Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: Vətəndaşlar özlərini qorumaqla əsgərlərə kömək etmiş olurlar
koronavirus

"Son yoluxma sayları onu göstərir ki, rəqəmlər avqustun ortalarından bəri ən yüksək həddə çatıb. Avqustun ortalarından etibarən, sentyabrda COVID-19-a yoluxma ilə bağlı sabitlik müşahidə olunurdu. Son həftənin statistikası onu göstərir ki, sentyabrda sanki əhali arasında bir arxayınlaşma yaranmışdı. Bu da yoluxma hallarının belə kəskin artımına gətirib çıxardı. Bu səbəbdən də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimi oktyabrın 19-dan noyabrın 2-dək sərtləşdirildi. Noyabrın 2-dən sonra yeni məhdudiyyətlərin tətbiqinə və ya yumşaldılmalara gedilməsinə dair qərar birbaşa vətəndaşlardan asılıdır".

Bizimyol.info xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsinin müdiri Xanım Məlikova deyib.

Şöbəsinin müdirinin sözlərinə görə, COVID-19-a yoluxmadan qorunma tədbirləri çox sadədir: "Vətəndaşlardan yalnız fiziki məsafəni saxlamaları, əl gigiyenasına riayət etmələri və maska taxmaları tələb olunur. Maska taxılması qapalı məkanlarda xüsusi vacibdir. Açıq havada isə sıxlıq olan yerlərdə maska taxmaq zəruridir. Maskanın düzgün taxılması da önəmlidir. Həmin qaydalara riayət etmək asandır. Kimsə bilmir ki, xəstəliyi hansı səviyyədə keçirəcək. Ona görə də qaydalara əməl etmək və özünü qorumaq tövsiyə olunur.

Hər il Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına əsasən, oktyabrın birinci həftəsindən aprelin ortalarına kimi qrip mövsümü elan edilir. Hər il olduğu kimi bu il də kəskin respirator xəstəliyə yoluxma hallarında artım olması gözləniləndir. Sadəcə bu, səhiyyə sisteminə düşən yükü artıra bilər. Kimsə bilmir ki, qripə yoluxarkən onu necə keçirəcək. Qrip xəstəliyinin də özünün ağırlaşmaları var. Hazırda bu il ilk dəfə olaraq ölkə rəhbərliyinin göstərişi ilə respublikaya qrip əleyhinə vaksinlər gətirilib. İlkin mərhələdə bu vaksinlərin tibb işçilərinə və risk qrupundan olan, xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub. Sonrakı mərhələlərdə isə adi vətəndaşlara da vurulacaq. Əlbəttə ki, vaksinasiya məcburi xarakter daşımır, könülü olaraq hər kəs sahə üzrə təhkim olunduqları poliklinikalara müraciət edərək vaksini vurdura bilər”.

Bakı şəhəri üzrə seroloji tədqiqatlar sona çatdırılıb: “Hazırda tədqiqatların nəticələri ilə bağlı məlumatlar da var. Lakin məlumatlar təhlil mərhələsində olduğu üçün yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq. Gəncə şəhərində mövcud vəziyyətlə əlaqədar seroloji tədqiqatların aparılması dayandırılıb. Sumqayıtda isə davam etdirilir. Seroloji testlər sonrakı karantin rejimi tədbirlərinin sərtləşdirilməsi və ya yumşaldılması qərarlarına təsir edə bilər.

Koronavirusa yoluxub sağalan şəxsin ikinci dəfə yoluxmayacağını düşünməsi, arxayınlaşaraq maska taxmaması yanlışdır. Dünyada ikinci dəfə koronavirusa yoluxmanın münkünlüyünü göstərən bir neçə fakt var. Azərbaycanda da təkrar yoluxma hadisəsi qeydə alınıb. Dünya praktikasına əsasən ikinci dəfə yoluxarkən xəstəlik daha ağır keçir. Ona görə də yoluxub sağalanlar da qorunma tədbirlərinə əməl etsinlər, maska taxsınlar, həm özlərini, həm də ətrafdakıları qorusunlar.

Bu gün iki cəbhədə vuruşuruq. Ön cəbhədə əsgərlərimiz, arxa cəbhədə isə həkimlərimiz mübarizə aparır. Mən inanıram ki, hər bir vətəndaşımız hansısa bir formada ön cəbhəyə kömək etmək istəyir. Vətəndaşlar özlərini qorumaqla, qaydalara əməl etməklə əsgərlərə kömək etmiş olurlar. Vətəndaşlar düşünməlidirlər ki, xəstəlik orduya sızsa, nələr ola bilər. Bununla yanaşı, əsgərlərimiz də döyüşərkən arxayın olmalıdırlar ki, ailələrinin sağlamlığı ilə bağlı problem yoxdur. Bu da onların yüksək ruhla vuruşub qələbə qazanmalarına müsbət təsir edər.

Özündə hər hansı bir xəstəlik simptomları müşahidə edənlər mütləq sahə həkiminə müraciət etsinlər. Sahə həkimi həmin şəxsin qrip və ya koronavirus olduğunu müəyyənləşdirəcək. Belə ki, sahə həkiminin göstərişi ilə onlar yaxma nümunəsi verilməsinə cəlb olunacaqlar.

Uşaqların COVID-19-a yoluxmadığı, yoluxarkən isə yüngül keçirdiyi deyilirdi. Lakin yaşından asılı olmayaraq, hər kəs həmin virusa yoluxa bilər. Heç kim arxayınlaşmasın ki, xəstəlik bitib. Hazırda pandemiya davam edir. Mütləq şəkildə qaydalara əməl olunması tövsiyə edilir”, - deyə TƏBİB rəsmisi bildirib.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »