Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qarşı… sülh təhlükəsi
Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

Bəlkə də başlıq qəribə görünəcək. Ancaq bu yazıda bir qədər sonra “sülh təhlükəsi” ifadəsinin açması veriləcək.

…Azərbaycan ordusu Qarabağda addım-addım irəliləyir. Əvvəl də yazdığım kimi “ağıllı müharibə” modeli əsasında irəli gedir. “Ağıllı” sözünü təkcə yüksək dəqiqlikli hərbi texnologiyalara əsaslanan silahlanmaya görə işlətmədim. Həm də insan faktoruna görə. Doğru strategiya və taktikaya görə. Bəli, bizim üstünlüklərimiz var: iqtisadi, hərbi, demoqrafik (insani ehtiyatları) Ermənistanınkından daha üstündür. Bura beynəlxalq hüququ və hələ ki bizim üçün əlverişli olan beynəlxalq şəraiti də əlavə edə bilərik.

Ən başlıca faktorlardan biri (bəlkə də birincisi) Azərbaycanın daxilindəki tarazlıqdır; Qarabağ bütün cəmiyyəti bir yumruq kimi birləşdirən bəlkə də tək faktordur. Bunun da içərisində daha önəmi bir nüans var: sülh danışıqları Azərbaycan cəmiyyətinin tam çoxluğu ilə hökumət arasında uzun onillər fikir ayrılıqları yaradıb; hətta cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, Xarici İşlər Nazirliyi danışıqlarla, Müdafiə Nazirliyi isə təlimlərlə, sadəcə, vaxt ötürür. Bugünkü hadisələr göstərdi ki, diplomatiyamızla bağlı fikir (əsasən və ya qismən) doğru olsa da, Silahlı Qüvvələrlə bağlı hissədə tam yanlışlıq varmış; ordu ən azı son on il ərzində bu gün üçün hazırlanıb. Dediyim kimi, danışıqlarla bağlı cəmiyyətlə hökumət arasında müəyyən fikir ayrılıqları olmuş olsa da, müharibə ilə bağlı yox idi. Bu, təkcə ona görə belə deyildi ki, danışıqlar uzandıqca uzanırdı, zaman bizi Qarabağdan uzaqlaşdırırdı (ki, bu da var). Xalq danışıqlara ona görə isti yanaşmırdı ki, bu il sentyabrın 27-dək olan hərbi reallıqlar, status-kvo və böyük dünya güclərinin tərəflərə yanaşması (işğalçını öz adı ilə çağırmaması, əksinə işğalçı ilə işğala məruz qalanı ən yaxşı halda tərəzinin eyni gözünə qoyması, ən pisi isə münaqişənin həlli üçün güzəştləri işğalçıdan yox, işğala məruz qalandan tələb etmələri) ehtimal edilən sülhün Azərbaycan üçün apriori əlverişsiz, hətta təslimçi olacağına əmin idi.

Əslində buna hökumət də əmin idi (ki, bu günə hazırlıq görüb). Elə üç vasitəçi dövlətdən biri olan Fransanın bu gün sərgilədiyi mövqe də aydın göstərir ki, Azərbaycana qarşı necə bir “sülh” təhlükəsi varmış. Bizi o yerə gətirib çıxarıblar ki, Azərbaycan insanı sülhdən daha çox qorxur, nəinki müharibədən. Çünki Qarabağı qaytarmağlın bir yolunu görür. Bu məsələdə “Qarabağ probleminin hərbi həlli yoxdur” deyən məlum beynəlxalq dairələrlə Azərbaycan cəmiyyətinin fikri üst-üstə düşməyib. Yeri gəlmişkən, Ermənistan hökumətləri də hər zaman münaqişənin hərbi həlli olmadığını deyirdi. Bunların arasında Nikol Paşinyan hökumətinin fikri daha əcaib və təhlükəli idi. “Siyasətin küçə adamı”nın konsepsiyası belə idi: Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün müharibə başlaya bilməz, ancaq Ermənistan yeni ərazilər zəbt etmək üçün müharibə apara bilər. Tamamilə qeyri-adekvat, xəstə bir düşüncə tərzi. Buna görə Azərbaycan xalqının müharibədən deyil, sülhdən daha çox qorxmaq üçün əsası var.

Hazırda da cəmiyyətimizdə bu qorxu, narahatlıq başqa çalarlarda qalır. Hamı düşünür ki, görəsən, başladığımız iş yarımçıq qalmayacaq ki?! Daha doğrusu yarımçıq qoymayacaqlar ki?! Yəni xarici güclər prosesə müdaxil edəcəkmi? Edəcəksə, hansı mərhələdə və necə? Belə bir halda Azərbaycan pressinqə tab gətirəcəkmi? Və sair.

Bu barədə növbəti təhlilimizdə.

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »