Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəli Qasımov: "Qarabağ gec-tez bizə qayıdacaq"
Vəli Qasımov: "Qarabağ gec-tez bizə qayıdacaq"

Azərbaycan millisinin sabiq futbolçusu, AVRO-2020-nin Bakı üzrə səfiri Vəli Qasımovun "Report"a müsahibəsini təqdim edirik.

- Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 9 nəfər həlak oldu, 34-ü isə yaralandı. Gəncəli keçmiş futbolçu kimi buna münasibətinizi bilmək istərdik...

- Bu, insanlıq deyil. Hamı bilir ki, mülki əhaliyə raket atmaq olmaz. Tək Gəncə deyil, digər rayonlarımız da atəşə tutulub. Xeyli sayda adam ölüb, yaralılar çoxdur. Aralarında uşaqlar da var. Nə isə demək, fikir bildirmək çox çətindir. Deməyə söz tapmıram. Allah ölənlərə rəhmət eləsin, yaralılara isə şəfa versin. Əslində Moskvadakı son görüşdə atəşkəslə bağlı razılıq əldə olunmuşdu. Amma ermənilər ondan sonra hətta tibb maşınlarını da atəşə tutublar. Bu, düzgün hərəkət deyil.

- Sizcə, ermənilər bu cür hərəkətləri ilə nə etmək istəyirlər: Belə hadisələr Azərbaycan xalqını qorxuda bilər?

- Bunların hamısı təxribatdır. Onsuz da bu yolla bizə heç nə edə bilməzlər. Güclü Ordumuz var. İnanıram ki, gec-tez Qarabağ bizə qayıdacaq.

- Yəqin ki, Gəncədə qohumlarınız, yaxınlarınız var. Onlarla əlaqə saxlamısınız? Şəhər camaatında əhval-ruhiyyə necədir?

- Qardaşım, dost-tanışlar Gəncədə yaşayır. Şükürlər olsun, hər şey yaxşıdır. İnsanlar şəhəri tərk etməyiblər, hamı öz yerindədir. Belə şeylərə görə heç kim Gəncəni atıb gedən deyil.

- Dünya futbolunda tanınan simalardan birisiniz. Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner həyatı yaşamısınız və sözügedən ölkələrdə kifayət qədər tanışlarınız var. Sizin kimi insanların səsi beynəlxalq ictimaiyyətə daha tez çatır. Son vaxtlar ermənilərin Azərbaycana qarşı törətdiyi təxribatları dünyaya çatdırmaq üçün hansı işləri görmüsünüz və ya planlaşdırırsınız?

- Rusiya və İspaniyada tanışlarım var. Onlarla əlaqəm qalıb. Hər birinə Qarabağın Azərbaycan məxsus olduğunu demişəm. Düzdür, nə vaxtsa itirmişik, amma bu gün geri qaytarmaq üçün vuruşuruq. Bu cür məlumatları hər yerdə yayıram.

- Əcnəbi KİV-lərdən müsahibə üçün sizə müraciət edən olubmu və ya özünüz təşəbbüs göstərmisinizmi?

- Açığı, Avropa mediasına heç nə demək istəmirəm. Çünki təxribatçı suallar olur. Baxır, kimlərə cavab verirsən. Əsas odur ki, yaxın dostlarımın hamısı Qarabağın Azərbaycan torpağı olması ilə bağlı paylaşım edirlər. Bu da mən tərəfdən dəstəkdir.

- Dostlarınız dedikdə, kimləri nəzərdə tutursunuz?

- Onların arasında futbolçular da var, futboldan kənar insanlar da. Amma ayrı-ayrılıqda ad çəkmək istəmirəm.

- AVRO-2020 ilə bağlı hazıqlıq işləri necə gedir: Mövcud vəziyyət çempionatın Bakıda keçirilməli olan oyunlarının taleyini sual altında qoya bilərmi?

- Açığı, bu gün nə isə demək çətindir. Biz oyunların burada keçirilməsini istəyirik. Çünki hazırlıqlar əla gedirdi. Amma hazırda bütün diqqət cəbhədədir. Müharibəyə baş qarışıb. Bu mənada, proqnoz vermək mümkün deyil.

- UEFA məsələ ilə bağlı yerli Təşkilat Komitəsinə hər hansı məlumat verərək, mövqeyini bildiribmi?

- Yox, hələ UEFA ilə danışıqlar getmir. Sadəcə, milli komandaların və klubların ev oyunlarının neytral meydanda keçirilməsi müzakirə olunur. Gələcəkdə nə olacağını zaman göstərəcək. İnanırıq ki, hər şey bizim üçün yaxşı qurtaracaq və oyunlar Bakıda olacaq.

- Koronavirus pandemiyası ilə bağlı AVRO-2020-nin oyunlarının azarkeşsiz ola biləcəyi iddia edilir. Bu məsələ nə yerdədir?

- Bu barədə hansısa yenilik yoxdur. Bir ara yoluxma sayı kəskin azalmışdı. Amma yenə də görürük ki, say artır. İnsanlar özlərini nə qədər qorusalar, bir o qədər yaxşıdır. Belədə virusa yoluxma azalar. Düzdür, futbol azarkeşlər üçün oynanılır. Tribunalar dolanda oyun da maraqlı keçir. Biz öz tərəfimizdən hər şeyi edirik ki, insanlar stadionlara qayıtsın və öz sevimli yığmalarını dəstəkləsin.

- Avropa çempionatının oyunlarını azarkeşsiz təsəvvür etmək nə dərəcədə mümkündür?

- Doğrudan da vəziyyət çətindir. Bəzi ölkələr azarkeşləri stadionlara buraxır, bəzilərində isə qadağa davam edir. Bizim özümüzdən də çox şey asılıdır. Şəhərə çıxanda bir çoxlarının maskadan istifadə etmədiyini görürük. Halbuki bunu etmək lazımdır. Məsələyə nə qədər ciddi yanaşsaq, o qədər müsbət nəticələr əldə edərik.

Son xəbərlər
Bütün xəbərlər »