Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük güclərə kəskin mesajlar
Böyük güclərə kəskin mesajlar

Prezident xarici təzyiqlərlə bağlı xalqla açıq danışdı

Prezident xalqla hər şey haqqında açıq danışdı. Uğurlar haqqında da, çatışmazlıqlar haqqında da. Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirədəki çıxışında Ali Baş Komandan bir neçə məsələ haqda gerçəyi ortaya qoydu.

Gerçəklərdən biri budur ki, döyüşlər çətin şəraitdə gedir; hazırkı hərbi əməliyyatların aparıldığı relyef buna qədərkindın çox fərqlidir. Düzənlik ərazilərdəki mövqelərimizdən dağlıq və yüksək dağlıq mövqelərə çatmışıq. Əməliyyatlar ümumən plan üzrə getsə də, Azərbaycan ordusu çox qısa müddətdə çox iş görsə də, Ali Baş Komandan müəyyən yubanmaların olduğunu da vurğuladı. Bu, ordu qarşısında yeni döyüş tapşırıqlarını mümkün olduqca daha qısa zaman ərzində yerinə yetirmək vəzifəsinin qoyulduğunu göstərir. Bu da o deməkdir ki, döyüş bölgələrində hərbi əməlliyyatların intensivliyi daha da artacaq və döyüş üstünlüyü Azərbaycan ordusunun tərəfində olduğu üçün tezliklə azad olunmuş ərazilər haqda yeni xəbərlə alacağıq.

İkinci gerçək haqqında Prezident Ermənistana havadarlıq edən xarici güclərin Azərbaycana göstərdiyi pressinqə çox kəskin reaksiya bildirdi: “Bunların dərdi-azarı indi Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”. O, ad çəkməsə də, ilk növbədə vasitəçi dövlətləri nəzərdə tuturdu. Məlumdur ki, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasına Ermənistanın xeyrinə olan bəyanat layihəsi çıxarmışdı. Həmin layihədə Azərbaycan torpaqlarının azad edilməsi, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı BMT TŞ-in 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinad edilmirdi. Bu, təbii ki, Azərbaycanı qane etmirdi və edə də bilməzdi. Həmin bəyanatın əsas məqsədi BMT TŞ-dan bölgədə qalıcı atəşkəslə və mümkün olsa, sülhməramlı qüvvələrin yeridilməsi ilə bağlı qərara çıxmaq idi. Ancaq Azərbaycan qalıcı atəşkəsdən, yəni döyüşün dayanmasından daha çoxunu, daha effektiv olanını – müharibənin dayanmasını təklif edir (əslində haqlı tərəf olaraq tələb edir). Bu da Ermənistanın bütün qoşunlarını Azərbaycan ərazisindən çıxarması nəticəsində mümkündür. Prezident dünənki müşavirədə xüsusi olaraq onu vurğuladı ki, döyüşlər təkcə cəbhə xəttində silahla aparılmır, həm də siyasi arenada mübarizə gedir və orda da qələbəmiz də var, çətinliklərimiz də var.

BMT

Siyasi səhnədə gedən mübarizədə ən böyük qələbələrdən biri BMT TŞ iclasında Fransanın və Rusiyanın təklif etdiyi (əslində diqtə etməyə çalışdığı) bəyanatın qəbul edilməməsi oldu. Azərbaycanla Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, eləcə də, Avropa strukturlarında tərəfdaş, həmfikir olan dövlətlər bəyanatı blokladılar, qəbul edilməsinə imkan vermədilər. Bu, Azərbaycanın uzun illər, hətta onulliklər ərzində apardığı siyasi-diplomatik işin nəticəsidir. Ancaq əsas çətinliklər də budur ki, dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən, münaqişəni beynəlxalq hüquq çərçivəsində həll etmək öhdəliyi olan vasitəçilər necə olursa-olsun, atəşi dayandırıb Ermənistanı düşdüyü rüsvayçı məğlubiyyətdən qorumağa çalışır. Xüsusilə, işğalçıya həm siyasi dəstək, həm də yeni, ən müasir silahlar verən (satan yox, məhz pulsuz verən) Fransa və Rusiya daha çox fəallıq edirlər. Üzdə neytrallıq göstərsələr də, reallıqda tamam başqa mövqe tuturlar. Bununla belə Azərbaycanın siyasi-hərbi rəhbərliyi öz iradəsini bir daha və qəti şəkildə ortaya qoydu. Cəmiyyətə və dünyaya verilən mesaj budur: Azərbaycan öz torpaqlarını işğalçıdan təmizlımək üçün sonadək qərarlıdır. Bunu etmək çətin olacaq, amma olacaq. Prezident müharibənin dayandırılması və işğalçının xilası üçün xaricdən edilən siyasi təzyiqlərə qarşı dövlətin və millətin iradəsini dünənki müşavirədə bir daha ortaya qoydu.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »