Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa edildi
Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa edildi

Ermənistanın işğalçılıq siyasəti bu dəfə CNN televiziyasında ifşa olundu. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də tanınmış xanım aparıcı Kristin Amanpura müsahibə verib.

Müsahibə başlamamışdan əvvəl qısa şərh verən aparıcı Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu bildirir. Beləliklə, müsahibəyə başlamazdan əvvəl tamaşaçıları problemin mahiyyəti barədə məlumatlandırmış olur.  Daha sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun fikirlərindən sitat gətirərək ölkəmizin mövqeyini, BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrini diqqətə çatdırır.

Zöhrab Mnatsakanyan Zöhrab Mnatsakanyan

Mnatsakanyan isə beynəlxalq hüquq müstəvisindən deyil, sadəcə, boş fikirlər səsləndirir və guya dinc ermənilərin müharibə zamanı qətlə yetirildiyini bildirir. Elə həmin anda Gəncədə mülki obyektlərə atılan atəş nəticəsində dağılmış evlərin görüntüsü yayımlanır. Bu, erməni nazirin uydurma iddialarına ən tutarlı cavab olur.

Aparıcı yenidən BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını səsləndirir və 2008-ci il martın 14-də BMT Baş Assambleyasının iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbul olunduğunu xatırladaraq, sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının və azərbaycanlı əhalinin öz evlərinə geri qayıtmasının tələb olunduğunu qeyd edir.

Kristin Amanpur daha sonra baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatına istinad edərək bunun Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi niyyətindən xəbər verdiyini deyir və bu millətçi açıqlamanın nəyə hesablandığını soruşur. Erməni nazirin suala konkret cavab vermədiyini görən aparıcı xanım Amanpur bir daha “Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi?” sualını verir. Müsahibə boyu cavablarında obyektiv yanaşma sərgiləməyi bacarmayan nazir bu suala cavabında da Paşinyan fikirlərinin gah kontekstdən çıxarıldığını dedi, gah da dolayısı yolla bu açıqlamanın beynəlxalq hüquqa zidd olduğunu etiraf etmiş oldu.

Bu müsahibə bir daha göstərdi ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın iddialarının heç bir hüquqi əsasının olmadığını qəbul edir və bu ölkənin işğalçılıq siyasətinə son qoymasını tələb edir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan “HardTalk” verilişinə və BBC-nin müxbiri Conah Fişerə müsahibələrində də beynəlxalq hüququ tapdadıqlarını, aqressiv siyasət yürütdüklərini nümayiş etdirmişdi. (azərtac)

Son xəbərlər
Bütün xəbərlər »