Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hələ qazanılacaq çox qələbə var
Hələ qazanılacaq çox qələbə var

Yadınızdadır, bir zamanlar imkanlı adamlarımızın xeyriyyəçilik damarı tutanda məscid tikirdi. Xüsusilə, Rusiyada yaşayanlar. Hətta Zərdablı bir iş adamı haqqında eşitmişdim; öz kəndində ata evi uçulub dağılırdı. Ancaq Mingəçevirdə məscid inşa etdirmişdi. Məlumdur; dinə qayıdış Sovet dövründə dağıdılmış məscidlərin, ibadət evlərinin tikilməsini, köhnələrinin bərpasını tələb edirdi. Bu da zamanında anlayışla qarşılandı. Hərçənd məktəb, xəstəxana tikənlər, demək olar, yox idi. Ya da bu işlə dövlət özü məşğul olurdu deyə...

Bu gün hər şey Qarabağ üçündür. Bakı da, Gəncə də - bütün şəhərlərimiz, kəndlərimiz əslində Qarabağdır. Bütün ölkənin var olub-olmaması Qarabağın azadlığından keçir. Eləcə də, dini inanclarımıza bağlılığımız. Ermənilər işğal altında olan Qarabağdakı məscidlərdə donuz, inək saxlayırdılar. Təkcə milli hisslərimizi deyil, dini inanclarımızı da təhqir edirdilər. Bu gün həmin o təhqirləri Azərbaycan əsgəri onların özlərinə bir-bir yedirir, bu, öz yerində. Mənim altını cızmaq istədiyim məsələ başqadır. Bu gün dövlətimizin də, millətimizin də, dinimizin də, maddi, ya mənəvi sahib olduğumuz hər şeyin taleyi Qarabağda həll olunur. Düşmən yeni ərazilər zəbt etməyə iştahlanmışdı – bilirsiniz. Dünən Xocalıda, bu gün Gəncədə uşaqlarımızı qətl edənlər, Allah eləməmiş, sabah eyni əməlləri başqa şəhərimizdə, kəndimizdə törətməzdimi?! Bu gün Şuşada məscidi tövləyə çevirənlər sabah imkanları olsaydı, başqa bölgələrimizdə də eyni cür davranmazdımı?! Bax, o üzdən biz bu gün hamımız Qarabağlıyıq.

Son 30 ilə yaxın müddətdə ermənilər Qarabağda hansı vəhşilikləri törətmişdilərsə, keçən əsrin əvvəllərində eyni əməlləri Bakıda, Şirvanda, Qubada, Naxçıvanda... törədirdilər. Elə həmin bu Qarabağda da, Gəncədə də törədirdilər. Heç də uzaq tarix deyil. Onlar bu vəhşilikləri kimin əmri və dəstəyi ilə edirdilər – hamıya yaxşı bəllidir. Bu gün də heç nə dəyişməyib (Hər nə qədər pərdələmək istəsə də).

Deməyim odur ki, əgər biz Qarabağda erməni-rus işğalına qarşı savaşırıqsa, bu, o deməkdir ki, həm də Bakı üçün, Şəki üçün, Gəncə üçün, Şirvan üçün, Quba üçün – bütün Azərbaycan üçün savaşırıq. Vətən müharibəsi gedir. Və dünən qazancından ayırıb məscidlər, ibadətxanalar inşa edənlərimiz, zənginlərimiz, dünyanın dörd bir yanında, o cümlədən, elə həmin Rusiyada yaşayan imkanlı adamlarımız gərək bu gün Qarabağa, əsgərimizə, qazimizə, əsgər ailəsinə, şəhid ailəsinə, müharibədən zərər çəkmiş, evləri dağılmış insanlara öz köməyini göstərsinlər. Demirəm ki, etmirlər. Ancaq daha çox kömək etmək, dövlətin yükünü yüngüllətmək lazımdır. Görüləcək çox işimiz var hələ. Qazanılası çox qələbələrimiz var.

Məscid tikilməsinə qarşı deyiləm. İnanclı insanlarımız, ümid edirəm, məni düzgün anladı. Bu gün apardığımız müharibə də müqəddəs savaşdır. Ədalət uğrundadır, haqq davasıdır. “Sizə qarşı savaşanlarla savaşın” deyir Rəbbimiz. Kərbəla çölündə yaşananlar nə idisə, bu gün bizim Qarabağda apardığımız dava da eyni dərəcədə haqq davasıdır.

Kafir olmaq başqa dinlərə, başqa inanclara mənsub olmaq deyil. Kafir olmaq İlahi nizama, tək olan Allahın buyruqlarına – haqqa qarşı çıxmaqdır. Başqasının olanı, başqa xalqın torpağını zorla əlindən almaq, yurdundan-yuvasından didərgin etmək, soyqırıma məruz qoymaq, işgəncə vermək, malını-mülkünü talamaq, dini inancını və milli qürurunu aşağılamaq... bunlar kafirliyin ta özüdür. Biz kafirlərə qarşı savaşırıq. Düşmən məscidləri dağıdır, təhqir edir, eyni zamanda kilsələr tikib orda. Alban məbədlərini belə öz adına çıxıb erməni kilsəsi kimi təqdim edirlər. Ancaq nə qədər kilsəsi olursa-olsun, kafirdir ki var. Onları torpağımızdan qovmaq Allah qarşısında da borcumuzdur.

İnanın ki, bu müqəddəs savaşda bir əsgərimin gözlərini güldürmək, bir yetimin qarnını doyurmaq, bir şəhid ailəsinin kədərini bölüşmək savabların ən böyüyüdür (Hə, qardaş Türkiyə bizi ilk gündən bu haqq davamızda dəstəklədi. Ancaq adında və dövlət quruluşunda islam olan başqaları bizə badalaq vurdular. Buna da zamanı gələndə İlahi ədalət qarşısında cavab verəcəklər – bundan əminəm).

Bizə düşən nədir? Bu davada hər kəsin əlini daşın altına qoyması. Hər kəsin bacardığı kimi, gücü çatan qədər haqq davamıza dəstək olması. Şükürlər olsun, ordumuz qələbədən qələbəyə gedir. Dövlətimizin iradəsi, əsgərimizin gücü, xalqımızın birliyi var, irəli gedirik. Allah eləməmiş, Qarabağı uduzmaq hər şeyi uduzmaq olardı. Bizim isə qalib gəlməkdən başqa bir şansımız və yolumuz yoxdur. Allahın köməyilə qalib gəlirik və gələcəyik də. Buna şübhəm yoxdur. Sadəcə, imkanı çatan hər kəsin daha çox dəstək olması lazımdır. Biz bu gün gücümüz çatan qədər olanımızı paylaşsaq, bunun qat-qat çox əvəzini alacağıq. Həm maddi, həm mənəvi. Ən başlıcası da, etdiyimiz xeyirxahlığın qarşılığında... VƏTƏN alacağıq. Daha nə olsun ki?!

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »