Bu dəqiqələrdə Rusiyanın RTR Planeta telekanalında nümayiş etdirilən talkşouda erməni və ruslardan ibarət politoloqlar Azərbaycan- Ermənistan arasında baş verənləri müzakirə edirlər.
Bizimyol.info-nun məlumatına görə, müzakirədə Azərbaycan nümayəndəsinin olmaması fonunda səslənən fikirlərin hamısı ölkəmizə və türkiyəyə qarşı yönəlib.
Proqramın iştirakçıları bir ağızdan Türkiyənin münaqişədəki iştirakından narahatlıq ifadə edərək, Rusiyanın mövqeyinin, təsirinin itməsindən qorxularını dilə gətirirlər.
“Cənubi Qafqaza güclü oyunçu kimi girmiş Türkiyə hadisələri diktə edir. Biz buna yol verə bilmərik. Rusiya regionda öz rolunu itirəcək. Biz təcili Azərbaycana təzyiq və təsir vasitələri tapmalıyıq”.
Proqramda iştirak edən kinorejissor və ictimai xadim Karen Şahnazaryan isə hadisələrə münasibət bildirərkən Ermənistanın yenidən Rusiyanın qanadları altına sığınmasının vacibliyini qeyd edib.
“Məncə yenidən Sovet İttifaqı qurulmalı, Ermənistan da ora daxil olmalıdır. Hesab edirəm ki, Dağlıq Qarabağ da buna etiraz etməz”.
Proqramın aparıcısı isə Azərbaycana qarşı hədsiz qəzəbini gizlətməyərək yarım milyardlıq hərbi büdcəsi olan Ermənistana qarşı 2,5 milyard hərbi büdcəsi olan Azərbaycanın hücumlarının yolverilməzliyini vurğulamağa çalışıb.