Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gəlmişəm ki, torpağına diz çökəm, ay Şuşa”
Şuşa şəhəri

Tarix yazmaq... Oxuduğum bütün tarix kitabları gözümün önündən keçir, hər birində neçə salnamə, neçə cəngavər, neçə ömür, neçə ürək, neçə yanğı... Uşaqkən hərdən o tarixi hadisələrin yaşandığı dövrə xəyalən səyahət edirdim, tarixin hansısa mühüm bir səhifəsinin şahidi olmağın necəliyini təsəvvürümə gətirirdim. Heç ağlıma da gəlməzdi ki, Tanrının mənə ayırdığı ömür payına xalqımın qan yaddaşına çevriləcək hadisələr düşər... O hadisələrin mahiyyətini, ağrısını böyüdükcə anladım... 20 Yanvar, Xocalı soyqırımı, Şuşasızlıq... Düşmən tapdağı altında olan hər bir qarış torpağımızın göynəyi tarix dərslərimizdə qəhərimiz, kədərimiz oldu...

Yox, mən bunu xəyal etməmişdim axı...Mən Şuşa həsrəti, Qarabağ həsrəti deyə bir tarixi səhifə istəməmişdim. Bunu ömür payımda ruhumun kədəri kimi yaşamağı istəməmişdim. Azərbaycan xalqının hər bir övladı kimi o torpaqlardan düşmən ayağının kəsilməsini elə ümidlə gözləyirdim ki...

Və o gün gəldi... Bir gün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olması haqqında şanlı ordumuza əmr verdi. O, aydın şəkildə bildirdi ki: “Biz əzəli torpaqlarımıza qayıdacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Biz öz torpaqlarımızı istəyirik. Bizim buna haqqımız var. Biz torpaqlarımızı işğaldan azad edirik. Bu müddət ərzində igid Azərbaycan ordusu bir çox yaşayış məntəqəsini düşməndən azad etdi. Döyüş meydanında tarixi ədaləti bərpa edirik, çünki Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşayıb və yaradıb. Qarabağın tarixini yaxşı bilirik. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, döyüş meydanında tarixi ədaləti bərpa edirik!”

2020-ci il sentyabrın 27-də açıldı tariximizin o şanlı səhifəsi... Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuz o səhifəni yazmağa başladı; Böyük Qələbəyə aparan cığırda hər addımda Azərbaycan xalqının 30 ildir gözlədiyi xəbərlər gəlməyə başladı.

Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Suqovuşan kəndi və ədəbiyyatımızda həsrətin simvoluna çevrilmiş Xudafərin körpüsü işğaldan azad olundu. Bizim ordumuz çox güclüdür. Bu gün də əsgərlərimiz əlinə silah alıb Vətəninin xain əllərdən almaqdadır. Hər gün bir ərazimiz işğaldan azad olunur. Və bu cür xəbərlər eşidəndə qürurlanıram.

Tariximizin ən şanlı səhifələrindən birinin ömür payıma düşməsi bir yana, hər alınan kəndlə, hər bir qarış torpağın azadlığıyla sevindim... “Sevinc paylaşdıqca çoxalır” deyib ulularımız. Hər dəfə sevincimin milyon qat necə böyüdüyünü gördüm xalqımın zəfərə olan ümidində... Cəbrayılda, Zəngilanda, Qubadlıda, Füzulidə Azərbaycan əsgərinin ayağı dəyən yerdə torpağımızın sevindiyini gördüm... İşə bax, bu il Xarı bülbül çiçəyi də oktyabra qalmışdı-o da Kiçikbəyim ağanın varislərinin gəlişini gözləyirmiş...

Evimizin bir güşəsində böyük Azərbaycan xəritəsi asılıb. Hər səhər atam o xəritəyə baxır, öz-özünə düşünür ki, görəsən, bu gün hansı ərazimiz qayıdacaq? Hər xoş xəbər gələndə xəritəyə yaxınlaşaraq işarə qoyur və sevincdən titrəyən səsiylə deyir:

-Bu ərazi artıq bizdədir!

Az qalıram onun bu sevinc qəhərinin qarşısında baş əyəm...

...Hər dəfə Ali Baş Komandan işğaldan azad edilən kəndlərin adlarını açıqlayanda üzümü həmin xəritəyə tuturam və:

-Gözün aydın olsun, Azərbaycan! Nəhayət torpaqların qayıdır. Nə vaxtsa səndən qoparılan o torpaqlar bir-bir sənə qayıdır. Daha canın ağrımayacaq, çünki onu həmişəlik bərpa etdik!-deyirəm.

Və hər gün arzularımın şəhərinə-Şuşaya bir addım daha yaxınlaşdığımı hiss edirəm. Ömrümüzün doğması, könlümüzün sevdası olan o 20% torpağın hər qarışı illərdir arzularımıza naxış olub, amma Şuşa bu naxışların ən xoş rəngidi mənimçün. Şuşanı heç vaxt görməmişəm, düzdü, işğal ediləndə 6 yaşım vardı, di gəl, haqqında eşitdikcə, oxuduqca o şəhəri günbəgün, anbaan sevməyə başladım. Bir də gördüm ki, ürəyimin göynərtisi yurdumun hər daşına yansıyır, dilimin harayı Xəznə qayasında əks-səda verir və əllərim Şuşaya uzalı qalıb... Yuxarıda qeyd etdiyim kimi Şuşa mənim arzularımın şəhəridi. Təbii ki, Qarabağın hər qarışı mənim üçün əziz və doğmadı. Valideynlərim mənə Qarabağ haqqında çox danışırdılar.

Şuşa Qarabağın ürəyidir və mən sevgilərin ən istisini, doğmalığın ən ülvisini gedib orda-Şuşa qalasının qapısı ağzında yaşayacağıma əminəm. Mən Şuşanın gözəlliyini ancaq şəkillərdə görüb valeh olmuşam hər zaman.

İsa bulağından bir su içməyə, Cıdır düzündə oturub Vaqifdən bir qoşma söyləməyə elə səbirsizlənirəm ki! Xan qızının qızılgülləri qönçələnmədən ora çatmaq istəyirəm, Üzeyir bəyin, Xan əminin evinin qapısını döyüb: “Biz gəldik...”-demək istəyirəm... Əminəm, döyülən qapının səsi əsrlərin o tayında Pənahəli xanın da qulağına çatacaq...

Gövhər ağa məscidində bu şanlı tarixi yazmaqçün canlarından keçənlərin ruhuna dua oxuyacağam... Qara sevdasını Qarabağa ünvanlamış igidləri yad edəcəyəm, şanlı qələbəmiz üçün şükür edəcəyəm! Bu da bir duadı əslində... Səd amin! Və o gözəl Xarı Bülbül çiçəyinin ətrini duymaq üçün tələsirəm.

Bir də Şuşaya deməyə sözlər axtarıram ürəyimdə; gedəndə onun üzünə dik baxmağa, “30 ildi hardaydın?” sualının cavabında deməyə... Deyəcəyəm ki, 30 ildi həsrətinlə yanıram, Şuşa... Hər gün xəyalımda səninlə görüşə tələsmişəm bu keçən illər ərzində... Və budur, gəlmişəm... Gəlmişəm ki, torpağına diz çökəm, Topxana meşəsindəki ən qoca ağacdan bir tutam saç asam, Kəlbəcərə tərəf bir bayatı çəkəm... Gəlmişəm...

...Görəsən, Şuşa bu xalqın onun həsrətiylə necə yandığını hiss edibmi bu 30 ildə? Hiss etməmiş olmaz... Yoxsa, niyə hər gecə yuxumuza girirdi ki?! Allah bizə müqəddəs Qarabağ torpağını öpməyə nəsib etsin. Bəli, o torpaqlar bizim öpüşlərimizlə, nəfəsimizlə yenidən həyata qayıdacaq.

...Gəlirik, Şuşa! Azərbaycan əsgərinin addım səsini duyursan, əminəm... Az qalıb, həsrətlə başladığımız bütün cümlələri redaktə edəcəyik, vüsal sözünü adına yaraşdıracağıq, Şuşam!

Leyla Turan Leyla Turan
Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
Son xəbərlər
Bütün xəbərlər »