yenə də əfsanəvi lideri Şeyx Şamil. Birinci Aleksandr kimi qüdrətli Çarın Rusiyasına qarşı vuruşmuş qərhəman sərkərdə deyirdi: “İşğala uğrayan Vətən torpağı sülh ilə ələ keçməz, ancaq savaşla alınar”.

Azərbaycan dövlətinin başçısı da bu gerçəyi əsas götürmüşdü; ləyaqətsiz düşmənlə hansı şərtlərlə olursa-olsun sülh bağlayaraq müharibədən qaçmağı deyil, qələbəni qaçılmaz edəcək, düşməni kapitulyasiyaya uğradacaq qədər güc toplayana kimi savaşı ertələməyi seçmişdi. Bax, bunun özü də tarix və hərb dərsliklərinə yazılacaq bir örnəkdir. Düşünə bilərik ki, uzun çəkdi, gec oldu. Bir tərəfdən baxsaq, elədir. Eyni zamanda bir gerçək də var: 28-30 il tarix üçün çox kiçik zamandır, ancaq Azərbaycanı Qarabağla, Şuşası ilə birlikdə əbədi gələcəkdə düşünün. Çoxmu gecikmişik?! Başlıcası odur ki, bunu çox istədik və aldıq, alırıq da.

Məşhur araşdırmaçı Qreqq Breyden “İlahi matris” əsərində yazır ki, bütün diqqəti bir fikrə cəmləşdirəndə o fikir reallığa çevrilir. Yəni bir şeyi çox istəsən, gec-tez alacaqsan. Qarabağda bugünkü uğurlar da, bax, həmin o bütün diqqətin əsas fikrə cəmləşməsinin, Qarabağı öz həyatımızdan çox istəməyimizin nəticəsidir. Bu nəticəni qazanan – bizə təkcə torpağımızı deyil, qürurumuzu da öz canı və qanı bahasına geri qaytaran şəhid və qazilərimizə, döyüşən hər bir əsgərimizə, komandirlərə, sərkərdəmizə nə qədər təşəkkür etsık azdır. Onların hər birinin boynumuzda borcu var.

...Və bu arada bizə özümüzün olan yeni bir Lev Tolstoy lazımdır ki, Qarabağdan yeni “Hərb və sülh” yazsın.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər – Qəhrəman kəşfiyyatçımızı tanıyaq
Son xəbərlər
Bütün xəbərlər »