Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünənki və sabahkı status söhbətləri
Dünənki və sabahkı status söhbətləri

Və ya “Dağlıq Qarabağ” ifadəsini unutmaq nədən lazımdır?

Dağlıq Qarabağ coğrafi anlayışdır, inzibati deyil. Siyasi heç deyil. Bu anlayış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən gəlir. DQMV 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb. Yəni müttəfiq respublika rəhbər orqanı öz ərazisinin bir hissəsinin xüsusi – muxtar statusu haqqında qərar verib.

Qərar siyasi baxımdan yanlış olsa da, hüquqi prosedurlara tam uyğun olub. Yəni Dağlıq Qarabağ müstəqil bir subyekt olmayıb, yaxud o zamankı Ermənistan SSR-in də tərkibində deyildi. Bu baxımdan, Azərbaycanın müttəfiq respublika olaraq suveren hüquqları çərçivəsində öz ərazisinə dair istənilən qərarı vermək səlahiyyəti var idi. Bu hüququndan siyasi yanlşlıqla istifadə edib. Və 1981-ci il iyunun 16-da ikinci böyük siyasi yanlışa imza atılıb – Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib, DQMV-nin səlahiyyətlərini genişləndirib; sonuncu rəsmi status bu qanunla müəyyənləşib. 1987-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişə başlanandan sonra 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bu vəsadəti Azərbaycan tərəfi qəbul etmədi- Azərbaycanın razılığı olmadan onun inzibati sərhədləri dəyişdirilə bilməzdi. DQMV Ermənistana verilməli olsaydı, bununla bağlı əvvəlcə Azərbaycan SSR Ali Sovetinin ərazini vermək barədə qərarı olmalıydı. Sonra Ermənistan SSR Ali Soveti ərazini qəbul etmək barədə qərar verməli idi. Daha sonra bunu hər iki respublikanın o zaman tərkibində olduğu İttifaqın Mərkəzi – SSRİ Ali Soveti öz qərarı ilə təsdiq etməli idi. Ancaq nə baş verdi?

Təbii ki, DQMV-nin Azərbaycanın tərkibindən çıxmasının ikinci bir proseduru yox idi; Vilayətin qərarı ilə bu mümkün deyildi. DQMV hər iki respublikanın rəhbərliyinə vəsadət verə bilərdi ki, onu da vermişdi. Bununla Vilayətin hüquqi baxımdan edə biləcəyi bir şey qalmamışdı. Azərbaycan bu vəsadəti, təbii ki, rədd etmişdi. Hətta SSRİ Ali Soveti 1989-cu ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətinin ləğv edilməsi və birbaşa Azərbaycan SSR-in tərkibinə qatılması haqqında qərar qəbul etmişdi. Ancaq Ermənistan və Qarabağdakı erməni separatçıları bu qərarı tanımamış – 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və rəsmi statusu belə olmayan Qarabağ Milli Şurası birgə iclas keçirərək SSRİ Ali Sovetinin qərarını əsassız hesab etmiş və Dağlıq Qarabağın Ermənistana birləşdirildiyini açıqlamışdılar. Təbii ki, Ermənistan SSR Ali Sovetinin belə bir qərar vermək səlahiyyəti yox idi. “Qarabağ Milli Şurası” deyilən qurumun səlahiyyətindən isə danışmağa dəyməz, çünki onun heç bir rəsmi statusu olmayıb. Belə bir statusu ona Azərbaycan SSR verməyib. Yəni həm Dağlıq Qarabağın Azərbaycandan ayrılması, həm də Ermənistana birləşdirilməsi haqqında heç bir hüquqi əsası olan qərar yoxdur. Üstəlik, Azərbaycan 1991-ci ildə Müstəqillik Haqqında konstitusiya Aktını qəbul etdikdən sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə “DQMV haqqında” Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub, qüvvədən düşüb. Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər. Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb. Yəni artıq Mingəçevir və ya Sumqayıt necə respublika tabeli şəhərdirsə. Xankəndi də elədir. Neftçala necə respublika tabeli rayondursa, Şuşa rayonu da o cür. Bir sözlə, artıq əvvəldə dediyim kimi, 29 ildir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti deyə bir hüquqi status yoxdur, Dağlıq Qarabağ deyə inzibati anlayış qalmayıb. Siyasi anlayış isə heç ola bilməz. Bütün bu səbəblərdən “Dağlıq Qarabağ” anlayışını biz siyasi və yaxud hüquqi müzakirələrdə işlədə bilmərik, bu sırf coğrafi bir anlayışdır. Heç ermənilər özləri də “Dağlıq Qarabağ” ifadəsini işlətmirlər, onlar işğal etdikləri ətraf 7 rayonla birlikdə bu əraziyə Artsax deyirlər (ki, o da əslində qədim türk toponimindən gəlir).

Füzuli şəhəri Füzuli şəhəri

Məsələyə başqa tərəfdən də yanaşaq: Şirvan coğrafi bölgəsinin də Kürdəmir, Ucar, Zərdab kimi aran və Şamaxı, İsmayıllı və sair kimi dağlıq hissələri var. Ancaq biz yalnız iqtisadi rayonlaşmanı bildirən Dağlıq Şirvan anlayışından istifadə edirik. Eləcə də, eyni məzmunda Yuxarı Qarabağ anlayışı var. Dağlıq ərazidə yerləşən İsmayıllı da, arandakı Kürdəmir də eyni inzibati status daşıyır – hər ikisi respublika tabeli rayondur. Eyni şey Qarabağın dağlıq və aran bölgələrinə də aiddir. Nə üçün biz Dağlıq Qarabağa ayrıca bir muxtariyyət statusu verməliyik?! Yalnız ona görə ki orda etnik qrup olaraq ermənilər yaşayır?! Ona qalsa, ölkəmizdə yaşayan bəzi azsaylı xalqların sayı Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin sayından çoxdur.

Ermənilərdən başqa heç kimin belə bir xüsusi status tələb etmək istəyi də, ehtiyacı da yoxdur – bu gün həmin xalqların nümayəndələri Ermənistan işğalına qarşı döyüşmək üçün həm hərbi xidmətə çağırış əsasında, həm də könüllülük prinsipi ilə ordumuza qatılırlar və qəhrəmancasına savaşırlar. Buna görə də, düşünürəm ki, Azərbaycan ərazisində yaşayan ermənilərə hansısa bir ayrıcalıq tanımaq Azərbaycanın bütövlüyü üçün savaşan hər kəsə, o cümlədən, o azsaylı xalqlara da bir növ haqsızlıq olar. Zamanında sülh danışıqları gedərkən müzakirələrdə bu təkliflər olub, hətta referendum söhbərtləri də ortaya atılıb; Azərbaycana qəbul etdirməyə cəhdlər edilib, ancaq indi vəziyyət dəyişib. Sülh danışıqlarında belə ayrıcalıqlar haqda danışanların öz “məntiq”i və məqsədləri vardı. İndi ordumuz qanı, canı bahasına bu əraziləri sökə-sökə Ermənistan qoşunlarından alırsa, hansı xüsusi statusdan söhbət edə bilərlər?! Onların buna hüquqi əsası da, siyasi haqqı da yox idi. İndi mənəvi haqlarını da tamamilə itirdilər.

Qarabağ da Şirvan, Muğan kimi aranı ilə, dağı ilə bir bütündür. Zatən ermənilər də həm də ona görə Aran Qarabağı işğal etmişdilər. Təkcə bufer zona olaraq deyil. Aranı məskunlaşdırmağa çalışırdılar, əkin-biçin, heyvandarlıq üçün istifadə edirdilər. Çünki bu coğrafiyanın aranı olmadan dağlıq hissəsi, dağı olmadan aran hissəsi ayrılıqda – bir-birindən təcrid olunmuş yaşaya bilməzdi. Çünki əkin-biçin üçün yararlı torpaqlar arandaydı. Dağlıq bölgənin əhalisi kənd təsərrüfatı məhsulları üçün bir bazar idi. Eynilə aranda heyvan bəsləyənlər yayda sürülərini dağlara qaldırırdılar, yoxsa yayda aranda heyvan qızdırırdı. Eynilə qışda dağ kəndləri öz heyvanlarını arandakı qışlaqlara endirirdi. Qarabağ bütövlükdə bir həyat ukladı idi; dağlıq və aran ayrı-ayrılıqda normal iqtisadi-sosial orqanizmlər olaraq var ola bilməzdilər. Hələ-hələ bu hissələrdən biri müstəqil dövlət heç ola bilməzdi, ola bilmədi də. Ermənistanın dövlət kimi baş tutmadığı bir coğrafiyada onun balaca klonu necə dövlət olacaqdı?! Bu, tam bir nonses olardı (hələ beynəlxalq hüquqi, geosiyasi tərəfləri bir yana qalsın).

Bütün bunlara görə, əvvəla, “Dağlıq Qarabağ” ifadəsini öz leksikonumuzdan çıxarmalıyıq; “Dağlıq Qarabağ” dedikcə, bu bölgənin sanki hansısa siyasi-hüquqi ayrıcalığını təhtəlşüura yeritmiş oluruq. İkincisi, bu bölgəyə hansısa hüquqi-inzibati ayrıcalıq tanımamalıyıq – muxtariyyət statusu verməməliyik. Hətta əgər öz iradəmizlə ölkəmizin bu hissəsinə nə zamansa, hansısa muxtar statuslu ayrıcalıq tanısaq (ki, buna lüzum görmürəm), bunu məqsdəduyğun bilsək, yenə də biz Qarabağı bir bütün olaraq götürməliyik – dağlıq və aran hissələrə ayırmadan. O halda əhali tərkibi də uyğun olacaq – demoqrafik üstünlük sığortası təmin ediləcək. Baxın, Qarabağın dağlıq və aran hissələrində yaşayan azərbaycanlılar nəinki Qarabağda, bütün Azərbaycan ərazindəki ermənilərin sayından çoxdur. Bu iki Qarabağ müharibəsində bölgədən qaçıb getmiş ermənilərin geri qaytarılması zamanı onların Azərbaycan bayrağı altında yaşamağa razılıq verməsi əsas şərtdir. Kim bu dövlətin vətəndaşlığını qəbul etmirsə, Qarabağ üzərində suverenliyini tanımırsa, onun Azərbaycan ərazisində yaşamağa nə hüquqi əsası var, nə də mənəvi haqqı. Əgər qarşı tərəf bu məsələni qaldırırsa və beynəlxalq birlik də buna dəstək verirsə, o zaman Ermənistandan zorla çıxarılıb qovulmuş yüzminlərlə azərbaycanlıların hüquqları da tanınmalıdır.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »