Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşsizlikdən sığorta bir çox ölkələrdə tətbiq olunur"
Lakin qanunun tətbiqi mexanizmləri olduqca yaxşı hazırlanmalıdır

İyunun 13-də Parlamentin növbədənkənar iclası zamanı "İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirə olunub. Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. H.Rəcəbli bildirib ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub. Deputat bildirib ki, sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: "Bununla da, işsizliyə görə müavinət 2016-ci illə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq”.

Müzakirə zamanı millət vəkili Qüdrət Həsənquliyev isə qanunun qəbuluna ehtiyac olmadığını deyib. Deputat etirazını belə əsaslandırıb ki, qanun sığorta təşkilatlarına pul qazandıracaq: "Qanun layihəsində qeyd olunub ki, sığorta ödənişi alan bir şəxs iki dəfə iş təklifindən imtina edəcəksə, o, işsizliyə görə müavinət hüququndan məhrum olacaq.

Azərbaycan əhalisinin gəlirlərinin 49 faizi vergi və sosial sığorta haqlarının ödənilməsinə yönəldilir. Bu çox yüksəkdir. Məhz buna görə də "qara mühasibatlıq” var və sahibkarlar işçiləri ilə əmək müqaviləsi bağlamaqda maraqlı deyil. Hesab edirəm ki, onlar işsizliyə görə müavinət ödəməli olsalar, bu halların sayı daha da artacaq”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov qanunun qəbul edilməsi ilə bağlı fikirlərini "Şərq”lə bölüşüb. Ekspert sığorta fondlarının yaradılmasının müsbət olduğunu bildirib. Onun sözlərinə görə, qanunun praktiki və tətbiqi mexanizmlərinin hazırlanıb işlənməsinə ehtiyac var ki, bu biznesə mənfi təsir göstərməsin:

"Qanunun qəbul edilməsinin müsbət və mənfi tərəfləri var. İşsizlikdən sığorta əksər ölkələrdə tətbiq edilən bir metoddur və əsasən inkişaf etmiş ölkələrdə belə bir praktika var. Burada məqsəd ondan ibarətdir ki, vətəndaş işini itirdikdən sonra yeni iş tapana kimi sığorta fondu tərəfindən ona ödənişlər olunsun. Təbii ki, burada əsas məqsəd sosial problemlərin yaşanmasının qarşısını almaqdan ibarətdir. Vətəndaş işləyir və işini itirir, bundan sonra isə artıq həmin fonddan ödəniş ala bilir. Layihənin qəbul edilməsi bu baxımdan müsbətdir. Lakin qanunun tətbiqi mexanizmləri olduqca yaxşı hazırlanmalıdır”.

V.Bayramov həmçinin deyib ki, müzakirə edilən qanun layihəsi işə götürən və işsiz olan şəxs üçün hər hansı bir sosial ağırlıq yaratmalı deyil.

İqtisadçının sözlərinə görə, işə götürən tərəf sığorta ilə bağlı fonda müəyyən ödənişlər keçirəcək:

"Bu isə sahibkarların işçi ilə müqavilə bağlamaq marağını azalda bilər. Sahibkar fikirləşə bilər ki, "əmək müqaviləsi bağlayıram, eyni zamanda ödəniş edirəm”. Sahibkarın xərci artdığı üçün məsələ qeyri-leqal şəkildə - əmək müqaviləsi olmadan işsizlərin sayını artıra bilər. Bu baxımdan da təbii ki, mexanizmlərin dəqiq dəyərləndirilməsinə ehtiyac var.

Qanun layihəsi işçi üçün də problem yaratmalı deyil. Çünki sığortaya görə işçinin əmək haqqından tutulursa, bu, ona müəyyən çətinliklər yarada bilər. Ona görə də çox vacibdir ki, qanun layihəsi sahibkarın əmək müqaviləsiz işçilər işlətməyini stimullaşdırmasın və işçinin xərcini artırmasın” .

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› “Ermənistanın KTMT-yə sədrliyi bu təşkilatı Azərbaycana qarşı çevirməyə kömək etməyəcək”
››› İki polis zabiti narkotikə görə həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »