Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda əks-hücum və dəyişən reallıqlar

Ermənistan-Azərbaycan hərbi əməkiyyatlar teatrında kim nələri necə dəyişdi?

Azərbaycan ordusunun işğal olunmuş ərazilərdə Ermənistan silahlı birləşmələrinə qarşı uğurlu əks-hücum əməliyyatları anbaan yeni hərbi reallıqlar yaradır. Düşmən itkilər verərək geri çəkilir. Bir müddət əvvəl irəli sürmüş olduğu “yeni ərazilər üçün yeni müharibə”konsepsiyası Ermənistan müdafiə naziri David Tonoyanın gözündə qaldı. Ermənistan ordusu nəinki yeni ərazilər haqda düşünmək iqtidarındadır, əksinə zamanında işğal etdikləri əraziləri itirirlər.

Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəidi olduğu dövrdə Füzuli rayonunun işğal altında olan ərazisinə səfərində belə demişdi: “Azərbaycana bir santimetr də torpaq verməyəcəyik”. Vanetsyan o mənada haqlı idi ki, Ermənistandan bir santimetr belə torpaq istəyən yox idi. İndi ordumuz onlarla kilometrlik məsafə qət edərək yüzlərlə kvadrat kilometrlik əraziləri azad edirlər. Vanetsyan DTX rəisi olmasa da, partiya sədri kimi Ermənistan siyasətindədir; izləyib görür ki, artıq Azərbaycan ordusu Füzuli rayonunun kəndlərini azad edib, Füzuli şəhəri uğrunda döyüşür. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təhqir edərək: “Qeyrəti olan xalq itirdikləri torpaqları döyüşüb alar, danışıqlarda dilənməz” demişdi. Və bu gün qarşısında qeyrətli bir xalqın ordusunu gördü; Azərbaycanda xalq könüllülərini və çağırışçılarını toybayramla – alqışlarla döyüşə yola salır, ancaq Ermənənistan hakimiyyəti ordudan, döyüş bölgələrindən qaçan öz əsgər və zabitlərini silah tətbiq edərək geri qaytarmağa çalışır. Hətta postlada geri qayıtmaq istəməyənlərə atəş açır. Ölənlər, yaralananlar var. Dağlıq Qarabağdakı separatçı qurumun rəhbəri, dünən Gəncəni vuracağları ilə hədələyən, Azərbaycana şərt qoymaq xülyasına qapılan, Şuşadakı “andiçmə” tamaşasının baş rol oyunçusu Araiq Arutyunyan bu gün gerçək hərbi əməliyyatlar teatrının yeni reallıqlarından Xankəndində gizlənməyə zirzəmi axtarır. Bir neçə gün əvvəl özünün qondarma “parlament”ini guya Şuşaya köçürməyə hazırlaşan “prezident” qırığı bu gün Şuşadan, Xankəndindən ermənilərin Ermənistana qaçışının təşkilati işləri ilə məşğuldur.Mən Azərbaycan ordusunun azad etdiyi kəndlər, yüksəkliklər haqqında yazmağa ehtiyac duymuram. O cümlədən, Ermənistan ordusunun itkiləri haqda Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlmatları təkrar xatırlatmağı da lazım bilmirəm; bunlar hər kəsə məlumdur.

Vurğulamaq istıdiyim əsas fikir budur ki, Ermənistan silahlı qüvvələrinin 30 il boyunca yaradıb dəyişməzliyi haqqında miflər hördüyü reallıqları Azərbaycan ordusu cəmi 30 saata dəyişdi. Nəinki dəyişdi, hətta dağıtdı. Bunun səbəbləri çoxdur, sadəcə, bri neçə amili qeyd etmək lazımdır. Əvvəla, Azərbaycan ordusu öz torpağında vuruşur. Ermənistan ordusunda: “Mənim olmayan torpaqlar üçün niyə ölməliyəm?! sualı dolaşırkən, Azərbaycan əsgəri öz torpağı üçün ölməyi və öldürməyi özünə şərəf bilir. Bu, pafos deyil, gözümüzün qarşısındakı reallıqdır. Azərbaycan əsgəri özgə meydanında deyil, öz meydanında mübarizə aparır. İkincisi, erməni əhali öz ordusunun arxasından qaçdığı halda, Azərbaycan xalqı əsgərinin yanına can atır. Bacardığı kimi köməyini, dəstəyini, canı və qanı ilə verməyə çalışır; bunlar da metafora deyil -elə ordu üçün qanvermə aksiyasındakı bugünkü izdihama baxmaq yetər. Azərbaycanın və Ermənistanın ordu güclərinin xeyrimizə olduğunu, resurs disbalansını heç xatırlatmadan üçüncü, vacib amilə keçirəm: Ermənistanın müttəfiqləri ona ağanın vassala yanaşdığı kimi yanaşırkən, Türkiyə Azərbaycana müttəfiqdən də artıqdır – qardaşlıq edir: “Axıra qədər bütün imkanlarımızla yanınızdayıq” deyir. Pakistanı, Ukraynanı, başqa ölkələri hələ demirəm.

Azərbaycan, Türkiyə

Bu yerdə elə Azərbaycanın son əks-hücum kampaniyasının dünyada və bölgədə yaratdığı yeni siyasi, diplomatik reallıqlara da baxaq. Bir az əvvəl müttəfiqlərinin Ermənistana ağanın vassala yanaşdığı kimi münasibətindən yazmışdıq. Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyanın bir gün əvvəlki görüşünün videogöüntüsünə baxın. Təkcə elə bu görüntüdən də aydın olur ki, Paşinyan nəinki gözlədiyini, heç istədiyini ala bilməyib. Daha sonra Putinin Qırğızıstan prezidenti ilə görüşündə: “Biz qonşularımızın daxili siyasətinə qarışmırıq” bəyanatı da bu dediklərimizə sübutdur. Baş verənlər fonunda Avrasiya İqtisadi İttifaqının və eləcə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gələcəyi –postsovet məkanında Rusiyanın patronajlığı ilə aparılan reinteqrasiya proseslərində Ermənistanın iştirakı perspektivi haqda Qırğızıstan prezidentinin qaldırdığı məsələyə Rusiya rəhbərinin göstəırdiyi soyuqqanlı reaksiyadan çox mətləblər bəlli olur. Hələ heç əməkiyyatlar başlamamışdan rus xarici işlər naziri Lavrovun açıqladığı 5 rayon məsələsinə toxunmuruq. İndi döyüş meydanlarında Azərbaycanın yaratdığı son reallıqlardan sonra Rusiya hakimiyyəti Dövlət Dumasının MDB üzrə Avrasiyaya İnteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun dili ilə 5 rəqəmini 7 rəqəmi ilə əvəz edib. Kalaşnikov deyib ki, hələ 1994-cü ildə “Ermənistan ələ keçirdiyi 7 rayonu Azərbaycana qaytarmalı idi”. Ancaq, onun dediyinə görə, buna o zamankı xarici işlər naziri Andrey Kozırev mane olub. Beləliklə, Ermənistanın belə ərköyünlüyünü Rusiya rəsmiləri Boris Yeltsin hökumətinin ayağına yazaraq indiki prezidentin rəsmi İrəvandan siyasi məsafəsini bir daha vurğulamış olurlar. “Nə olubsa, bizdən qabaq olub” deyə Azərbaycana reverans edirlər və sanki Ermənistanın arxasındaymış kimi görünməməyə çalışırlar (simalarını və formal müttəfiqliyi) qorumaq üçün hərdən silah-sursat göndərmələrini hesaba almasaq.

İran da bir xeyli gözlədi, döyüş meydanlarında dəyişən hərbi reallıqları izlədi, Daha sonra öz siyasi mövqeyini bu reallıqlara uyğunlaşdırdı. Belə ki, İran hökumətinin sözçüsü Əli Rəbii öz açıqlamasında Azərbaycanin ərazisinin işağ edildiyini və öz torpaqları üzərində “qanuni haqqını” vurğuladı. Rəbii dedi: “İki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli mümkündür. İran, Türkiyə və Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası sahəsində və ixtilafların həllində hər iki ölkəyə yardım edə bilər”. “BMT TŞ qətnamələrinin icrası” deyəndə Rəbii erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxmasını nəzərdə tutur. O qətnamələrdə el yazılmışdı. Həm də qeyd-şərtsiz çıxarılmadan söhbt gedirdi. Sadəcə, İran bunu Türkiyə və Rusiya ilə birlikdə etməkdə maraqlı olduğunu deyir (Türkiyənin də bölgədəki varlığını etiraf etmiş olur). Məqsəd Minsk Qrupu mexanizmi ilə ABŞ və Avropa İttifaqının regiona gəlişini istəmədiyini ifadə edir. Avropa İttifaqı desək, qurumun lokomotiv dövlətləri olan Almaniya və Fransa baş verənləri BMTR Təhlükəsizlik Şurasının təcili iclasına çıxarmağa çalışır; Angela Merkel artıq Prezident İlham Əliyevlə danışıb. Eyni zamanda İlham Əliyevin BMT Baş Katibi ilə də söhbəti olub. Azərbaycanın bu iclasa və ya hansısa başqa diplomatik masaya yatıracağı faktlar və arqumentlər məlumdur. Bu, ilk növbədə BMT TŞ-nın öz qətnamələridir ki, Azərbaycan ordusu, faktik olaraq, həmin qətnamələrin icrasına başlayıb. BMT-yə sözümüz: ya qətnamələrinizi özünüz icra edin, ya da bizə mane olmayın. Təbii ki, beynəlxalq birlik Ermənistanı və Azərbaycanı danışıqlara qayıtmağa çağırır və çağıracaq. Azərbaycanın Qarabağda yaratdığı yeni situasiya ABŞ siyasətində də əks-səda verdi; Dövlət katibi Mayk Pompeo dedi: : Hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substansiv danışıqlara qayıtmalıdır”. Artıq aylardır ki, Paşinyan elə həmin substansiv, yəni mahiyyət üzrə danışıqlardan yayındı, sonra isə: “Qarabağ Ermənistandır” deyə danışıqları pozdu. Danışıqları pozan tərəf də atəşi birinci dayandırmalıdır – Pompeonun bəyanatı qarşısında deyəcəyimiz söz var. O cümlədən, ordumuzun qabağından qaçıb mülki əhalimizi atəşə tutan Ermənistanın hərbi cinayətləri haqda.

Ümumiyyətlə, danışıqlara qayıtmağa gəlincə, Azərbaycan danışıqlardan heç yerə getməmişdi ki, qayıtsın da. Çünki artıq olmayan, Ermənistanın günahı üzündən məhv olmuş danışıqlara necə qayıtmaq olar?! Danışıqlardan gedən kimdirsə, o qayıtmalıdır. Və nəhayət. Ordumuzun uğurlu əks-hücumunun yaratdığı yeni, mühüm reallıq odur ki, hətta belə danışıqlar olacaqsa və Azərbaycan ora qayıdacaqsa, Prezident İlham Əliyevin dediyi kimi, söhbət Ermənistan qoşunlarının Azərbaycanın ərazilərindən çıxarılmasının qrafikindən gedə bilər. Əgər danışıqların mövzusu bu olmayacaqsa, danışmağa heç bir başqa mövzu da olmayacaq. Diplomatların dialoqu olmayacaqsa, deməli, orduların dueli davam edəcək.

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »