Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Qurtulmuşla birlikdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimovla görüşüb.
Bizimyol.info xəbər verir ki, görüşdə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın yanında olduğu vurğulanıb.

“Bu məsələnin bircə həll yolu var – Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Bu, baş verməyənə qədər problem həll olunmayacaq”, - Mövlud Çavuşoğlu belə deyib.
Türkiyəli nazir onu da vurğulayıb ki, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən qətnamələrinin mövcudluğuna baxmayaraq, ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün lazımi addımlar atmayıb, tədbirlər görməyib.
“Xüsusən bizim hakimiyyətimiz dövründə Türkiyə bu məsələnin siyasi yolla, sülhlə həll olunması üçün çox cəhd göstərdi. Amma bu cəhdlər də nəticə vermədi.
Biz istər döyüş meydanında, istərsə də danışıqlar masası arxasında Azərbaycanın tərəfindəyik. Biz istəyirik ki, problem tam həll olunsun, Qafqazda, regionda sülh, əmin-amanlıq bərqərar olsun. Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Bizim evlərindən didərgin düşmüş milyona yaxın azərbaycanlı qardaşlarımız yurdlarına qayıtmalıdır”, - Çavuşoğlu bildirib.