Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öz ərazisində... dünyanı qoruyan ölkə

Azərbaycan əsgəri Xeyirlə Şər arasında “balans” axtaranları da məyus edir

Müharibədə genişmiqyaslı hərbi əməliyatların başlamasının beşinci günündəyik. Bu ana qədər əldə olunan nəticələr qürurvericidir. Bəli, itkilər də var. Bu itkilərin bir hissəsi də mülki əhalidir; düşmən ordumuz qarşısında bütün cəbhəboyu geri çəkilmək zorunda qalıb. Ona görə də isterikaya qapılaraq cəbhəyanı zonadakı şəhərlərə, kəndlərə - dinc insanlara atəş açır. Bu, boğulanın saman çöpündən yapışması kimi bir şeydir.

Döyüş mövqelərində rüsvayçı məğlubiyyətlərin əvəzini dinc əhalimizdən çıxmağa çalışır. Ancaq Azərbaycanın Baş Prokurorluğu Ermənistan tərəfinin bu hərbi cinayətlərini ilk gündən bu günə fiksasiya edir. Konkret faktlar üzrə cinayət işləri qaldırır. Xarici İşlər Nazirliyi bununla bağlı indidən lazım olan sənədlərin konturlarını hazırlayır. Azərbaycan ordusu döyüş əməliyyatlarını yekun qələbə ilə başa çatdırdqdan sonra haqqında danışdığımız bu hərbi cinayətləri törədənlərin, Ermənistanın bu günkü siyasi və hərbi rəhbərliyinin ədalət mühakiməsinə - beynəlxalq tribunal qarşısında cavab verməli olacağı məhkəmə prosesinə hazırlıq görülür.

Zamanında keçmiş Yuqoslaviyadakı hərbi canilər də törətdikləri əməllərin məsuliyyətini dərk etmirdilər. Elə düşünmüşdülər ki, etdiklərinin qarşılığında cəza almayacaqlar. Bunu eynilə bütün başqa hərbi canilər, terrorçular, təcavüzkar dövlətlərin, işğalçı orduların başçıları, o cümlədən, bu gün işğalçı Ermənistana bu və ya başqa formalarda dəstək verənlər, yaxud bu işğal faktına göz yumanlar da düşünür. Ancaq hər kəsin bilməsi lazım: kimsə əməllərinə görə cinayət məsuliyyəti, kimsə siyasi məsuliyyət daşımalı olacaq. Kimlərsə də başqa formalarda qarşılıq alacaqlar. Bunun geci-tezi var.

Biz öz ərazisindən Ermənistana terror qruplarının keçiirlməsinə imkan yaradanlarla bağlı dəfələrlə yazmışıq. Bəzi dövlətlər, siyasətçilər Suriyada İŞİD terror qruplaşmasının intişarına və sürətlə güclü bir terror dövlətinə çevrilməsinə göz yumarkən elə düşünürdü ki, bu, sadəcə, İraq və Suriya üçün, Yaxın Şərq üçün, bəd ayaqda Orta Şərq üçün təhlükə mənbəyidir. Ancaq elə olmadı; kimlərinsə görməzdən gəldiyi, kimlərinsə hətta bəsləyib böyütdüyü bu terror yanğını onların öz evlərinə qədər gəlib çıxdı. Avropanın mərkəzində - Almaniyada, Fransada, Belçikada, Böyük Britaniyada, elə Rusiyanın özündə terror aktları törədildi. Dünyanın dörr bir yanından bu qruplaşmaya qoşulanlar sonradan elə öz ölkələri, öz cəmiyyətləri üçün ciddi təhdid, təhlükə qaynağı oldular. Bu gün Qarabağda – Azərbaycanın işğal olunmuş bölgələrində gedən proseslərə ya neytral, ya balanslı, ya da daha pisi, işğalçı Ermənistanın – terror dövlətinin yanında mövqe tutanlar bunun acı nəticələrini bir gün öz ölkələrində, öz cəmiyyətlərinin həyatında hiss edəcəklər. Azərbaycan 30 ilə yaxın bir zaman ərzində Ermənistanın işğalçı mahiyyətini dəfələrlə sənədli-sübutlu şəkildə dünyaya çatdırıb. Ancaq hələ də həqiqətə, acı gerçəyə, aşkar təhlükəyə gözlərini və qulaqlarını qapayanlar da var.

Bilirsiniz, bəzən deyirik ki, dünya həqiqətləri bilmir. Ola bilər, Sena sahillərindəki fransız balıqçı və ya Nyu Cersidəki bir amerikalı fermer Qarabağda gedən proseslərdən xəbərsiz olsun. Ancaq dünya siyasətini yönləndirənlər – qərar qəbul edənlər nəyin nə, kimin kim olduğunu çox gözəl bilirlər. Bir zaman Norveçdə Oslo Sülh İnstitutunun araşdırma proqramında 1 il boyu iştirak etmiş dostum mənə deyirdi ki, Avropa konfliktoloqları hətta Azərbaycanın Qazax rayonunda hansı tayfaların, nəsillərin arasında hansı ixtilafların olduğunu da bilir.

Dünyanın beyin mərkəzləri, araşdırma institutları, siyasi mərkəzlər və sair Ermənistan-Azərbaycan münaqişəsini çox yaxşı öyrəniblər, çox yaxşı bilirlər. Çünki bu konfliktin yaradılmasında və idarə olunmasında iştirak ediblər. Elə bilirsiniz, dünya birliyi, dünyada söz sahibi güclər BMT qətnamələrini icra etdirə bilməzdilər. Bu gün ABŞ Çinə, Rusiyaya, İrana, Şimali Koreyaya, hətta öz NATO müttəfiqləri olan Almaniyaya, Türkiyəyə müxtəlif ağırlıqlı sanksiyalar tətbiq edir. Avropa İttifaqının özünün də, ayrılıqda Almaniyanın, Fransanın da Rusiyaya, hətta Çinə sanksiyaları olub. Eyni sanksiyaları Çin ABŞ-a tətbiq edir. Səudiyyə Ərəbistanının Türkiyəyə qarşı son haqsız və yersiz embarqo qərarından da xəbərdarsınız. Kim deyə bilər ki, Ermənistan Çindən, ABŞ-dan, Rusiyadan, Türkiyədən, İrandan və sair daha güclü dövlətdir?! Bəs ona niyə sanksiya qoyan, cəzalandıran olmayıb bu günə qədər. Bircə Türkiyə 1992-ci ildən bu yana Ermənistanla sərhədlərini bağlı saxlayıb, iqtisadi və siyasi əlaqələr qurmayıb. Tələbi də Qarabağdan Ermənistanın çıxması olub. Eynilə Pakistan Ermənistanı bir dövlət kimi tanımayıb. Əlaqələr qurmayıb. Böyük dövlətlər elə bilirlər ki, bu gün Ermənistanda intişarını tamaşaçı marağı ilə izlədikləri terror onların – ilk növbədə Avropanın qapısına dayanmayacaq.

İyulda Şimali Amerika və Avropa qitələrində, bütövlükdə Avrasiya materikində ermənilərin oralarda yaşayan azərbaycanlılara, Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı terror əsdirdiklərini kim görmədi?! Və Amerikada, Avropada, başqa bölgələrdə erməni terrorunun elə o ölkələrin özlərinə qarşı yönəlməyəcəyinə kim təminat verir?!

Burda ABŞ-ın 37-ci Prezidenti Riçard Niksonun Haiti diktatoru haqqında dediyi iddia olunan sözlər yada düşür: “Somosa it oğludur, ancaq bizim itoğludur”. Əgər Amerikada, Avropada, İranda, ərəb dünyasında və sair Nikol Paşinyanı öz itoğlu hesab edib terrorçu, işğalçı əməllərinə göz yuman və göz yumacaq olan varsa, bunun nəticələrinə də mütləq qatlanmaq zorunda qalacaq – xəbərləri olsun. Qazaxıstan, Qırğızıstan, Tacikistan bu gün Ermənistanla birlikdə olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsinin dərdinə düşüblərsə, anlamalıdrlar ki, elə özlərinin təhlükəsizliyini qoruyacaqları dövlətlərdən biri də Ermənistan olacaq. Türkmənistan da neytrallığına güvənməsin.

Təkrar edirəm: Ermənistanın bu gün burnu ovulmasa, o Yaxın Şərqdən gətirib bəslədiyi terror ocağının alovunu təkcə Azərbaycana deyil, təkcə Türkiyəyə deyil, İrana, oradan da Mərkəzi Asiyaya, Avropaya yayacaq. İşğalçı dövlət, terrorçu dövlət güclənərsə, onun hədəflərinin tək Azərbaycanla məhdudlaşacağını kim dedi?!

Sülh dövləti adətən ətrafa daim sülh yaymaq istər. Azərbaycan kimi. Zamanında məlum təyyarə olayından sonra Rusiya ilə Türkiyənin münasibətlərinin bərpasında Bakının oynadığı rolu yada salmaq yetər. Yaxud İrana qarşı ABŞ və başqa güclər Azərbaycan ərazisindən hərbi və sair məqsədlərlə istifadə etməkdən ötrü pressinq edəndə, bütün bunlara da mərdliklə dözdü, ərazisini vermədi. Hələ 90-cı illərin əvvəlində - özünün indiki kimi güclü olmadığı zamanda Şimali Qafqazda gedən müharibənin söndürülməsi, bölgəyə sülhün gəlməsi üçün özünün bütün siyasi və humanitar potensialını ortaya qoydu. Başqa çox misallar gətirmək olar.

Bəli, Azərbaycan ətrafına barış və tolerans siqnalları, impulsları yayan toplumdur. Ancaq Ermənistana baxın. Bu gün Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Gürcüstanı belə hətta özünün indiki durumunda da müharibə ilə təhdid edib. Yəni işğalçı məğlub olmasa, dayanmayacaq. Dişi qana batan kaftarı yeni qan izi, qan iyi axtaracaq. Odur ki, Azərbaycan bu gün Qarabağda təbii olaraq öz ərazilərini işğaldan azad etməklə yanaşı , mahiyyətcə, regional, hətta bəlkə qlobal təhlükəyə çevriləcək bir ocağı söndürməyə çalışır. Ona görə də dünyanı da açıq şəkildə xəbərdar edib; Prezidentin köməkçisi Hikmət Hacıyevin son açıqlamasında da vurğulanıb ki, dünya birliyi Ermənistanın terror təşkilatları ilə işbirliyinə, terrorçuları Qarabağa toplamasına seyrçi qalmamalıdır.

Mən bundan əvvəl də yazmışdlm ki, Azərbaycan öz ərazisində BMT Təhlükəsizlik Şurasının 27 il icrasız qalan qətnamələrini yerinə yetirir; beynəlxalq hüququn normalarını milli sərhədləri içərisində müdafiə edir. Bu, hamı üçün bir testdir; kim beynəlxalq hüququn, ümumiyyətlə, hüququn – haqqın yanındadırsa, Azərbaycanın tərəfində səf tutur. Kim deyilsə, ya susur, ya da balans axtarmağa çalışır. Ancaq nahaq yerə. Azərbaycan əsgəri o balansı çoxdan pozub və mümkünsüz edib. Çünki Xeyirlə Şər arasında balans olmur.

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »