Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Komik Əli” və Arsurun Ovanisyan yalanları

2003-cü ildə ABŞ ordusunun diktator Səddamı devirmək üçün İraqa hücumu başlayanda dünyada sonradan çox məşhurlaşacaq personaj meydana çıxdı. Bu, Səddam rejiminin informasiya naziri, general Məhəmməd Səid əs-Səhhaf idi.

Bəs Məhəmməd Səid əs-Səhhafı belə məşhur edən nə idi? Səddamın baş təbliğatçısı ona görə məşhurlaşmışdı ki, o, hər gün keçirdiyi brifinqlərdə Amerika ordusuna ağır zərbələrin vurulmasından, onların çoxsaylı tanklarının, təyyarələrinin, əsgərlərinin məhv edilməsindən danışırdı, rəqəmlər səsləndirirdi.

Baxmayaraq ki, ABŞ ordusu havadan, qurudan və dənizdən Səddamın ordusunun diviziyalarına ağır zərbələr endirdi, İraqın hərbi infrastrukturunu sıradan çıxarırdı. Səddamın informasiya naziri isə durmadan təkrar edirdi ki, amerikalılar döyüşdə ağır itkilər verirlər və məğlub olurlar. Və onlar heç vaxt Bağdada girə bilməzlər.

Nəticədə Məhəmməd Səid əs-Səhhafın komik imici formalaşdı, jurnalistlər ona ləqəb də tapdılar-“komik Əli”. ABŞ və Böyük Britaniya müdafiə nazirləri isə “komik Əli”nin yalan danışmaq qabiliyyətinə görə ona həsəd apardıqlarını deyirdilər. Hətta prezident Buş özü də “mən bu oğlana həsəd aparıram” demişdi.

Sonuncu dəfə 2003-cü il aprelin 9-da “Komik Əli” Bağdadda xarici jurnalistlər üçün növbəti brifinq keçirirdi və ənənəsinə sadiq qalaraq cəbhədə Amerika ordusuna vurulan zərbələr haqda danışırdı. Bu vaxt xarici jurnalistlərdən biri ondan soruşdu: “Son məlumatlara görə Amerika ordusu artıq Bağdada daxil olub, bu məlumatı təsdiqləyirsiniz?”

“Komik Əli” təbii ki, informasiyanı təkzib etdi, baxmayaraq ki, xarici jurnalistlər brifinqin keçirildiyi otelin pəncərəsindən Amerika tanklarını görürdülər. Və bu məşhur frazasını təkrarladı: “Amerikalıların ayağı heç vaxt Bağdada dəyə bilməz. Heç vaxt!”. Bu vaxt yaxınlıqdakı binalardan birinə Amerika bombası düşdü, kimsə Səddamın nazirinə yaxınlaşıb qulağına amerikalıların artıq Bağdada girdiyini çatdırdı və “komik Əli” tələsik oteli tərk edib qaçdı...

Bəs 17 il sonra “komik Əli” niyə yada düşür? Məsələ burasındadır ki, sentyabrın 27-dən etibarən Qarabağda başlayan irimiqyaslı və şiddətli müharibə bir vaxtlar məşhur olmuş bu personajı xatırlamaq üçün səbəb oldu. Belə ki, Ermənistanın hazırda baş hərbi təbliğatçısı olan Arsurun Ovanisyan (əvvəllər o, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri idi) hər gün Azərbaycan ordusunun çoxsaylı canlı qüvvə və texnika itkiləri barədə rəqəmlər açıqlayır. Hətta onun açıqladığı rəqəmləri üst-üstə gələndə Azərbaycan ordusunun silahlanmasında artıq zirehli texnika qalmadığını da demək olar.

Ovanisyan əlbətdə ki, erməni ordusunun cəbhədə ağır itkilər verdiyini etiraf etmir, heç geri çəkildiklərini, bəzi istiqamətlərdə mühüm mövqeləri əldən verdiklərini də təsdiqləmir. Ancaq qələbə haqda danışır və bir də Azərbaycan Müdafiə Nazirliyinin döyüşlərdə Ermənistan ordusuna vurduğu zərbələrə dair məlumatlarını təkzib edir. Bu məlumatlar təkzibedilməz videogörüntülərlə müşaiyət olunsa belə.

Məsələn, ötən gün axşam Azərbaycan Müdafiə Nazirliyi düşmənin daha 8 “Qrad” qurğusunun məhv edildiyinə dair videogörüntüləri yayıb. Bu görüntülər kifayət qədər aydındır və məhv edilən texnikanın üzərindəki kamuflyajın da erməni ordusunun kamuflyajı olduğu dəqiq seçilir. Buna baxmayaraq “komik Arsurun” Rusiya jurnalistlərinin həmin kadrlar haqda sualına belə cavab verib: “Bu, tamamilə yalandır...”

“Komik Arsurun” o dərəcədə ifrat yalançıdır ki, Azərbaycan ordusu Xankəndinə girsə belə o, həmin anlarda Səddamın rejiminin məşhur personajı kimi danışardı: “Azərbaycanlılar heç vaxt Xankəndinə girə bilməz! Heç vaxt!”...

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »