Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kapitulyasiya müharibəsi
Kapitulyasiya müharibəsi

Azərbaycan - qalib gəlməkdən başqa şansı olmayan ölkə

Yox, bu, Argentinalı yazıçı Borxesin dediyi “iki keçəlin daraq müharibəsi” deyil. Yazıçı bunu öz ölkəsi ilə Tetçer İngiltərəsi arasındakı Folklend müharibəsi haqqında demişdi. Hımin savaş Argentinanın kapitulyasiyası ilə bitmişdi. Qarabağ savaşı müəyyən nüanslara görə Folklend müharibəsinə bənzəsə də, fərqlər də çoxdur. Burda daraq davası getmir; daraq haqqı ilə tərəflərdən birinindir. Ona görə yox ki, keçəl Ermənistandan fərqli olaraq Azərbaycanın saçı var. Ona görə ki, üstündə dava gedən nəsnə Azərbaycana məxsusdur. Bu qədər sadə və net.

Bəli, Folklend kapitulyasiya ilə bitdi; orda “Borxes darağı”nın kimə məxsus olduğunu ayırd etmək çətin idi. Orda güclü qalib gəldi. Bizim müharibədə isə güclü olan tərəf həm də haqlı olan tərəfdir. Yəni ədalətli müharibədir. Sonu da ədalətli sülhlə bitəcəkmi, ya yox – bunu da zamanı gəlincə görəcəyik.

“Kapitulyasiya” ifadəsi bizim müharibədə də keçdi; sentyabrın 27-dən sonra ilk dəfə bunu Ermənistanın baş naziri Nikol Paşinyan isşlətdi. “Biz ağrılı olsa da, qarşılıqlı güzəştə hazırıq, ancaq kapitulyasiya etməyəcəyik” dedi. Kapitulyasiya – müharibədə tərəflərdən birinin müqaviməti dayandıraraq rəqibin bütün şərtlərini sözsüz qəbul etməkdir. Azərbaycanın isə çox şərti də yoxdur; Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxmasını tələb edir. Bəli, söhbət işğal edilmiş ərazilərdən gedir. Bu halda qarşı tərəfin hansı qarşılıqlı güzəştlərdən (kompromisdən) söhbət gedir?! Bu, müttəhimin məhkəmədə özü ilə bərabər zərərçəkənin də cəzalandırılmasını tələb etməsi kimi absurd bir şeydir.

Bu cürəti hardan alıb? Baxın, bir neçə gün əvvəl Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının iclasına bir sənəd layihəsi çıxarmışdı. Qəbul etdirməyə çalışdılar, ancaq alınmadı; diplomatik savaşın bu raundunda Azərbaycan qazandı. Bu sənədin əsas hədəfi BMT TŞ-in Qarabağla bağlı məlum dörd qətnaməsinə istinad edilməməsi presedentinin başlanğıcını qoymaq idi. İndiyə qədər Qarabağa dair bütün beynəlxalq sənədlərdə həmin qətnamələrə istinad var. Qətnamələrin mahiyyətinə varanda, aydın olur ki, hələ 1993-cü ildə BMT TŞ Ermənistana kapitulyasiya tələbi qoyub. Orda erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması əsas tələb kimi qoyulurdu. Doğrudur, indi Nikol Paşinyan qətnamələrdə Ermənistanın adının çəkilməməsini arqument kimi irəli sürməyə çalışır və üstəlik deyir ki, bu qətnamələr 27 il bundan qabaq qəbul edilib, konteksti başqadır və sair. Bu o qədər absurd bir tezisdir ki. xüsusi şərh etməyə elə də böyük ehtiyac yoxdur. Ancaq hər halda mühüm beynəlxalq sənədlərin mahiyyətini təhrif etdiyi üçün üstündən keçmək də olmaz. Paşinyanın dediyindən belə bir şikəst “məntiq” çıxır: Avropa dövlətləri, məsələn, Helsinki Yekun Aktındakı beynəlxalq birgəyaşayış prinsiplərindən imtina etsinlər ki, bu sənəd 1992-ci ildə qəbul olunub. Yaxud ABŞ-ın hər hansı vətəndaşı, ya Prezidenti durub desin ki, ölkənin Konstitusiyası 233 il bundan qabaq qəbul edilib, konteksti başqa olub?! Bu, axı nonsensdir və bununla da bitmir; Paşinyanın tezisinin birinci hissəsi də hətta çox zəif tənqidə belə davam gətirmir. Axı bu müharibə bütün dünyanın göz qarşısında və Ermənistanla Azərbaycan arasında gedir. Yaxşı, deyək ki, o qətnamələrdə “Ermənistan” sözü yazılmır, bəs reallıqda Qarabağda Azərbaycana qarşı vuruşan qoşunun Ermənistana məxsusluğunu ki inkar etmək mümkün deyil. O qətnamələri bəlkə dünyada az adam görüb, müharibəni ki hamı izləyir. Və hətta fərz edək ki, o dörd qətnamə də yoxdur, BMT Nizamnaməsinin 51-ci maddəsi var – hərbi təcavüzə məruz qalana özünü müdafiə etmək haqqı verir. Onu da keçdik, Azərbaycanın Qarabağ üzərində tarixi və qanuni haqqı var. Ermənistan dövlətinin öz ərazisi üzərində tarixi və qanuni haqqı olmadığına görə bunu anlamaqda çətinlik çəkir.

Kapitulyasiya məsələsinə qayıdaq. Azərbaycan Prezidentinin son çıxışlarından birində dediyi: “Qarabağda heç bir referendum olmayacaq” sözləri Azərbaycan cəmiyyətində niyə çox böyük razılıqla, hətta coşqu ilə qarşılandı?! Çünki Qarabağda referendum keçirilməsi, ümumiyyətlə, indiyə qədər vasitəçilərin Azərbaycana qəbul etdirməyə çalışdıqları “nizamlama formulları” məhz Azərbaycanın kapitulyasiyası aktı olub. Sentyabrın 27-də başlanmış bu əks-hücum əslində Azərbaycan dövlətinin Ermənistan qarşısında böyük dövlətlərin onu məcbur etdiyi diplomatik kapitulyasiyadan – təslim olmaqdan qəti olaraq və də artıq diplomatiya masasında yox, döyüş meydanında imtina etməsi deməkdir. Məsələnin mahiyyəti budur.

Ermənistanda hakimiyyət dəyişəndən və yeni hökumətin Qarabağ siyasəti bəlli olandan sonra proseslər yalnız tərəflərdən birinin kapitulyasiyasına doğru gedirdi. Heç də təsadüfi deyil ki, 2019-cu ilin aprelində Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənstan müdafiə naziri David Tonoyanın “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını şərh edərkən demişdi ki, bu münaqişə tərəflərdən birinin kapitulyasiyası ilə bitəcək; hansı tərəfin kapitulyasiya edəcəyi isə daha bir müharibədən sonra bilinəcək. Burdan çıxan nəticə: əgər ilyarım bundan qabaq Rusiya hərbi kəşfiyyatına bağlı ekspert dairələrində belə bir fikir dolaşırdısa, deməli, yeni müharibədə tərəflərdən birinin kapitulyasiyası planlaşdırılırdı. Və əgər bu son 28 illik danışıqlar prosesində vasitəçi dövlətlər, xüsusilə, Rusya və Fransa Azərbaycanı diplomatik kapitulyasiya aktına imza atdırmağa çalışırdılarsa, bu gün də artıq diz çökmək ərəfəsinə qədər gəlmiş Ermənistana hərbi, siyasi, maliyyə və sair bütün formalarda dəstək verirlərsə, deməli, hərb meydanında da kapitulyasiya edən tərəfin Ermənistan olduğunu istəməyiblər və istəmirlər. Gerçəklik budur ki, Azərbaycan Türkiyənin, Pakistanın və başqa dost, müttəfiq dövlətlərin siyasi-mənəvi dəstəyi ilə döyüş meydanında həmin o planları pozdu və bu gün: “Biz yeni reallıqlar yaratmışıq, hesablaşın” deyə bilir. Prezidentin: “Sona qədər gedəcəyik” bəyanatlarından bəlli olur ki, Azərbaycan bütün gücü ilə Ermənistanı kapitulyasiyaya məcbur etmək fikrindədir. Bunun da alternativi yoxdur. Çünki aydın bir həqiqətdir ki, Ermıənistanı məğlub edib öz torpağından qovmasa və Rusiyanın bölgədəki geosiyasi hegemonluq iddialarından sığortalanmasa Azərbaycanın keçmişi kimi gələcəyi də faciələrlə dolu olacaq. Bu müharibədə qələbə təkcə hərbi baxımdan işğal olunmuş ərazilərin azad edilməsi demək deyil, həm də, obrazlı desək, geosiyasi baxımdan “işğal olunmuş” ərazilərin azad edilməsidir. Azərbaycanın istiqlal savaşının davamıdır. 30 il bundan qabaq insanlarımız işğalçı tanklarının üzərinə necə cəsarətlə gedirdilərsə, bu gün də döyüşlərə elə gedirlər; ictimai təhtəlşüurumuz bu müharibəni müstəqillik mübarizəmizin davamı, sonuncu və qəti fazası kimi qəbul edib. Nikol Paşinyan da bunu başa düşüb; artıq öz cəmiyyətinin arxa şüuruna Azərbaycan qarşısında kapitulyasiya perspektivini (bəlkə özü də istəmədən) təlqin edir. Azərbaycanın qalib gəlməkdən başqa yolu olmadığını bizim qədər düşmən də görür...

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »