Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: “Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”
Prezident: “Bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”

“1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradıldı. Minsk Qrupunun fəaliyyəti göz qabağındadır”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Minsk Qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər: “Faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və 3 ölkə bu məsələ ilə məşğul olmağa başlayıb. Amma bunun nəticəsi oldumu? Olmadı, bizim üçün olmadı! Ermənistan üçün oldu. Elə Ermənistan bu nəticəni istəyirdi. İstəyirdi ki, daima danışıqlar getsin, daima bizim başımızı aldatsınlar. Dondurulsun bu məsələ, əbədi əsarət altında qalsın bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız! Bəs nədir Minsk Qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım ki, əgər məsələnin həllini görmək istəyirsinizsə, Ermənistana sanksiyalar tətbiq edin, sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə də bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların mövqeləri üst-üstə düşür. O da maraqlı məsələdir. Nə təhər olur ki, bütün başqa məsələlərdə - nüvə silahları məsələsi, Yaxın Şərqdə vəziyyət, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı məsələdə bunların maraqları üst-üstə düşür? Heç birində, ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edir. Təbii ki, bu ölkələri və ilk növbədə Ermənistanı qane edir”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan işğal altındakı torpaqlarda qanunsuz məskunlaşma aparır: “Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Onlara bir söz deyən yoxdur ki, niyə qanunsuz məskunlaşdırma aparırsan, özü də bunu nümayiş etdirirsən, ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada? Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam et, gətir, nə qədər istəyisən, gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil! Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”.

Son xəbərlər
Bütün xəbərlər »