Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsgərimizə sevginin adı

“Polad Mübarizləri Ordusu” – belə deyəkmi?

Azərbaycanda fenomenal bir ovqat var; ruh yüksəkliyi çox böyükdür. Hamı özünü ordumuzun tərkibində görmək, düşmənə qarşı savaşda iştirak etmək istəyir. Səfərbərlik xidməti də təsdiq edir ki, qismən səfərbərlik planından artıq müraciət var. Hər kəs öz yerində əsgər kimi özünü hiss edir, əsgər kimi davranır. Eyni zamanda hər kəs Ali Baş Komandanın əmrinə hazırdır. Düşmən ölkədə hərbçilər, çağırışçılar müharibədən qorxub ah-vay edir, döyüş bölgələrindən çıxmağa çalışır. Azərbaycanda isə insanlar döyüş bölgələrinə can atır. Mmillətimiz çox unikal bir sinerji anı, milli birlik platforması, vahid mövqe məqamı yaxalayıb. Bundan torpaqlarımızın işğaldan azad olunması üçün istifadə etməliyik və edirik də. Əks-hücum həmlələri qısa müddətdir ki, başlayıb, ancaq gözləndiyindən daha uğurlu alınıb.

Bu müharibə diplomatik leksikona sülhə məcburetmə anlayışı olaraq keçir; bu, tam ifadə edir. Eyni zamanda bu savaşın bir rəmzi adı da var: Vətən müharubəsi. Bu Vətən Müharibəsində ordumuz hər gün tarix yazır. Bu, pafos deyil, reallıqdır. Bəli, biz bu müqəddəs savaşa hamını birləşdirən və ruhlandıran, torpaqlarımızın azadlığı üçün döyüş meydanında birliyimizin rəmzi adını tapdıq. Artıq kimdən soruşsan: “Vətən Müharibəsinə gedirəm” deyəcək. Ancaq ordumuzun rəmzi adı nə olsun? Bu haqda hələ Tovuz hadisələrindən bəri düşünürəm. Tapdığım simvol-adı sizinlə bölüşmək istəyirəm.

Bəli, ordumuzun rəsmi adı var. Bütün ordulara dövət rəsmi ad verib. Tutaq ki, Yaponiya Özünümüdafiə Qüvvələri, Çində Xalq Qurtuluş Ordusu, Almaniyada Bundesver, Türkiyədə Türk Silahlı Qüvvətləri... Bizdə də buna oxşardır: Azərbaycan Silahlı Qüvvələri. İraq kürdüstanında, məsələn, orduya peşmərgə deyirlər – kürd dilindən tərcümədə “ölümün arxasınca gedən adam”.

Rəsmi adlar öz yerində. Simvolik ad olaraq Türkiyəli qardaşlarımız öz əsgər və zabitlərinə “Mehmetcik” deyir. Bu ad hardan gəlir desəniz, bəziləri bunun İstanbulun fəthindən sonra Sultan Mehmet Fatehin şərəfinə əsgərə verilmiş bir ad kimi düşünə bilər. Ancaq “Mehmetcik” isminin başqa bir hekayəsi varmış: Türk Silahlı Qüvvətlərinin jurnalında bu haqda belə yazılır ki, 1912-ci ilin yanvar ayında Trablusqapıda Tobruk savaında Mehmet adlı bir zabit şəhid olur. Onbaşı dönüb komandirinə: “Komandan, Mehmet şəhid düşdü” deyə bağırır. Komandan zabit: “Vah, Mehmetcik, vah” deyə qarşlıq verir. Komandanın bu ahını duyan əsgərlər şəhid zabitin adının Mehmetcik olduğunu sanır. Alayın dəftərinə də bu haqda belə qeyd olundu: “İlk şəhidimiz Mehmetcik”. Həmin gün şəhid və qazi olan, adı bilinməyən bütün əsgərlərə “Mehmetcik” deyildi. Bu adın həmin savaşdan gəldiyi deyilir. Hər halda bu haqda internet axtarış sistemlırinin türk versiyasında belə yazılır.

Bizim ordumuzda qəhrəman əsgər və zabitlərimiz də çoxdur. Hətta döyüşlərin önündə gedən, ölümün gözünə dik baxan generallarımız da var. Ancaq bizim üçün daha çox simvollaşmış adlar Mübariz İbrahimovun və general-mayor Polad Həşimovun adlarıdır. Bu gün döyüş bölgələrinə can atan gənclərimiz Polad Həşimovu və Mübariz İbrahimovu örnək alaraq, onların qəhrəmanlığını təkrarlamaq arzusu ilə yaşayır. Eləcə də, döyüşlərə çağırılanlar, hazırda orduda olanlar. Silahlı Qüvvələrimizin sıralarına – qaynar nöqtələrdə savaşmağa gedənlərdən kimi dindirirsən: “Bu günü çoxdan gözləyirdik” deyir. Poladın, Mübarizin, başqa qəhrəmanlarımızın adlarını çəkirlər. Bu üzdən türk əsgərlərinə, zabitlərinə xalq sevgi hissi ilə “Mehmetcik” dediyi kimi, biz də əsgərimizə Mübariz deyə, ordumuza fəxri ad olaraq “Polad Mübarizlər Ordusu” deyə bilərik. Dövlətin dediyi ad başqa. Xalq olaraq belə çağıra bilərik. “Polad Mübarizlər Ordumuz hücuma keçdi”, “Qəhrəman Vətən Mübarizlərimiz daha bir kəndi azad etdi” və sair deyərik. Bu ad xalqımızla ordumuzun duyğusal bağlarını, qarşılıqlı sevgisini daha da gücləndirər. Əsgərimizi, zabitimizi daha da ruhlandırar, Gənclərimizin də ürəyindən olar. Düşünürəm ki, xalqın orduya ən böyük dəstəyi sevgisi, sayğısı, güvənidir. Mənəvi bağ hər şeydən öndə gəlir. Xalqımız ordusu ilə fəxr edir, bu, şəksizdir. Ona görə öz ordusuna, əsgərinə belə bir fəxri ad – sevgi adı verərək onların onsuz da yüksək olan qələbə motivasiyasını daha da artırmış olar.

Mən sevgi izharı olan belə bir fəxri ad düşündüm. Ümid edirəm, xalqımız və ordumuz bu adı bəyənəcək.

Bahəddin Həziyev

Paylaş »
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »