Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
F-16 qalmaqalının pərdəarxası

Ermənistan niyə Türkiyəni tərəf kimi göstərməyə çalışır?

Ermənistan informasiya müharibəsində özünün quraşırdığı F-16 mövzusunu gündmdə saxlamağa davam edir. Ermənistan Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın SU-25 təyyarəsini vurub. Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirmişdi ki, Azərbaycanın F-16 təyyarəsi yoxdur.

Ancaq bu məsələ informasiya məkanında dolaşmaqda davam edir. Hətta “Rossiya-1” telekanalının “60 dəqiqə” verilişinə müsahibəsi zamanı Prezident İlham Əliyevə də bu haqda sual verildi. Prezident cavabında dedi: “Mənə indicə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir”.

Prezident onu da dedi ki, əgər belə bir fakt olsaydı da, onu gizlətmək mümkün olmazdı: “Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərər alsaq, nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını ypoxlamaq çox asandır”.

Ermənistan tərəfinin bu mövqeyini – süni şəkildə F-16 qalmaqalını qaldırmaqda məqsədini Prezident düşmən tərəfin Azərbaycan ordusunun gücünün az olduğu, münaqişədə üçüncü tərəfin iştirak etdiyi haqda rəy yaratmaq kimi dəqiq təsbit edib. Ermənistan hər vəhclə çalışır ki, Türkiyə Silahlı Qüvvələrinin Qarabağda gedən hərbi əməliyyatlarda birbaşa iştirakı haqqında fikir formalaşdırsın. Bu münaqişəyə Türkiyənin simasında bir NATO ölkəsinin qoşulduğuna dünya birliyini, eləcə də, Rusiyanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) olan başqa dövlətləri də inandırsın. Tovuz hadisələri zamanı Ermənistan KTMT çətiri altında Rusiyanı Azərbaycanla münaqişəyə bir tərəf olaraq cəlb etməyə çalışmışdı, ancaq bu cəhdi uğursuzluğa düçar olmuşdu. Növbəti dəfə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə Qarabağda hücum etdi. Azərbaycan tərəfinin əks-hücum əməliyyatları ilə geri oturduldu və bir sıra yaşayış məntəqələrimizi və strateji yüksəklikləri ordumuz azad etdi. Hazırda da döyüşlər gedir. Növbəti dəfə Ermənistan bütün mümkün olan və olmayan yollardan istifadə edir ki, bu münaqişəni az qala NATO-Rusiya qarşıdurması kimi göstərsin və başqalarının arxasında gizlənərək öz işğal siyasətini davam etdirsin.

Ermənistanın bu cəhdləri də alınmır. Əvvəla, Azərbaycan həm hərbi, həm siyasi rəhbərliyi, xüsusilə də, Silahlı Qüvvələrin Ali Baş Komandanı səviyyəsində bu yalanı təkzib etdi. Prezident İlham Əliyev bayaq xatırlatdığımız müsahibəsində dedi: “Bunu sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”. İlham Əliyevin sözlərini Türkiyənin Prezidentinin, müdafiə nazirinin, xarici işlər nazirinin və başqa yüksək vəzifəli rəsmilərin verdikləri bəyanatlar da təsdiq edir. Türkiyə tərəfi dəfələrlə və ən mötəbər rəsmi səviyyələrdə bəyan edir ki, Azərrbaycan necə istəsə elə dəstək verəcək, Türkiyə bütün imkanları ilə hər zaman Azərbaycana kömək etməyə hazırdır və sair. “Kömək edir” demirlər, “hazırdır” deyirlər. Və “Azərbaycan necə istəsə...” ifadəsini işlədiblər. Bu da o deməkdir ki, Azərbaycan hələ ki Türkiyədən və ya hansısa başqa müttəfiq dövlətdən yardım istəməyib. İlham Əliyevin özünün də dediyi kimi, zərurət olmayıb. Azərbaycan istəsə, əlbəttə, edəcəklər – bu, artıq ayrı bir məsələdir.

Bununla belə çox vacib bir nüans da var. Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparır. Döyüş zonasındakı operativ şərait, nəticələr və itkilər haqda məlumatları ilkin mənbə olaraq Azərbaycan Müdafiə Nazirliyi və Ermənistan Müdafiə Nazirliyi yayır. Yəni Azərbaycan və Ermənistan orduları arasında savaş gedir. Biz Türkiyənin öz Silahlı Qüvvələri özünün hər hansı formada iştirakı və itkiləri haqqında hər hansı məlumat yaymır. Çünki belə bir iştirak da, itkilər də yoxdur. Ancaq buna baxmayaraq, Azərbaycan

istərsə, Türkiyənin birbaşa dəstək verməsi də mümkündür və qanunidir. Bu, iki dövlət arasında qarşılıqlı hərbi və hərbi-texniki yardımlaşma sazişlərində də nəzərdə tutulur. Doğrudur, Azərbaycan indiki halda zərurət görməsə də, hansısa bir üçüncü dövlətin münaqişədə Azərbaycan tərəfdən iştirakını da müqavilə-hüquq normaları mümkün edir. Çünki Azərbaycan Ermənistana hücum etməyib, Ermənistan Azərbaycana hücum edib. Ermənistanın deyil, Azərbaycanın ərazisində döyüşlər gedir. Azərbaycan öz işğal olunmuş ərazilərini azad edir. Ona görə Ermənistanın hətta öz hərbi müttəfiqlərini istəsə belə, bu münaqişəyə tərəf olaraq cəlb etməsinin də müqavilə-hüquqi əsası yoxdur. Əgər Ermənistan başqa dövlətin təcavüzünə uğrayarsa, KTMT mexanizminə apelyasiya edə bilər. O zaman Rusiya aşıq və birbaşa ona köməyə gələ bilər. Əks halda indiki situasiyada Ermənistan tərəfdən hər hansı dövlətin münaqişədə hərbi iştirakı Ermənistanla bərabər həmin dövlət ya dövlətlər qrupu da Azərbaycana qarşı hərbi təcavüz aktına yol vermiş olur. Bütün bunlara görə, hazırda Ermənsitan tərəfinin stəkanda F-16 fırtınası yaratmaq cəhdi əbəsdir və Ermənistanın məqsədlərinə fayda verməyəcək bir yeni provokativ addım və informasiya fəndidir.

Bahəddin Həziyev

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »