Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə yazırlar: Azərbaycan xalqı bu gün tarixi ədaləti bərpa edir
İlham Əliyev

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyiqələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Vətəndaşlar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

Bizimyol.info xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur.

İsmayıllı rayonundan Xalidə Əhmədova bildirib: “Möhtərəm, cənab Prezident, Sizin yerində verdiyiniz qərarlar və ordumuzun göstərdiyi şücaət nəticəsində illərdir arzusunda olduğumuz torpaqlar növbə ilə geri qayıdır. Bu münasibətlə Sizi təbrik edir, gələcəkdə də verdiyiniz qərarlarda Sizin yanınızda olacağımı diqqətinizə çatdırıram. Bir İsmayıllı gənci, Azərbaycan gənci olaraq verdiyiniz qərarlara görə Sizə təşəkkür edirəm”.

***

Bakıdan Nərgiz Rəhimli yazır: “Cənab Prezident İlham Əliyev, ölkəmizin hər gün inkişaf etməsi hər kəsə məlumdur. Biz bu gün tarixi qələbənin astanasındayıq. Bütün Azərbaycan xalqı sevinc və fəxr hissi keçirir. Bütün bunlar sizin uzaq görən siyasətinizin nəticəsidir. Azərbaycan ordusu çox çətin bir missiyanın öhdəsindən gəlir. Bu sizin mükəmməl ordu quruculuğu siyasətinizin ən bariz nümunəsidir. Bu gün rahatlıqla və heç nədən çəkinməyərək sizin sayənizdə deyə bilirik ki, "Qarabağ Azərbaycandır!". Mən bütün bunlara görə özümün və ailəmin adından sizə dərin minnətdarlığımı bildirirəm. Allahdan sizə və ailənizə uzun ömür arzulayıram. Tanrı sizi və bütün Azərbaycanı qorusun”.

***

Qax şəhərindən Sona Süleymanova cəbhədən gələn şad xəbərlərdən sevindiyini bildirib: “Hörmətli cənab Prezident, mən, 1992-ci il sentyabrın 15-də Ağdərə uğrunda gedən döyüşlərdə Qax şəhərindən şəhid olan Namiq Şükür oğlu Allahverdiyevin anasıyam. Hörmətli Prezident, cənab Ali Baş Komandan. Son günlər cəbhədən gələn şad xəbərlər, Sizin televiziya vasitəsilə xalqa müraciətiniz hər bir azərbaycanlı kimi məni də çox sevindirir. Bir şəhid anası kimi sizin tutduğunuz mövqeyi və Qələbə əzminizi dəstəkləyir və alqışlayıram. Cənab Prezident 30 ildir övladlarımızın qanı tökülmüş o torpaqların gözü yoldadır. Siz bu torpaqlara yol açdınız. Mənim ən böyük arzumdur ki, Qarabağ işğaldan azad olunsun və igid oğullarımızın qanı tökülən torpaqlarımıza gedim. Oğlumun şəhid olduğu yer - Ağdərənin Çıldıran yüksəkliyinin qarşısında diz çöküb şəhidlərin ruhuna rəhmət diləyim ki, onların da ruhu şad olsun. Cənab Ali Baş Komandan mən Sizindən Qələbə!, Qarabağ Azərbaycandır!, Qarabağ bizimdir! deyə xalqımıza səslənməyinizi gözləyirəm. Amin inşallah”.

***

Ağcabədi rayonundan Anar Rzayev da ordumuzun uğurlarından qürur hissi keçirdiyini qeyd edib: “Hörmətli cənab Prezident, bu gün qətiyyətlə bildirirəm ki, mən də Sizinlə fəxr edirəm. Siz bizim başımızı ucaltdınız. Buna görə Sizə minnətdaram. Artıq 30 ildir xalqımızın həsrətlə gözlədiyi gün Sizin qətiyyətli mövqeyiniz, siyasi bacarığınız və cəsarətli addımlarınız hesabına gəlib çatmışdır. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunun formalaşmasını, onun xaricdə nüfuzunun artmasını təmin etmişdir. Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başladığı uğurlu əks-hücum əməliyyatını dəstəkləyir, Ordumuzun uğurlarını hər bir azərbaycanlı kimi biz də sevinc və qürur hissi ilə alqışlayırıq. İnşallah, Ordumuz tezliklə Qarabağı mənfur düşmənlərdən azad edər və biz gözəl Şuşamızda, Cıdır düzündə və bütün azad olunan torpaqlarımızda qələbə bayramını qeyd edərik. Allah Sizə uzun ömür, cansağlığı versin. Mən Sizinlə fəxr edirəm və qürur duyuram. Ulu Tanrı Ali Baş Komandanımızı, Azərbaycan xalqını qorusun. Yaşasın Azərbaycan Ordusu!”

***

Gəncə şəhərindən Vaqif Mirzalıyev ölkə başçısının haqq işində əsgər olmağa hazır olduğunu bildirib: “Möhtərəm cənab Prezident, düşmən təxribatına əks-hücumla cavab verilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi barədə əmriniz vaxtında qəbul olunmuş qərardır. Bütün xalqımız kimi biz də səfərbər olaraq, bu müqəddəs haqq işində Sizin əsgəriniz olmağa hazırıq.

Azərbaycan tarixən öz mərd oğulları, igid ərənləri ilə tanınıb. Sizin də adınızın Azərbaycan tarixinə “Qarabağı azad edən qətiyyətli Ali Baş Komandan” olaraq yazılacağına heç bir şübhəmiz yoxdur.

Ulu Tanrı qolunuzdan qüvvəti, sözünüzdən kəsəri heç vaxt əskik etməsin”.

***

Biləsuvardan Zərniyar Əhmədova yazır: “Hörmətli cənab Prezident! Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq və dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında görmüşük və bu gün də görürük. Cənab Ali Baş Komandan bizə yaşatdığınız bu qələbə sevincinə görə sizə qəlbən minnətdarıq. Qazanılan qələbələr təkcə silahın gücü deyil, Sizin uzaqgörən siyasətinizin, dünyada yüksək nüfuzunuzun məntiqi nəticəsidir. Mən bir Cəbrayıl rayon ziyalısı kimi gələcəyimiz olan uşaqlara Qarabağın tamamilə azad edildiyi xəbərini verməyi səbirsizliklə gözləyirəm. Sizi, Ordumuzu və Azərbaycan xalqını qazandığımız uğurlar münasibətilə təbrik edirəm. Sizinlə və şücaətli Ordumuzla fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

***

Füzulidən Hafiz Tahirov bildirib: “Möhtərəm cənab Prezident! Son günlər şanlı Azərbaycan Ordusunun işğalçı erməni təxribatlarına verdiyi tutarlı cavablar, torpaqlarımızın addım-addım düşmən tapdağından azad edilməsi , gərgin döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət bir vətəndaş kimi bizi fərəhləndirir. İşğaldan azad edilmiş Madagizdə, Cəbrayıl şəhərində və digər yaşayış məntəqələrində Azərbaycan bayrağının dalğalanması haqqında aldığımız xəbərlər bizə sonsuz sevinc bəxş edir. Əldə olunmuş qələbələr məhz Sizin uğurlu rəhbərliyinizin nəticəsidir. Hər birimiz Sizinlə qürur duyuruq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız, bənzərsiz səriştəyə malik cəsur sərkərdəmiz, bütün varlığını xalqın, dövlətin mənafeyi uğrunda mübarizəyə həsr etmiş rəhbərimiz var. Qəti əminik ki, Azərbaycan naminə atdığınız bütün addımlar kimi torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsi uğrunda Vətən müharibəsi də Sizin rəhbərliyinizlə ordumuzun nəsillərə nümunə olacaq tarixi qələbəsi ilə nəticələnəcək! Allah Sizi qorusun! Biz həmişə Sizinləyik! Eşq olsun şanlı Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

***

Balakəndən Alvina Hüseynova Prezidentlə qürur duyduğunu bildirib: “Möhtərəm cənab prezident, mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Siz çətin günlərə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcək. Hər zaman doğru qərarlarınızla xalqın yanında olduğunuz üçün Sizə təşəkkür edir və Sizinlə fəxr edirəm. Ümidvaram ki, gün gələcək Sizə təşəkkürümü və minnətdarlığımı şəxsən özünüzə edəcəyəm. Yaxşı ki bu xalqın və biz gənclərin Sizin kimi lideri var”.

***

Qusar şəhərindən Kənan Məlikov neçə illərdir Qarabağ həsrəti ilə yaşadığını qeyd edib: “Möhtərəm cənab Prezident, neçə illərdir Qarabağ həsrəti ilə yaşayırıq. Müqəddəs Vətən torpaqlarının düşmən tapdağı altında olduğu halda biz rahat ola bilmərik. Qusar rayonunun gəncləri adından bildiririk ki, ədalət uğrunda başlanan bu müharibənin torpaqlarımızın son qarışı alınanadək dayandırılmasını istəmirik.

Qusar rayonunun gəncləri adından bildirmək istəyirik ki, ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirdiyiniz siyasəti dəstəkləyirik, hər an Sizinləyik. Əmrinizlə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırıq. Şəhidlərin ruhu bizi intiqama çağırır”.

***

Lənkəran şəhərindən Əzizəli Bağırov üçrəngli bayrağımızın tezliklər işğal altında olan torpaqlarımızda dalğalanacağına əmin olduğunu yazıb: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Lənkəran ağsaqqalları, ziyalıları və əsgər anaları Qarabağda qazandığımız qələbələr münasibətilə Sizə təşəkkürlərini bildirirlər.

Əminik ki, Sizin rəhbərliyinizlə və şanlı Ordumuzun qəhrəmanlığı ilə torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacaq, Azərbaycanımızın üçrəngli bayrağı tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaq.

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır! Haqq-ədalət bizimlədir. Allah tez bir zamanda bizə Sizin rəhbərliyiniz altında qələbəni nəsib etsin.

İnanırıq ki, Azərbaycanımızın işıqlı gələcəyi Sizin rəhbərliyinizlə təmin olunacaq. Lənkəranlılar Sizi dəstəkləyir və rəşadətli Ordumuzun qələbəsinə inanırlar.

Yaşımın çox olmasına baxmayaraq, mən də hər zaman döyüşə hazıram. Sizin əmrinizlə əlimə silah alaraq cəbhəyə yollanmağa hər an hazıram. Başınız həmişə uca olsun!”

Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!”

***

Cəbrayıldan Mustafa Şirinov yazıb: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Ordumuzun apardığı əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad olunması məni hədsiz sevindirdi. Bizə bu sevinc hissini yaşatdığınıza görə Sizə şəxsən öz adımdan və bütün cəbrayıllılar adından dərin minnətdarlığımı bildirirəm.

Bu yolda Sizə və müzəffər Ordumuza yeni-yeni zəfərlər arzu edirəm.

Torpaqlarımızın işğaldan tam azad olunacağı gün lap yaxındadır. Bu haqq yolunda Sizə uğurlar, şanlı Ordumuza yeni nailiyyətlər diləyirəm.

Bayrağımızın Şuşa şəhərində dalğalanacağı günü səbirsizliklə gözləyirəm”.

***

Ağcabədidən Mehman Məmmədov bildirib: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, həm də şanlı tarixini yazırıq.

Azərbaycan xalqı bu gün tarixi ədaləti bərpa edir. Çünki Qarabağ bizim əzəli tarixi torpağımızdır.

Ədalətin bərpası yolunda mübarizədə xalqımız Sizinlədir. İnşallah, Qələbə bizimlədir. Allah bunu bizə Sizin sayənizdə qismət etdi. Hər birimiz əlinizi sıxır, Sizi bağrımıza basırıq. Qələbə bizimdir!”

***

Cəbrayıldan Mahir Məmmədov işğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi münasibətilə ölkə başçısını təbrik edib: “Hörmətli Ali Baş Komandan, Qarabağ müharibəsi əlili kimi böyük fəxarət hissi ilə sayənizdə Azərbaycanın ərazi bütövlüyü və işğal olunmuş mövqelərimizin yağılardan təmizlənməsi münasibətilə Sizi təbrik edirəm.

Ehtiyatda olan döyüşçü kimi hər an Sizin “İrəli!” əmrinizi gözləyirəm. Ölkəmiz daim ucalığa və qalibiyyətə layiqdir. Sizin kimi qeyrətli oğulların sayəsində günahsız körpələrimizin və xalqımızın qanının yerdə qalmayacağına əminik. Qazanılan qələbələr münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını, türk dünyasını təbrik edirik.

Bu Vətənə daim qürur və rəşadətlə xidmət etməyə hər an hazıram!”

***

Zaqataladan Ramazan Babayev ordumuzun mərdliyinə ürəkdən sevindiyini bildirib: “Hörmətli cənab Prezident, bir Azərbaycan vətəndaşı kimi son günlər torpaqlarımızın işğaldan azad edilməsi üçün Ordumuzun mərdliyinə, oğullarımızın vətənpərvərliyinə ürəkdən sevinirəm. Siz Azərbaycan xalqının öz torpaqlarını azad etmək iradəsini rəsmi olaraq bütün dünyaya bəyan etdiniz, “Düşməni vur!” əmrini verdiniz.

Cənab Prezidentimiz, bu gün Sizin Vətənimizin bütövlüyü, xalqımızın rifahı üçün apardığınız bütün siyasəti dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Biz hər birimiz torpağımız, dövlətimiz üçün canımızdan keçməyə hazırıq.

Sizi cəbhədəki uğurlar münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, işğal altında olan bütün ərazilərimiz tezliklə son qarışına qədər azad ediləcək. Təkcə mən yox, bütün xalqımız buna inanır. Çünki bizim Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız və yenilməz Ordumuz var.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Allah Sizi, dövlətimizi və xalqımızı qorusun!”

***

Ağdamdan Yaqut Nəsibova yazıb: “Hörmətli cənab Prezident, Azərbaycan Ordusunun qazandığı hər bir uğura görə Sizə sonsuz təşəkkür edirik. Sizin Ali Baş Komandanlığınızla, inşallah, uğurlarımız daha da bol olacaqdır.

Azərbaycan xalqı neçə illərdir ki, həsrətlə bu günləri gözləyir. Bizi bu günlərə qovuşdurduğunuza görə Sizə minnətdarıq. Siz bizim fəxrimizsiniz.

Muğanlı kənd həkim məntəqəsinin bütün işçi heyəti adından Sizə və bütün xalqıma böyük qələbə sevinci yaşamağı arzu edirəm.

Allah Sizi və Ordumuzu qorusun! Dualarımız Sizinlədir”.

***

Mingəçevir şəhərindən Aygün Əliyeva xoş xəbərlərə görə Prezidentə təşəkkür edib: “Hörmətli cənab Prezident, son günlər bütün xalqımıza verdiyiniz xoş xəbərlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan xalqı Sizin cəsarətinizə inanır və güvənir. Ağdam rayonundan didərgin düşmüş biri olaraq haqq yolunda Sizə və güclü Ordumuza yeni-yeni uğurlar arzulayıram.

İnanırıq ki, uzun illərdir həsrətində olduğumuz torpaqlarımız tamamilə mənfur düşməndən azad ediləcək və biz öz doğma yurdlarımıza qayıdacağıq.

Allah Sizi, Ordumuzu və xalqımızı qorusun”.

***

Qəbələdən Nazim Aslanov da ölkə rəhbərini dəstəklədiyini bildirib: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bütün Azərbaycan xalqı kimi Qəbələ rayonu şəhid Arzulla Rəhimov adına Yeni Dızaxlı kənd tam orta məktəbinin müəllim kollektivi və kənd camaatı Sizə və Ordumuza inanırıq. Biz Sizi dəstəkləyirik.

Bizim məktəbimiz şəhidin adını daşıyır. “Torpaq – uğrunda ölən varsa, Vətəndir!” şüarı altında vuruşmuş, Vətən uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarımızın ruhu son günlər rahatlıq içindədir.

İnanırıq ki, işğaldan azad olunmuş Suqovuşan kəndi, Cəbrayıl şəhəri və ətraf kəndləri, eləcə də Füzuli rayonunun düşməndən təmizlənmiş kəndlərinin siyahısına tezliklə bütün torpaqlarımız əlavə ediləcək, üçrəngli bayrağımız yenidən əzəli torpaqlarımızda dalğalanacaqdır!

Sizin cəsarətli bəyanatlarınız düşmənə ox kimi sancılır, bizə isə ruh yüksəkliyi verir. Biz bu gün bir cəbhənin əsgərləriyik.

Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır!”

***

Bakı şəhərindən Raqib Musayev qeyd edib: “Cənab Prezident, Siz Azərbaycan Respublikasının Prezidenti, türk dünyasının lideri, Azərbaycanın dahisi, ölməz liderimiz Heydər Əliyevin layiqli davamçısısınız.

Bu gün Ordumuzun quduzlaşmış ermənilərin zəbt etdikləri Azərbaycan torpaqlarından təmizlənməsində göstərdiyi qəhrəmanlıqlar və uğurlar bir daha sübut etdi ki, Azərbaycan xalqı heç vaxt şəhidlərinin qanını yerdə qoymayacaq, bir qarış torpağının belə düşmən tapdağında qalmasına imkan verməyəcək.

Hörmətli cənab Prezident, Siz başda olmaqla bütün xalqımı ürəkdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı naminə bütün işlərinizdə uğurlar arzulayıram.

Allah Sizi və ailənizi bizlərə çox görməsin!

Yaşasın İlham Əliyev! Yaşasın Azərbaycan!

Qarabağ bizimdir, bizim olacaq!”

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »