Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emmanuel Makronun ermənilərə dəstəyinin arxasındakı diasporun rolu
Emmanuel Makron

2020-ci il sentyabrın 30-da Fransa prezidenti Emmanuel Makron Latviyaya səfəri çərçivəsində baş tutan mətbuat konfransı zamanı çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə toxunaraq Azərbaycan tərəfini sərt şəkildə tənqid edib. Fransa prezidenti eləcə də Türkiyə tərəfini işğal olunmuş Azərbaycan torpaqlarının Azərbaycan tərəfindən “yenidən zəbt edilməsində” iştirak etdiyi üçün ittiham edib və Ermənistana öz dəstəyini bildirib.

1. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti kimi E.Makronun bu cür çıxışı obyektiv sayılmamaqla yanaşı bu, Fransa prezidentinin Ermənistana ilk dəstəyi deyil.

2001-ci ildən Fransanın qondarma “erməni soyqırımı”nı tanıması ilə bərabər məhz E.Makronun 10 aprel 2019-cu il tarixli qərarına əsasən 24 aprel ölkədə qondarma “erməni soyqırımının anım günü” elan edilib

2. Lakin E.Makronun erməni sevgisi onun prezidentliyindən əvvəlki dövrdən başlayır. O, hələ prezidentliyə namizədliyini irəli sürdüyü vaxtdan etibarən erməni diasporu ilə sıx münasibət qurmağa başlayıb. 2017-ci ilin fevral ayında E.Makron erməni icmasının ənənəvi ziyafətində iştirak etmək dəvətini qəbul etməsə də, 24 aprel tarixində prezident seçkiləri ərəfəsində o, Parisdə qondarma “erməni soyqırımı” abidəsinə baş çəkib, Fransada qondarma “soyqırımının anım günü”nü təsis edəcəyinə söz verib. Həmin addımla E.Makron erməni diasporunun, o cümlədən Fransada ermənilərə məxsus ən böyük təşkilatı olan Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurası (Coordination Council of Armenian organizations of France) dəstəyini qazanıb. Belə ki, 28 aprel 2017-ci il tarixində təşkilatın həmsədrləri Murad Papazyan və Ara Toranyan prezident seçkilərinin 2-ci turunda erməni icmasının E.Makronu dəstəkləyəcəyini bildiriblər.

3. 2018-ci ildən başlayaraq E.Makron sözügedən təşkilatın təşkil etdiyi ənənəvi ziyafətlərə qatılmağa başlayıb, dəfələrlə erməni diasporuna öz dəstəyini ifadə edib.

4. Qatıldığı ilk ziyafət zamanı erməni icmasına Fransada qondarma “erməni soyqırımı” qurbanlarının milli anım gününün qeyd olunacağına söz verib. Həmçinin CCAF-ın

rəhbərliyi E.Makronu Azərbaycanın işal olunmuş torpaqlarına səfər etməyə dəvət edib, lakin bununla bağlı E.Makron yalnız Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra erməni diasporunun nümayəndələri ilə birlikdə Dağlıq Qarabağa səfər edə biləcəyini açıqlayıb. Bütün hallarda erməni diasporunun nümayəndələri E.Makronun bu fikrini qondarma rejiminin “müstəqilliyinə” dəstək kimi qəbul ediblər.

Nəhayət, CCAF-ın 2019-cu ilin fevral ayında keçirilən ənənəvi ziyafət gecəsi zamanı E.Makron 24 aprel tarixini qondarma “erməni soyqırımı”nın milli anım günü elan edib. Həmin addım Türkiyə tərəfindən ciddi şəkildə pislənib.

5. Bu il yanvarın 29-da keçirilən ziyafət zamanı isə E.Makron bir qədər də irəli gedərək Fransanın Ermənistana dəstək olmağa, mütəmadi olaraq Ermənistana pul ayırmağa borclu olduğunu açıqlayıb.

6. Fransa Erməni Milli Komitəsinin (ANC France) İdarə Heyətinin üzvü Hratç Varjabedyanın bildirib ki, həmin tədbirdə E.Makronun iştirakı və səsləndirdiyi fikirlər həm erməni məsələlərin təbliğatı, həm də Azərbaycan Respublikasına məhsul və silahların satılması mövzusunun müzakirəyə çıxarılması nöqteyi-nəzərdən ermənilər üçün vacibdir.

Fransa prezidenti 2018-ci ilin 11-12 oktyabr tarixlərində Yerevanda keçirilən Frankofoniya sammitinə də qatılıb. Fransa prezidenti səfər zamanı fürsətdən istifadə edərək qondarma “erməni soyqırımı”nın qurbanlarına həsr olunmuş Tsitsernakaberd abidəsinə də baş çəkib. Sammitin açılış mərasimində çıxış edərkən E.Makron Fransada tarix boyu ermənilərin bu ölkəyə böyük töhfəsinin olduğunu bildirib, qondarma “soyqırımı”nın qurbanlarını yad edib. Səfər zamanı E.Makronun Ermənistan baş naziri Nikol Paşinyanla əslində Azərbaycan musiqisi motivləri altında səsləndirilmiş “erməni musiqi”sinə rəqs etməsi bu şəxsin Ermənistana öz çıxarları naminə siyasi dəstəyi ilə yanaşı bu xalqa daxili rəğbətini göstərir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi adətən Fransa prezidentləri “balans” naminə regiona səfər zamanı hər iki ölkəyə (Azərbaycan və Ermənistan) baş çəksə də Makronun nəinki bunu etməməsi və hətta prezident seçildikdən bu yana Azərbaycana səfər etməməsi digər diqqət çəkən məqam və ya “erməni qardaşlarını” incitməmək cəhdi kimi qiymətləndirilə bilər.

Qeyd etmək lazımdır ki, Fransanın sabiq prezidenti Fransua Olland da erməni diasporu ilə sıx əməkdaşlıq edib, qondarma “soyqırımı” məsələsində ermənilərə dəstək verməyə söz verib. Bu da 2012-ci ildə Fransada erməni diasporunun F.Ollandın namizədliyinin dəstəkləməsi ilə nəticələnib. Lakin buna baxmayaraq, hələ 2012-ci ildə deputat Valeri Buaye (Valérie Boyer) tərəfindən irəli sürülən və sonra Konstitusiya Şurası tərəfindən rədd edilən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin F.Ollandın prezidentliyi dövründə qəbulu mümkün olmayıb

7. Fransa erməni diasporunun sayına görə Avropa ölkələri arasında birinci yerdədir. Bu ölkədə 570-dən çox erməni təşkilatı fəaliyyət göstərir. Bunların arasında ən nüfuzlu Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurasıdır (CCAF). Həmin təşkilat mütəmadi olaraq Ermənistanla diaspor və Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma rejim arasında əlaqələrin genişləndirilməsinə töhfə verir. Belə ki, 2019-cu ili iyul ayında təşkilatın nümayəndə heyəti Ermənistana səfəri çərçivəsində baş nazir N.Paşinyanla görüşüb, Fransa-Ermənistan arasında münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də diasporun Ermənistanın inkişafında rolu, Ermənistan və qondarma rejimə dəstəyi mövzularını müzakirə ediblər.

CCAF öz növbəsində Fransanın hakimiyyət nümayəndələri ilə əlaqə quraraq, erməni məsələlərini Fransada geniş təbliğ edir. Eyni zamanda Fransanın hakimiyyət nümayəndələri ölkədə geniş yayılmış erməni diasporunun dəstəyindən istifadə edərək öz mövqelərini gücləndirirlər. E.Makron da məhz öz sələflərinin təcrübəsindən yararlanaraq seçkiqabağı kampaniya zamanı erməni diasporu ilə əməkdaşlıq etməyə başlayıb.

E.Makronun Ermənistan-Azərbaycan münaqişəsində Ermənistan tərəfinin dəstəkləməsi məsələsinin kökündə həm də Fransa ilə Türkiyə arasında yaranan soyuqluq dayansa da görünür ki, erməni diasporunun bu məsələdə rolu heç də az deyil. 2022-ci ildə Fransada keçiriləcək on ikinci prezident seçkiləri ərəfəsində E.Makronun mövqeyinin zəifləməsi onun ölkədə yaşayan milli azlıqların dəstəyini qazanması zərurətini daha

da artırıb. Buna görə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırkı gərgin vəziyyətdə Fransa prezidentinin ermənilərin müdafiəçisi qismində açıq çıxış etməsi onun üçün əlverişlidir və növbəti seçkiqabağı kampaniyada xal qazanmağa hesablanıb. Erməni diasporunun nümayəndələri isə E.Makrona yaxınlığı ilə bilinən Fransada Erməni təşkilatlarının Koordinasiya Şurasının hər bir qərarını icra etməyə hər zaman olduğu kimi indi də hazırdırlar.

Roza Əsgərova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, məsləhətçi

Yazıda əks olunmuş fikirlər müəlliflərə məxsusdur və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mövqeyini əks etdirməyə bilər.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »