Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycandan əsir düşən şəxslərə qarşı Ermənistan çox amansız davranır” - Baş Prokuror
“Azərbaycandan əsir düşən şəxslərə qarşı Ermənistan çox amansız davranır” - Baş Prokuror
Bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinq keçirilib.

Brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov iştirak edib.

Brifinqdə Baş prokuror Kamran Əliyev bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib: “İstintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib. Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".

K.Əliyev bildirib ki Azərbaycan hərbçilərinə qarşı düşmən tərəfindən törədilən cinayətlərlə bağlı Hərbi Prokurorluqda 4 cinayət işi başlanılıb: “Əldə olunan sübutlara əsasən, Azərbaycandan əsir düşən şəxslərə qarşı çox amansız davranılır”.

Baş Prokuror bildirib ki, düşmən tərəfindən Azərbaycana qarşı hücumlarda əcnəbi muzdluların döyüşməsi faktları ilə bağlı cinayət işlərinin istintaqı davam edir: “Muzdluların qarşı tərəfdə döyüşməsi sübutlarla təsdiq olunub. Onların sırasında Gürcüstan, Fransa, ABŞ, Belarus və digər ölkələrdən olan ermənilər də var. Onlardan 6 nəfər barəsində beynəlxalq axtarış elan edilib".

Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilərək həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib: “Araik Arutunyan və digərlərinin sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırışlar var. Məqsəd dinc əhalini qorxutmaqdır. İstintaqın ilkin nəticəsinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistanın nümayəndəsi Araik Arutunyan, onun köməkçisi David Babayan, Cəlal Arutunyan və Ermənistan parlamentinin üzvü Arman Babacanyanın cinayət məsuliyyətinə сəlb edilməsi üçün Baş Prokurorluq tərəfindən müvafiq qərarlar çıxarılıb, onlar barədə axtarış elan edilib. Azərbaycanın müvafiq qurumlarına, o cümlədən İnterpola müraciət olunub.

K. Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb: “Bizim məlumata görə, o, məhv edilib. Ermənistan tərəfi isə hələ onun yaralı olduğunu bildirir, ölümü təsdiqlənmir. Bizdə hələlik rəsmi təsdiq olmadığına görə Cəlal Arutunyan barədə axtarış elan olunub. Ölümü təsdiqlənsə, onun haqqında cinayət işi xətm olunacaq. Onu da deyim ki, onlar təkbaşına deyil, Onlar Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarına raket atışlarını-bu cinayəti Ermənistanın digər vəzifəli şəxsləri ilə birlikdə törədiblər. Bu, ilkin istintaqın nəticələridir”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »