Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentdən soruşduqlarımız...
İlham Əliyev

“Əgər bir insan hansı limana çatmaq istədiyini bilirsə, onun üçün hər külək uyğundur”. Qədim Roma filosofu və dövlət adamı Seneka bu sözü Miladdan çox öncə deyib. Ancaq bizim bu günümüz üçün bir başqa biçimdə və çox anlamlıdır. Bu gün biz millət və dövlət olaraq hara və haraya qədər, kiminlə, necə və başlıcası niyə getdiyimizi bilirik. Senekanın dediyi kimi, hansı limana çatmaq istədiyimiz bəllidir və heç bir kənar təsir, təzyiq, hətta təhdid bizi hədəfdən yayındırmır.

Şəxsən mənim özümdə bu qənaət Prezident, Ali Baş Komandan İlham Əliyevin bu gün xalqa müraciətindən sonra daha da möhkəmləndi. Prezidentin müraciəti ilə bağlı anons veriləndə artıq üçüncü dəfə (indi isə ABŞ-ın çağırışı və vasitəçiliyi ilə) humanitar atəşkəs qüvvəyə minmişdi. Doğrudur, dərhal da Ermənistan bu atəşkəs anlaşmasını da pozmuşdu. Ancaq dostlardan biri proqnoz verdi ki, bu dəfə Prezident qalıcı atəşkəsə razılaşıb və xalqa da bunu açıqlayacaq. Bu fikri bölüşməsəm də, belə bir perspektivi tam istisna edə də bilmədim. Prezidentin müraciətini dinlədikcə, nəinki qalıcı atəşkəsə gedildiyini gördük, əksinə qarşımızda son npqtəyə - çatmaq istədiyi limana daha inamla və daha qətiyyətlə gedən bir gəminin kapitanı vardı. Bu, xalqı çox sevindirdi. Çünki bu gün bütün itkilərə, çətinliklərə baxmayaraq, döyüşdən deyil, atəşkəsdən qorxan bir xalq var. Oğlu şəhid gedən anaların: "Amandır, ordumuz dayanmasın" deməsi var. İnsanlarımız başladığımız işin yarımçıq qalmasından, hətta bunun ən zəif ehtimalından belə qorxur. Bu narahatlığın bir səbəbi də hələ də dünyanın böyük güclərinin Ermənistanı aşkar-gizli silahlandırması, maliyyə, siyasi, logistik və sair formalarda dəstək verməsi, eyni zamanda Azərbaycana qarşı çeşidli təzyiq, təhdid, şantaj sovurmasıdır. Ona görə açıq demək lazımdır ki, hər dəfə Prezidentin xalqa müraciəti olanda cəmiyyətin müəyyən hissəsi əlini ürəyinin üstünə qoyaraq həyəcanla dinləyir; bəlkə geri çəkilməyə məcbur qalmışıq deyə təlaşa düşür. Ancaq hər dəfəsində ölkə rəhbəri skeptikləri yaxşı mənada daha da təəccübləndirir. Bu günə qədər xalqı narahat edən suallar vardı. Xalqla Prezident arasında qiyabi sual-cavab var. Birinci sual belə oldu:

- Biz 2016-cı ildəki kimi dayana bilərik, ya sona qədər gedəcəyikmi?!

Cavab: Bizim işimiz haqq işidir. Sona qədər gedəcəyik. Bütün torpaqlarımızı düşmən işğalından azad edəcəyik.

Sual: Böyük dövlətlərin, müəyyən dairələrin təzyiqi və təhdidi bizi çəkindir bilərmi?

Cavab: Heç bir təzyiq, təhdid, şantaj bizi yolumuzdan döndərə bilməz. İndiyədək bizi reallıqlarla hesablaşmağa çağıranlar indi bizim yaratdığımız reallıqlarla hesablaşsınlar.

Sual: Biz buütün olanlardan sonra əvvəlki şərtlərlə sülhə razı olarıqmı və Qarabağ ermənilərinə xüsusi status verə bilərikmi? Əvvəlki status-kvonu bizə yenə də diqtə edə bilərmi böyük güclər?

Cavab: Biz status-kvonu dəyişdirdik. Heç bir əvvəlki status kvo yoxdur. Təmas xətti də yoxdur. Qarabağda heç bir referendumdan söhbət gedə bilməz. Bizə əvvəl 5, sonra 2 rayonun qaytarılmasını təkkif edən Minsk Qrupu da getsin başqa bir şey fikirləşsin; o dedikləri 5 rayonun 4-nü biz özümüz azad etmişik. Üstəlik Aöoğlanı (Hadrut qəsəbəsini). Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum (27 il icrasız) qalan qətnamələrini özü icra edir. Minsk Qrupu həmsədrləri də bizə kömək etmək istəyirsə, mane olmasın yetər. Ermənistanı silahlandırmağı dayandırsınlar, bizə yetər.

Sual: Bəs dayandırmasalar, üstəlik müdaxilə etsələr, necə olacaq?

Cavab: Özləri bilsinlər. Silahlandırsalar da, biz o silahları da ya vuracağıq, ya da tutub Ermənistanın əlindən alacağıq. Kənardan müdaxilə edən olsa da, qarşılarında F-16-ları görərlər...

Suallar çoxdur, hər birinə də cavablar var. Prezidentin xarici media orqanlarına müsahibələri də, çıxışları da, müraciətləri də təkcə dünyanın deyil, həm də və öncə xalqın suallarına verdiyi cavablardır.

Bu ana qədər Azərbaycan dövləti Qarabağ problematikası ilə bağlı heç bir sualı cavabsız qoymayıb. Hər cür suala, ən çətin, hətta ən qərəzli, bəzi hallarda böhtan, şantaj xarakterli suallara belə cavabımız var. Tək ona görə yox ki, bu gün döyüş meydanında da, diplomatiya masasında da düşməndən güclüyük. Əsası ona görə ki, bu hekayənin zərərçəkəni bizik və ədalət bizim tərəfimizdədir. Dünən nəyi deyirdiksə, bu gün onu təsdiqləyə bilərik və təsdiqləyirik. Düşmənə baxsaq, bir sözü o birini tutmur. Dünən deyirdi ki, münaqişənin hərbi həlli yoxdur, bu gün deyir, diplomatik həlli yoxdur. Və yaxud: bir yandan "münaqişənin diplomatik həlli yoxdur" deyir, o biri yandan yad paytaxtlardan atəşkəs çağırışı umur, masaya qayıtmaq istəyir. Masaya gəlir, söz verir, dərhal da verdiyi sözü özü ayaqlayır. Belə bir namərd düşməni bəlkə də tarix görməyib. Ancaq bu da bizim duruşumuzu pozmayıb ki, çox önəmlidir.

Sonda bir fikrimi də vurğulayım ki, əslində ötən il oktyabrın 29-dan - yad paytaxtların siyasi lakeylərini siyasi-inzibati ierarxiyasından təmizləməyə başladıqdan bəri Azərbaycan öz dövlət müstəqilliyini bir daha qazanmaqdadır. Eyni proses xüsusi xidmətlərdən tutmuş hüquq-mühafizə sisteminə, hərbi strukturlara qədər bütün strateji nöqtələri əhatə edib. Qarabağın işğaldan azad olunması bu prosesin ağıllı davamı və məntiqi nəticəsidir. Biz siyasi iradəmizi yad paytaxtın qaba diqtəsindən azad edirik; bu, sadəcə, Qarabağ məsələsi deyil. Biz təkcə 4,4 min kvadrat kilometrlik ərazini deyil, bütövlükdə dövlətimizi özümüzə qaytarırıq. Bu gün şüarımız belədir: "Qarabağ- Azərbaycandır". Qələbdən sonra "Azərbaycan - müstəqil, qalib və bütöv Azərbaycandır" deyə biləcəyik. Bu, pafos deyil, reallığa çox yaxındır. Və real perspektivdir.

Bahəddin Həziyev

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »