Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qələbənin cənub cinahı
Qələbənin cənub cinahı

Zəngilan əməliyyatının görünən və görünməyən tərəfləri

Zəngilan şəhəri, eləcə də, Zəngilanın, Füzulinin, Cəbrayılın xeyli kəndi işğaldan azad olundu. Çox sevindurici xəbər oldu. Füzulinin və Cəbrayılın ardınca Zəngilanın da işğaldan azad olunması İkinci Qarabağ Müharibəsinin ən mühüm döyüş tapşırıqlarından idi. Çünki bu rayonlar İranla Azərbaycanın sərhəddində yerləşirlər. Bu üç rayonu 1993-cü ildə işğal etməklə Ermənistan İran İslam Respublikası ilə Azərbaycan Respublikasının bütün sərhədlərinə nəzarət etmək kimi çox iddalı məqsədə qismən nail olmuşdular.

O zaman Azərbaycanı Müstəqil Dövlətlər Birliyinə qatılmağa məcbur etmək üçün Moskvadan İrəvana belə bir tapşırıq verilmişdi. Rusiyanın xarici kəşfiyyatına bağlı olan “ Nezavisimaya qazeta”nın hərbi şərhçisi (əslində kəşfiyyat zabiti) Pavel Felqenhauer öz məqalələrinin birində Rusiya rəsmi dairələrinin bu planına eyham da vurmuşdu; etibarlı mənbə Felqenhauerin qələmindən bu təhdid mesajını Azərbaycanın o zamankı rəhbərliyinə göndərmişdi. İran da prosesləri böyük maraqla izləyirdi; hadisələrin bu cür inkişafı Tehrandakı məlum dairələri də təmin edirdi. Əgər Azərbaycan rəhbərliyi MDB-yə daxil olmaq barədə qərar verməkdən imtina etsəydi, erməni-rus birləşmələrinin bütün Araz boyu irəliləyərək Azərbaycanın İranla bütün sərhəddini işğal etməsi gündəmdəydi. Təsəvür edin ki, Zəngilan, Füzuli, Cəbrayıl rayonlarından davam edərək düşmənin Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Astara olmaqla bütün sərhədboyu əraziləri işğal etmək kimi planı vardı və bu, reallaşsaydı (Azərbaycanla İranın arasına “erməni zolağı” daxil olsaydı), “Dənizdən dənizə Böyük Ermənistan” avantürasının birinci mərhələsi baş tutmuş olardı. O zaman Naxçıvan tam blokadaya düşürdü və onu Azərbaycandan tamam qoparmaq asanlaşırdı.

Düzdür, sonrakı mərhələ üçün İran və Rusiyanın B planları vardı; Tehran cənub bölgəmizə özü nəzarət etmək, yaxud bu əraziləri özünə birləşdirmək istəyəcəkdi. Moskva isə o ərazilərin bir hissəsindən erməni qoşunlarını çıxararq Naxçıvan da daxil olmaqla Azərbaycanın İranla, eləcə də, Türkiyə ilə bütün sərhəddinə rus sərhədçilərinin və Qarabağa “sülhməramlı” mandatı ilə Rusiya ordusunun yeridilməsini nəzərdə tutmuşdu. Azərbaycan MDB-yə daxil olmaqla bu planı – “Kozırev-Qraçov” avantürasını dayandırmış oldu. 1994-cü ilin ortalarına qədər Yeltsin Rusiyası Azərbaycanın İranla və Rusiya ilə, eləcə də, təbii ki, Ermənistanla (ən pis halda bu ölkənin özü tərəfdən) sərhəddinə öz sərhədçilərini yerləşdirməkdə israr etmişdi. Yeri gəlmişkən, bu qorxulu perspektivə etiraz mitinqinə rəhbərlik etdiyinə görə 1994-cü ilin mayında keçmiş xarici işlər naziri Tofiq Qasımov Rusiyanın təkidli basqıları ilə Azərbaycan Milli Məclisində deputat mandatından məhrum edilmişdi.

Yəqin indi bir çoxlarına aydın oldu ki, sonradan Vətənə xəyanətdə ittiham olunmuş Ələkrəm Hümbətovun komandanlıq etdiyi briqada o zaman niyə qəflətən Füzuli rayonundakı strateji yüksəklikləri ermənilərə döyüşsüz buraxaraq çıxıb getdi. Həmin bölgəni strateji olaraq yaxşı tanıyan hər kəs Qacar kəndinin və şəhərin ətrafındakı yüksəkliklərin necə əhəmiyyət daşıdığını yaxşı bilir. Yəqin ki, nə zamansa AMİP lideri Etibar Məmmədovun batolyonunun da o bölgəni qəflətən niyə tərk etməsinə də aydınlıq gətiriləcək.

Füzuli cəbhənin cənub cinahında açar bölgədir. 1993-cü il yay-payız aylarındakı hadisələr də göstərdi ki, tək Füzuli şəhərinin və sərhədəyaxın kəndlərin işğalı avtomatik olaraq Cəbrayılın, eləcə də, Qubadlının və Zəngilanın süqutuna səbəb oldu. İndi gördüyünüz kimi, bu cinahda azadetmə əməliyyatları da eyni ardlcıllıqla aparıldı. Həmin rayonların Azərbaycanın qalan ərazisi ilə bağlantısı Füzuli rayonundan keçir. 1993-cü ildə Füzuli və Cəbrayıl, eləcə də, Qubadlı işğal olunduqda Zəngilan mühasirəyə düşdü; Zəngilan əhalisi əksərən Araz çayından keçməklə İran ərazisi ilə xilas ola bildi. Zəngilanda ikinci Xocalı ola bilərdi. Bu üzdən bu gün, əvvəla, Zəngilanın azad olunması ilə İran sərhəddi boyu işğal olunmuş Azərbaycan əraziləri Ermənistanın nəzarətindən çıxarıldı; Azərbaycan-İran sərhəddi tam olaraq Azərbaycanın nəzarətinə qaytarıldı. Xudafərin körpüsünə bayraq sancılmasının bu baxımdan həm rəmzi, həm də gerçək anlamı inanılmaz böyük idi. İkincisi, Zəngilanın azad olunması ilə Qubadlıdan Laçın dəhlizinə doğru əməliyyatlar da asanlaşır. Və nəhayət, gələcək planda Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən kommunikasiya dəhlizi də Füzuli, Cəbrayıl və Zəngilandan keçməklə reallaşa bilər. Düşmən tərəfin Zəngilandan keçməklə Araz boyunca Füzuli və Cəbrayıl rayonlarına Ermənistandan yeni yol çəkmək və İranla sərhəddə yerləşən bu bölgələri xaricdən və Ermənistanın özündən gətirilən erməni ailələri ilə məskunlaşdırmaq planının anlamı da indi yəqin ki, hər kəsə aydın olur. Regionun üç böyük dövlətindən ikisində - İranda və Rusiyada Azərbaycanın bütünb cənub sərhədlərinin ermənilərin nəzarətinə keçməsində maraqlı olan qüvvələr vardı. Zaman-zaman Ermənistanın Naxçıvana qarşı da təxribatları bununla bağlı idi. İki il əvvəl Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu Günnüt əməliyyatı – Ordubaddakı mövqelərdən İrəvan-Gorus-Laçın yolunun, eləcə də, Ermənistanın Mehri rayonunda İranla sərhəddinin və iki ölkə arasında nəqliyyat kommunikasiyalarının nəzarətə götürülməsi bu baxımdan çox əhəmiyyətli idi. Bütün bu və bir çox başqa səbəblərdən Zəngilan şəhərinin və kəndlərinin, eləcə də, Füzuli və Cəbrayılın hələ işğalda qalan kəndlərinin azad olunması çox əhəmiyyətlidir. Bir sözlə, Zəngilan ərazicə nisbətən kiçik rayon olsa da, onun işğaldan azad olunmasının strateji baxımdan önəmi böyükdür. Prezident hələ iyul ayında: “Mən nəyi, nə zaman və necə edəcəyimi bilirəm” demişdi. Elə-belə sözgəlişi deməmişdi. İranla sərhəd boyunca ərazilərin işğaldan azad edilməsinə bu qədər vaxt və qüvvə sərf olunması səbəbsiz deyildi; Azərbaycanın qarşısına qoyduğu çox mühüm hədəflərin böyük bir hissədə əldə olunması deməkdir.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »