Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nə Skandinaviya sülhməramlılarını, nə də baza prinsiplərini qəbul etmirik...
Nə Skandinaviya sülhməramlılarını, nə də baza prinsiplərini qəbul etmirik...

Qarabağ müharibəsinin bir ayı tamam olanda növbəti ayın istər döyüş meydanında, istərsə də beynəlxalq münasibətlərdə gərgin keçəcəyi hiss olunurdu. Düşmənin döyüşlərin artıq Şuşa, Xankəndi istiqamətində irəlilədiyini gördükcə daha çox dirəniş göstərəcəyini, əlavə qüvvələr cəlb edəcəyini, paralel olaraq beynəlxalq təzyiqin güclənəcəyini proqnozlaşdırmaq elə də çətin deyildi. Düşmən şimalda Murov və Ağdərə istiqamətində neçə gündür ki, ölüm-dirim döyüşləri aparır, cənubda isə Laçın dəhlizi və Şuşa ətrafında ordumuzun irəli getməməsi üçün dünya ermənilərinə səslənib hamını Şuşanın müdafiəsinə çağırırlar.

Dünən isə nəticəsini intizarla gözlədiyimiz Cenevrə görüşü baş tutdu. Altı saatlıq gərgin görüş ilk baxışda özündən əvvəlki Moskva, Vaşinqton görüşlərinin və Paris razılaşmasının təkrarı təsirini bağışlasa da yeni çalarlar da var və heç də bizim xeyrimizə deyil.

Qeyd olunan görüşlərdən və razılaşmadan sonra Azərbaycan xeyli ərazilərini işğaldan azad edib və mövcud vəziyyət əvvəlki razılaşmalarla artıq mütənasib deyil. Razılaşmadakı humanitar atəşkəsin tələblərinə uyğun Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin konkret olaraq görəvləndirilməsi normal və praktik hesab olunmalıdır. Amma 10 oktyabr Moskva razılaşmasının 3-cü bəndi haqqında bəyanatda xüsusi maddə salınıb.”Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlar mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar”

Moskva razılaşmasının 3-cü bəndi isə budur: ”Azərbaycan Respublikası və Ermənistan Respublikası, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın baza prinsipləri əsasında ən qısa müddətdə sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədi ilə substantiv danışıqlara başlayırlar”.

Yenidən baza prinsipləri.

O prinsiplər ki, sonunda Dağlıq Qarabağ icmasına imkan verir ki, referendum keçirib statuslarını özləri müəyyənləşdirsinlər. Dövlət başçısı bu məsələ ilə əlaqədar əvvəl diplomatik gedişlər edərək müəyyənləşmiş baza prisipləri əsasında sülh danışıqlarına başlamağı xatırlatsa da, Yapon televiziyasına verdiyi müsahibədə konkret olaraq bildirdi ki, heç bir referendum və statusun da o referendumla müəyyənləşməsindən söhbət gedə bilməz. Və əlavə etdi ki, Dağlıq Qarabağın erməni əhalisinə “mədəni muxtariyyət verilməsi istisna edilmir”.

Prezident bunu həm də status-kvonun dağılması, yeni şəraitin yaranması ilə izah etdi. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinə mədəni muxtariyyət statusunun verilməsi bizim qırmızı xəttimizdir. Maksimum bu status, qəbul olunmadığı təqdirdə torpaqların işğaldan azad olunması müharibəsini sonadək aparmalı, işğalçının son əsgəri sərhədə qədər qovulmalı və bunula da iş bitməlidir. Seçim bizim deyil, seçim Ermənistan tərəfdə olmalıdır. Hansı variant istəyir qəbul etsin. Üzümüzə gələn həftədə biz müharibədə dönüş nöqtəsi olan yerləri azad etməliyik.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O, Brayenin Skandinaviya qoşunlarını sülhməramlı kimi Qarabağa gətirilməsi təklifi isə heç qəbulolunmazdır və Amerikanın həmsədr kimi neytral qalmasına xələl gətirir. Xüsusilə çıxışının sonunda “Allah Ermənistanı qorusun. Allah Amerikanı qorusun” deməklə açıq şəkildə tərəf tutduğunu nümayiş etdirib.

Azərbaycan həmsədr dövlətlərin zaminlik prinsipi əsasında Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verir və heç bir sülhməramlı qüvvənin buraya gəlməsinə razılıq olmamalıdır.

İnanıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının prezidenti Minsk Qrupunun Cenevrə bəyanatına və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi O, Brayenin çıxışına münasibət bildirəcək.(moderator)

Son xəbərlər
Bütün xəbərlər »