Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğalçılığın… həmsədri

Fransa Prezidentinin müəmmalı “sülh” axtarışları və Azərbaycanın “şərti” haqda

Azərbaycanda keçirilən ictimai rəy sorğusunda rəyi soruşulanların 90 faizindən çoxu Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik missiyası daşımalı olan ATƏT-in Minsk Qrupunu qınayır. Hətta Minsk Qrupunda keçmişdə həmsədrlik etmiş Amerika diplomatları belə Minsk Qrupunun üzərinə düşəni etmədiyini vurğulayır. Yəni hadisələrin bu yerə gəlib çıxmasına görə Azərbaycan cəmiyyətində Minsk Qrupundan narazlıq var. Buna səbəb vasitəçilik mandatına görə tərəfsiz mövqe tutmalı olan böyük üçlüyün bir çox hallarda belə mövqe sərgiləmədiyi məlumdur. Hətta indiki vəziyyətdə - döyüş əməliyatları getdiyi bir zamanda həmsədr dövlətin Prezidentinin tərəf tutması onun artıq öz missiyasını davam etdirməsinin mümkünsüzlüyünü göstərir.

Rusiya münaqişədə neytrallığını müxtəlif səviyyələrdə və müxtəlif formalarda trivial və ya açıq bəyan etmişdi. Bu dövlətin BMT-dəki nümayəndəsi Vasili Nebeznya belə bir açıqlama vermişdi: “Türkiyə ənənəvi olaraq Azərbaycanı dəstəkləyir. Bu o demək deyil ki, Azərbaycana qarşı Ermənistanın tərəfindəyik. Biz ədalətli həllin, atəşin dayandırılmasının və hərbi əməliyyatların bitməsinin tərəfdarıyıq”.

Burda “ədalətli həll” ifadəsi işlədilir. Əlbəttə, müsbət siqnaldır. Ancaq “ədalətli həll” deyəndə Rusiyanın nəyi nəzərdə tutduğunu bilmirik. Azərbaycanın, eləcə də, Azərbaycana mənəvi dəstək verən Türkiyənin interpretasiyası məlumdur: ədalətli həll Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxmasıdır. Bundan sonra Azərbaycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində Dağlıq Qarabağ bölgəsinə hər hansı status müzakirə oluna bilər. Azərbaycan bunu dəfələrlə deyib. Hətta öz ərazisində Naxçıvan Muxtar Dövləti deyə bir status nümunəsi də yaradıb. Bu, o zaman olub ki, Ermənistanla fəal danışıqlar gedirdi və hansısa mərhələdə münaqişənin dinc yolla bitməsinə bəlkə də çox yaxın olmuşuq. Belə bir model də təklif olunub. Ən azı ağılda tutulub. Azərbaycan danışıqların bir nöqtəsində - səhv etmirəmsə, Kazan raundunda Dağlıq Qarabağa dünyada mümkün olan ən yüksək status təklif edib. Ancaq Ermənistan razılaşmayıb. Niyə?! Çünki o, Dağlıq Qarabağı (Şuşa da daxil olmaqla) müstəqil dövlət kimi görmək istəyib.

Ermənistan siyasətçilərinin danışıqlar stratejisi budur: Dağlıq Qarabağın müstəqilliyinə nail olmaq, onun Ermənistanla birbaşa ərazi bağlılığını saxlamaq üçün Laçını və Kəlbəcəri qaytarmamaq, sazişlər imzalanandan, böyük dövlətlər də buna – müqavilənin icrasına, o cümlədən, Dağlıq Qarabağın Azərbaycandan təhlükəsizliyinə qarant olandan, Dağlıq Qarabağın “müstəqilliyi” dünya birliyində tanıdılandan sonra günün birində ordakı erməni separatçı qurama rejimin qərarına əsaslanaraq bölgəni özünə birləşdirmək. Kimsə buna etiraz edəndə: “Dağlıq Qarabağ müstəqil dövlətdir, öz qərarlarını özü verir” kimi bir mövqe tutmaq. Artıq öz qoşunlarını “qanuni” əsasda Dağlıq Qarabağda yerləşdirmək. Bundan sonra özləri üçün əlverişli zamanda David Tonoyanın dediyi o “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını həyata keçirməyə başlamaq.

Azərbaycan ordusunun apardığı əks-hücum əməiyyatları və döyüş meydanında qazanılmış ilkin uğurlar Ermənistanın və ümumiyyətlə, dünya erməniliyinin bu strateji planlamasını təməldən sarsıdıb. Artıq həmin konstruksiyanı tamam dağıtmaq üçün ordumuzun hərbi əməliyyatları davam etdirməsi lazımdır. Buna görədir ki, Ermənistan döyüşlərin dayandırılması üçün BMT, ATƏT, müxtəlif paytaxtlar demədən hər yerə və hər şeyə əl atır. Çünki Ermənistanı ənənəvi olaraq həmişə dəstəkləmiş böyük güc daha çox neytral qalmağa çalışdı. Hətta Rusiyanın neytral görünməyə çalışması belə Ermənistan rəhbərliyinin və ordusunun psixoloji baxımdan sarsılması demək idi. Ancaq bu, əsas faktor deyil; Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında onsuz da çox zəif idi, bu döyüşlərdə də çox zəif çıxdı. Bu da erməni siyasətinin qurduğu sxemi pozdu. Əks halda biz soruşa bilərik: “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyanız necə oldu? Sentyabrın 27-də yeni müharibəni başlatdınız, nəinki yeni ərazilər işğal etdiniz, əksinə əlinizdə olanları da bir-birinin ardınca itirirsiniz. Müharibəni yenidən başladan Ermənistan ola-ola atəşin dayandırılmasını istəyirsə, deməli, Azərbaycan ordusu, dediyimiz kimi, onun bütün planlarını alt-üst edib. Bu baxımdan, Minsk Qrupu həmsədrlərinin bəyanatına Ermənistan özünün çox ağır və biabırçı hərbi-siyasi məğlubiyyətindən xilas yolu kimi baxır.

Dünya siyasətinin bəzi liderləri bəzən “təmas xəttində eskalasiya” ifadəsini işlədir, bunu qınadıqlarını bəyan edirlər. Əvvəlcə onu deyək ki, “eskalasiya” ümumi, mücərrəd ifadədir. Baş verən toqquşmaların konkret adı var:

Ermənistanın Azərbaycana yeni ərazilər işğal etmək üçün hücumu və Azərbaycan ordusunun əks-hücumu. Burda qınanmalı olan şey birinci hissədədir. İkinci hissəni - Azərbaycanın əks-hücumunu qınamaq istəyənlər, qınayanlar varsa, deməli, BMT Nizamnaməsinin 51-ci maddəsini qınamış olurlar. Çünki həmin maddə Azərbaycana özünü müdafiə etmək hüququ verir. Əgər özünü böyük, demokratik dövlət sayan (üstəlik də BMT TŞ daimi üzvü olan) biri hüququ qınayırsa, o zaman hansı ədalətli həlldən danışa bilərlər?! Müqayisə qüsurlu olsa da, fikrimizi daha anlaşıqlı izahı üçün istifadə edəcəyik. Hətta zəruri müdafiə həddində törədilən cinayət belə bəraət aldığı halda, Azərbaycanın haqlı davası niyə qınanmalıdır?! Bu baxımdan, Fransa Prezidentinin mövqeyi çox ziddiyyətlidir, özünün ifadəsi ilə desək, “düşünülməmiş və təhlükəlidir”.

Bu yerdə tarixə baxaq. Rusiya keçmiş Sovet İttifaqının siyasi varisidir. Sovet İttifaqı, ABŞ, Böyük Britaniya İkinci Dünya Müharibəsində Hitler Almaniyasına qarşı müttəfiq idilər. Faşist Almaniyası Sovet İttifaqına hücum etmişdi. Ərazisinin böyük bir hissəsini işğal altına almışdı. ABŞ və Böyük Britaniya Sovet İttifaqının (indiki Rusiyanın deyək) yanında yer aldı. Niyə işğalçının deyil, işğala məruz qalanın yanında yer aldılar?! Bunun səbəbləri araşdırılıb; cild-cild kitablar var.

Ən başlıca səbəblərdən biri Sovet İttifaqının, indiki terminologiya ilə desək, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi pozulmuşdu. 1944-cü ildə (xeyli dərcədə gecikmiş olsa da) Sovet İttifaqının müttəfiqləri Hitler Almaniyasına qarşı ikinci cəbhəni harda açmışdılar? Normandiyada. Yəni Fransada. Çünki Almaniya Sovet İttifaqına hücumdan da qabaq Fransanı tamamilə özünün işğalı altına almışdı. Fransanın hökuməti Britaniyaya mühacirət etmişdi.

Müttəfiqlər o zaman Hitler Almaniyasını Sovet İttifaqına, neytrallardan və Üçüncü Reyxlə müttəfiq olanlardan başqa Avropanın bütün dövlətlərinə, o cümlədən, bax elə həmin bu Fransaya hücum edib işğal altına aldığına görə qətiyyətlə qınamış, faşist işğalçılarına qarşı döyüşərək Berlinə qədər gedib çıxmış, Almaniyanı, ayrıca onun paytaxtını öz aralarında bölmüş, nasist liderlərini mühakimə edərək cəzalandırmış, Almaniyaya hərbi moratorium qoymuşdular. Ancaq bu gün həmin o Fransa (özü də faşizmin işğalından əziyyət çəkmiş olan dövlət) Almaniyanın ən balaca əyalətindən də kiçik olan bir dövlətə - Ermənistana “işğalçı” demək istəmir. O da faşist idi, bu da faşistdir. Niyə eyni təhlükəyə qarşı bir zaman vuruşan Fransa indi həmin ideologiyanı daşıyana dəstək versin?!

Biz İrəvana getmək istəməmişik, Ermənistanı bölmək fikrimiz də yoxdur. Sadəcə, öz torpaqlarımızı azad etmək istəyirik. Ancaq baxırıq ki, münaqişənin həllinə vasitəçilik missiyası daşıyanlarda işğalın böyük modelinə bir, balaca modelinə başqa cür yanaşma var. Əks arqument gətirə bilərlər ki, vasitəçilər neytral olmalıdır və sair. Neytral qalsaydı heç olmasa. Hərçənd bu fikir, bu yanaşma özü də heç bir tənqidə davamlı deyil; işğalçı ilə işğala məruz qalan arasında necə neytral olmaq olar?! O zaman məsələn, ABŞ İkinci Dünya Müharibəsində Sovet İttifaqı ilə, elə bu Fransa ilə işğalçı Faşist Almaniyası arasında neytral qalmalıydı?! Sual ritorikdir.

Tərəfləri danışıqlar masasına qayıtmağa çağırışlar da var. Həm də ilkin şərt irəli sürmədən. Bu çağırışların məğzinə keçməzdən əvvəl bir nüansa diqqət yetirək. 27 il bundan qabaq BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edərək işğalçının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Əvvəlcə, məsələn, Fransa, həmin o “qeyd-şərtsiz” olası işi görməyi Ermənistandan tələb etməliykən, biz əksini gördük.

Ümumiyyətlə götürəndə Azərbaycan şərt irəli sürübmü?! Yox! İlham Əliyevin son çıxışlarında bircə şərt var: Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır. Bunu da, Prezident özü də, biz də, əslində nisbi olaraq “şərt” adlandırırıq. Bu, şərt deyil; BMT Təhlükəsizlik Şurasının, haqqında danışdığımız, məlum dörd qətnaməsinin tələbidir. Şərt irəli sürən Ermənistandır. Həm də birini deyil, yeddisini birdən. Həmsədrlərin vasitəçiliyi ilə danışıqların dərhal bərpasına gəlincə, danışığı pozan tərəf məlumdur – Ermənistan. Azərbaycan danışığı pozmayıb, yaxud danışıqlardan çıxmayıb. Danışıqların formatını, müzakirənin metodoloji xəttini dəyişməyə belə çalışmayıb. Bunların hamısını edən tərəf yenə bəllidir – Ermənistan.

Fransa Prezidenti Makron bunları hamıdan yaxşı görür; bax, indiki vaxtda – cəhbədə Azərbaycan hərbi qulluqçuları şəhid olduğu, yaralandığı, Ermənistan ordusu şəhərlərimizi, kəndlərimizi artilleriya atəşinə tutduğu, dinc insanları, o cümlədən, uşaqları öldürdüyü günlərdə düşmənin müdafiə nazirinin, generallarının əməliyyat müşavirəsində Fransanın İrəvandakı səfiri də oturursa, Makron hansı vasitəçilikdən, hansı ədalətli həlldən söhbət edə bilər?! Bu ölkə sülh danışıqlarının, yoxsa müharibənin... həmsədridir?! Tək elə bu fakt Azərbaycanın mövqeyinin nə qədər haqlı, ordumuzun apardığı müharibənin nə qədər zəruri olduğunu göstərir. Və ATƏT-in Minsk Qrupu, yaxud başqa bir vasitəçilik formatı gərəkdirsə, Fransa orda olmamalıdır. Təkcə ona görə yox ki, bizim cəmiyyətimiz Fransanı orda görmək istəmir, həm də və bəlkə də daha çox ona görə ki, Fransa bu haqqını itirib. İşğala Ermənistanla birlikdə “həmsədrlik” edənlər diplomatik formatda necə həmsədr ola bilər?! Cavab məlumdur.

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »