Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər
ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər

2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri Rusiya, ABŞ və Fransatərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır.

Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdır.

TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdir. Lakin həm-sədr ölkələr bunun qəbul edilməz olduğunu bildirmişlər.

Həm-sədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid etmişlər.

Bundan sonra həm-sədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişlər.

Son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həm-sədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn.

Həm-sədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. TŞ qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Həm-sədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar.

TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilmişdir. Hər üç həm-sədr ölkə qətnamələrin lehinə səs vermişdir.

Bəs nəyə görə həm-sədr ölkələr TŞ qətnamələrindən bu qədər qorxurlar?TŞ qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar?Belə münasibət əslində özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir.

TŞ qətnamələrində Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer almışdı. TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi.TŞ qətnamələri nəyə görə 27 ildir ki kağız üzərində qalır?Nəyə görə işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur?

Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmadı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi.

Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk Qrupunun həm-sədr ölkələridir. Baş verənlər Minsk Qrupunun həm-sədrlərinin Azərbaycan cəmiyyətində niyə qıçıq və qəzəb yaratdığını aydın surətdə izah edir. Azərbaycan cəmiyyəti həm-sədrlərdən yorulub və bezib.

TŞ tamamilə mənasız bir quruma çevrilib. Dünyada TŞ qədər anti-demokratik bir qurum yoxdur. TŞ daimi üzvlərinin girovuna çevrilib. TŞ-nin daimi üzvləriancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar.

Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?

QH ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.

Bəzən bir sıra müxalifət nümayəndələri “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nın sədri seçildi. Prezident İlham ƏIiyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.

Ədalətsiz bəyanatın qəbul edilməməsi, QH-na üzv ölkələrin dəstəyiPrezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »