Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgər anası: "Oğlumun toyunu Cıdır düzündə edəcəm"
Əsgər anası: "Oğlumun toyunu Cıdır düzündə edəcəm"

“Əsgər anaları ilə görüş” silsilə yazılmın ilk qəhrəmanı Adilə Heydərovadır. Əri 20 il öncə rəhmətə gedib. Oğlu Talehi tək başına böyüdüb. Kimsəyə möhtac olmasın deyə çalışıb, çabalayıb. Maraqlı peşəsi var Adilə xanımın. Sürücü işləyib.

Əslən Ordubaddandır. Bakıda yaşayır. Oğlunun 27 yaşı var. Taleh hərbi xidmətə gedənə qədər fəhlə işləyib. Adilə xanım bu günə qədər gördüyüm ən pozitiv insandır.

“Qohumlarımız Qarabağ uğrunda 6 şəhid verib. Hamısı bizimdir. Amma torpaq qansız,qadasız alınmır ki. Balam könüllü yazılıb əsgər getdi. Dost tanışlar mənə deyir, qorxmursanmı, niyə imkan verdin, gözünün ağı qarası bir oğlundur. Dedirəm iki oğlum olsa fərq edərmi? İnsanın hansı barmağını kəssən canı eyni dərəcədə yanır. Amma getməsə, döyüşməsə kişi olmaz. O sabah mənim üzümə, sevdiyi qızın üzünə necə baxacaq? Bir gözüm ağlayır biri gülür. Dünən Füzuli alındı, bu yandan da Gəncə faciəsi. Elan vermişəm, nömrəmi qoymuşam. Evim onlara qurban , kimin ehtiyacı var gəlsin. Nəyim var onlarla bölüşəcəm. Mən makaron yeyəcəm onlar da makaron yeyəcək. Müvəqqəti çətinlikdir. Bilirəm ki, alınacaq hər yer. Əhdim var e, balamın toyunu Cıdır düzündə edəcəm. Belə görürəm elə bütün cavanlarımız orda toplu toy edəcək. Pandemiyada toyları təxirə düşənlər, təzə kimisə gözaltı edənlər. Taleh balamın da sevdiyi qız var. Görürəm kədərli statuslar paylaşır. Darıxır. Deyirəm etmə balam, mənim balam da gələcək, başqa anaların da balaları gələcək”.

Adilə ana danışdıqca gözləri yaşarsa da üzü gülümsəyir. Qarşında eyni anda həm ana, həm də ata görürsən. Mehriban, mərhəmətli, pozitiv, cəsur, ürəkli, gülərüz. Bəri başdan deyirəm. Xoş Talehin xanımı olacaq qzın halına. Nə gözəl qaynanası var. Bir zarafat edirəm gülür. “Adilə xanım, cənnətdə min illərdi iki taxt boş qalıb Ən yaxşı qayanana ilə ən yaxşı gəlin yeri. O deyəsən sizin taxtınız olacaq”. Gülür. “Yox, mən onun anası olacam, qaynanası yox ki. Ona görə o taxtı mən də tutammayacam”.

Çox danışdıq Adilə anayla. Söhbəti boyu oğlundan bəhs etdi, müharibədən, döyüşlərdən, səsi titrəmədən, təbəssümlə. Yalnız bir anda qəhər boğdu bu gözəl, ürəyi Azərbaycana bənzəyən ananı. “Mən ordubadlıyam, əzizlərimin məzarları işğal altında olsa buna dözməzdim, ölərdim. Hiss edirəm qaçqın və köçkünlər nələr yaşayıblar.

Döyüşə könüllü yazıldı, Taleh. Yola salanda səhər saat 6 idi. Getdim, səfərbərlik xidmətinin qarşısına, özünə deməsəm də ürəyim , narahat idi. Dövlət 100 nəfər çağırmışdısa, orda bəlkə 2-3 min gənc oğlan, kişi var idi. Hamısı biz də gedirik, getmək istəyirik deyib sipər çəkmişdilər sinələriylə. Ürəyim dağ boyda oldu, elə rahatladım, bildim ki, onların arasında mənim oğluma heç nə olan deyil. O getməsə, mən utanardım. Şəhid olsa, biləcəm ki, bu alın yazısıdır. Oğul vətəni, namusumuzu, bizi qorumaq üçündür. Allah qorusun onu da bütün balalarımızı da. Sağ salamat gəlsin Mənə belə oğulun anası olmaq şərəfini yaşatdığı üçün Talehə sağ ol deyirəm, orda döyüşən bütün balaların alnından öpürəm”, deyir.

Mən də aslan ürəkli , əsl kişi, vətən oğlu yetişdirən Azərbaycan Anasının əllərindən öpürəm. Taleh kimi döyüşlərə qatılmış bütün igidlərimizin ailələrinə sağ salamat dönməsini arzu edirik. Vətən çağırdı, getdiniz, igidlər, sağ salamat dönün . Bilin ki, gözü yolda qalan var.

Qarabağda talan var

İgidlərə salam var

Gedirsən, tez qayıt gəl

Gözü yolda qalan var.

İlhamə Rəsulova

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »