Əliyev-Paşinyan derbilərində qələbə kimidndir?
Dünən ölkə Prezidenti Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşündə Vətən müharibəsi ilə bağlı bir sıra mühüm mesajlar verib. Bu mesajlardan Ermənistan vətəndaşlarına və Qarabağda yaşayan ermənilərə yönəlmişdi.
Prezident deyib: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. ...Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır”.
Prezidentin bu fikirlərini və çağırışlarını qısaca təhlil etsək, bir sıra nəticələrə gələrik. Birincisi, İlham Əliyev Ermənistanda, eləcə də, Dağlıq Qarabağda yaşayan ermənilərə - əhaliyə anladır ki, onlar Ermənistanın əvvəlki və indiki bütün hakimiyyətlərinin siyasi girovlarıdır. Bunu açıq mətnlə bildirdi. Yəni istər əvvəlki, istər indiki olsun – bütün Ermənistan hökimətləri gələndə də Qarabağ amili üzərindən gəlib, gedəndə də. Qarabağ Ermənistanın daxili siyasətini, xarici siyasətini, ölkənin bütün sahələrini öz təsiri altına alıb. Ermənistan bir ölkə olaraq öz inkişaf imkanlarını da Qarabağı işğal etdiyi ümün itirib. Azərbaycanla, təbii ki, heç bir iqtisadi və sair əlaqələr mümkün deyil; buna Ermənistan hökumətlərinin siyasəti – Ermənistanın təcavüzkarlığı səbəb olub. Eynilə Türkiyə də Ermənistanla sərhədlərini Qarabağın işğalda olması səbəbindən bağlı saxlayır. Əgər Ermənistan Azərbaycana qarşı, ümumiyyətlə, bölgədə işğalçılıqla məşğul olmasaydı, onun Rusiyadan, yaxud başqa ölkədən aldığı hərbi yükü daşıyan təyyarəni Gürcüstan geri qaytarmazdı. Ümumiyyətlə, Ermənistanın heç bu qədər silah-sursat toplamağa ehtiyacı da olmazdı. Bu gün Qarabağda Azərbaycan əsgərinə atılan o mərmilərin pulu Ermənistan hökumətinin öz xalqının boğazından kəsib hərbi xərclərə yönəltdiyi vəsaitdir. O vəsait Ermənistanın özünün müdafiəsi üçün xərclənməyib, başqa ölkənin – Azərbaycanın torpaqlarını işğal etmək üçün xərclənib. Ermənistanın Qarabağın işğalından – Qarabağdan götürə biləcəyi hipotetik və real iqtisadi fayda onun həmin bölgəyə çəkdiyi xərclərdən dəfələrlə azdır. Yəni Ermənistan Qarabağda ziyana gedib. Sırf iqtisadi baxımdan yanaşsaq, bu ziyanın miqyası daha böyükdür; Ermənistan RusiyadanAzərbaycan vasitəsilə gətirəcəyi yükləri indi daha baha qiymətə daşımaq zorunda qalıb. Daha çox tranzit xərcləri ödəyir. Bu da öz yerində. Ermənistan Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması marşrutlarından, Avropanı Asiya ilə birləşdirən nəqliyyat-kommunikasiya xətlərindən (o xətlərdən ki iyulda Tovuzda silahla təhdid etməyə çalışdı) kənarda qalıb, bu layihələrin faydasında məhrum olub. Kim onları – Ermənistan əhalisini, eləcə də, Dağlıq Qarabağda yaşayan erməniləri, vaxtilə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakıda yaşamış, indi köçüb dünyanın dörd yanına səpələnmiş erməniləri bu faydalardan kənarda qoyub?! Ermənistanın hökumətləri. Nəyə görə? Qarabağı işğal altında saxlamağa görə.
Ermənistanın hökumətləri ölkəsinin Azərbaycanla sülh şəraitində yaşamaqdan, əməkdaşlıq etməkdən böyük fayda qazanmasını deyil, Qarabağı işğal etməklə ziyana getməsini seçdi. Yəni bugün Ermənistan cəmiyyətinin, dövlətinin düşdüyü bu durum (ki, onun rəmzi, əyani nümunəsi döyüşün ilk günündən əlləri, dili əsən baş nazir Paşinyandır, təlaş içində başına döyən müdafiə naziri Tonoyandır) Ermənistanın öz seçimidir. Ermənistan hökumətləri azərbaycanlılardan çox öz xalqına pislik edib.
Baxın, elə gözlərinin qarşısında Gürcüstan nümunəsi var; Azərbaycanla dostluqdan, tərəfdaşlıqdan qazandığı illik fayda Ermənistanın büdcəsindən çoxdur. Bu gün Gürcüstanın iqtisadiyyatına ən böyük həcmdə yatırımlar Türkiyəyə və Azərbaycana məxsus şirkətlərin sərmayələridir. Türkiyə və Azərbaycan biznesi də, başqa ölkələrin şirkətləri də qazanır, eyni zamanda Gürcüstan iqtisadiyyatı inkişaf edib və müstəqil dövlətçiliyinin iqtisadi əsaslarını möhkəmlədib. Bəs Ermənistan?! İqtisadi, siyasi, hərbi və sair baxımdan tamamilə bir ölkədən asılı vəziyyətə düşüb. Bunu Ermənistan hökumətləri edib, Qarabağı işğal etməklə və saxlamaqla dövləti də, erməni xalqını da tələyə salıb. Qarabağ onlar üçün bəzi böyük regional, eləcə də, qlobal güclərin tələsindəki pendir idi; gəlib düşdülər. Yəni Ermənistan hökumətləri Azərbaycanın 4,4 min kvadrat kilometrlik ərazisini işğalda saxlamaqla öz xalqını tarixi inkişaf, müstəqil dövlətçilik şanslarından məhrum edib. Bundan ağır cinayətlər varmı? Cinayətkar isə cəzasını almalıdır.
Bəli, İlham Əliyevin “erməni xalqı öz hökumətlərini məsuliyyətə cəlb etməlidir” sözlərinin də arxasında bu dayanır; cinayətkar hökumət öz xalqının qarşısında məsuliyyət daşımalıdır (təkcə siyasi məsuliyyət deyil, cinayət məsuliyyəti də). Bəli, Paşinyan demokratik yolla hakimiyyətə gəldiyini iddia edirdi (“Məni xalq seçib” deyirdi). Əgər xalq bu hökuməti seçibsə, Paşinyan və dəstəsi öz xalqına etdiyi bu əməllərin hesabını verməlidir. Əgər xalq seçməyibsə də, onu ikiqat məsuliyyət gözləyir. İlham Əliyev erməni xalqına açıq-aydın dedi ki, sülh istəyirsənsə, onu bizdən yox, öz hökumətindən istə. Çünki müharibəni o başlayıb. Biz Ermənistana təcavüz etmirik, Ermənistan Azərbaycana təcavüz edib və edir. İlham Əliyev bu mesajında erməni xalqına anladır ki, Paşinyanın küçədən, bacadan – hər hardan hakimiyyətə gəlməsindən asılı olmayaraq, onun seçim imkanı vardı. Sülh danışıqları getdiyi müddətdə hər iki dövlətin iki seçimi vardı – ya sülh, ya müharibə. Ermənistan sülh danışıqlarını dayandırmaqla müharibəni seçdi. Və Azərbaycanın da bu halda tək seçimi qaldı. Paşinyan öz sələflərinin yolundan getməyib sülhə razılaşardısa, bu gün minlərlə erməni gənci Qararağda vurulub torpağa düşməzdi. Bizə qalsa, seçimimiz bəlli idi – sülh. Yəni Qarabağdan Ermənistan qoşunları çıxır, bölgəyə barış gəlir. Ermənistan hökuməti bu yolu seçmədi. Nəinki işğal etdiyi torpaqlardan çıxdı, əksinə Azərbaycandan yeni ərazilər qoparmaq iddiasına düşdü. O zaman da Azərbaycanın bir seçimi vardI: Erməni əsgərinin ayağını öz torpağından kəsmək. Hazırda olanların adı belədir.
Prezidentin mesajının ikinci hissəsi Qarabağda yaşayan ermənilərə ünvanlanıb. Mənası da budur ki, Azərbaycan Ermənistan deyil; mülki əhalini hədəf seçmir. O da ola öz vətəndaşları. İlham Əliyev Qarabağda yaşayan erməni əhaliyə şans verir – bir növ mənəvi amnistiya verir. Onlar Azərbaycanın Konstitusiyası və qanunları çərçivəsində yaşamaq istəyirlərsə, Ermənistan hökumətinin və öz separatçı başçılarının girovluğundan qurtulsunlar. “Azərbaycan əsgəri xilaskar əsgərdir” cümləsini Prezident buna görə işlədir. Yəni Azərbaycan əsgəri Qarabağa həm də orda yaşayan mülki əhalini xilas etmək üçün gəlir.
Bəli, vaxtilə Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlılar öz yurdlarına qayıdacaqlar. Eyni zamanda erməni əhali də Azərbaycanın tərkibində qalmaq istəyirsə, onlar da öz evində-yurdunda yaşamaqda davam edəcək. Bu gün Ermənistan hökumətinin Qarabağdakı mülki əhalini ordan Ermənistana evakuasiya etməsinin də pərdəarxası var; Azərbaycanın əks-hücumu nəticəsində mülki əhalinin məcburi köçkün düşməsi faktını əldə etmək, bunu əlində əsas tutub beynəlxalq birlik qarşısnda yazıqlanmaq istəyir. Yəni Qarabağ ermənilərini ikiqat siyasi girovluğa salır. Prezident Əliyev isə Ermənistanın ərazisinə hərbi təcavüz etdiyi, hazırda da müharibə apardığı ölkənin paytaxtında - Bakıda erməni millətindən olan onminlərlə insanı misal gətirir. Əgər günün bu günündə Bakıda sülh və əmin-amanlıq içində yaşayan onminlərlə erməni varsa, deməli, Qarabağ ermənilərinin də bu həyatı seçmək şansı var. Necə deyərlər, görünən kəndə bələdçi lazım deyil. Fakt faktlığındadır.
Ümumiyyətlə, bu məsələlərə dair bütün çıxış və müsahibələrinə baxsaq, görərik ki, Prezidentin məntiqi saat mexanizmi kimi işləyir; bütün fikir və mülahizələrinin arxasında konkret və təkzibolunmaz – sənədli-sübutlu faktlar dayanır. Ermənistan baş naziri isə öz fikirlərini (əgər bunlara fikir demək olarsa) əsaslandırmaq üçün gah minilliklərin o üzündəki mifologiyaya üz tutur,
ya da siyasi demoqogiyaya əl atır. Nəticədə taftologiya alınır. Azərbaycan Prezidentinin fikirləri isə, dediyimiz kimi, sona qədər arqumentləşdirilmiş olur.
Tarixin bütün dönəmlərindəki müharibələrdə qoşunların önündə əvvəlcə sərkərdələr – ölkələrin başçıları orduların qarşısınfa döyüşürdü. Məğlub başçının ordusu da ruhdan düşür, nizamı pozulur, darmadağın olurdu. Müasir müharibələrdə bu qarşı-qarşıya qılınc cəngi deyil; fikir, fakt, arqument savaşıdır. Münhen debatında bu savaşın baş məşqi olmuşdu. Bir də iki rəhbərin Aşqabadda siyasi rinqini izləmişdik. Hər ikisini İlham Əliyev qazanmışdı. Əliyevlə Paşinyan arasında başqa çox siyasi-intellektual qarşılaşmalar olmuşdu. Hamısında nəticə Azərbaycanın xeyrinədir. Bu qəbildən son ciddi və bəlkə də həlledici Əliyev-Paşinyan qarşılaşması “Rossiya-1” kanalına hər ikisinin müsahibəsi oldu. İlham Əliyev o dərəcədə sistemli, ardıcıl, tutarlı və inandırıcı idi ki, “siyasi derbi”ni izləyən Rusiyalı ekspertlər belə Azərbaycan Prezidentinin qələbəsini xüsusi vurğuladı. İlham Əliyevin Nikol Paşinyan üzərində siyasi-psixoloji, intellektual qələbəsi də Azərbaycanın Ermənistanla müharibədə qazanmış olduğu ən mühüm qələbələrdən biridir. Tam və qəti qələbəmizin bəlkə də yarısıdır. Qalır Azərbaycan ordusunun qazanacağı yekun hərbi qələbə. Bu da çox uzaqda deyil.
Bahəddin Həzi