Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın şimalına qoşun yeritsək...

Azərbaycan BMT-nin etmədiyini edir

Almaniya və Estoniya məsələ qaldırdı. BMT Təhlükəsizlik Şurası təcili toplanır. Qarabağdakı son durum müzakirə olunacaq.

Soruşa bilərsiniz, müzakirəlik nə var ki?! Amma var.

Düzdür, iclası çağırıblar ki, döyüşləri dayandırmağa çağırsınlar. Bizim də döyüşü saxlamaq fikrimiz yoxdur. Məqsədimiz Ermənistanı sülhə məcbur etməkdir. BMT döyüşləri dayandırmağa nail olmaq istəyirsə, öz Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdirməlidir. Atəşi dayandırmaq gücü varsa, onu əvvəlcə öz qətnamələrinin yerinə yetirilməsinə sərf etsin. BMT bunu edə bilər; TŞ 5 üzvündən 3-ü ATƏT-in Minsk Qrupunun həmsədridir. BMT onu müzakirə etməlidir ki, niyə 27 ildir özünün qətnamələri icra olunmur?! Özü icra etdirmir. Orda həm Laçın dəhlizi, həm Kəlbəcər, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad edilməsinin yolu və vaxtı yazılıb. Düşmən tərəf qeyd-şərtsiz bu torpaqlardan çıxmalıdır. "Dərhal" sözü də yazmışdılar. O "dərhal"dan keçən 27 ildə böyüyən oğlanlar indi qarşlduran orduların əsgər və zabitləridir. Həmin qətnamələr, yazıldığı kimi, dərhal icra olunsaydl, bu gün o 27 yaşlı oğlanlar cəbhədə bir-biri ilə döyüşməzdi. Bu qədər insan ölməzdi.

Azərbaycanı heç nədə günahlandıra bilməzlər; 1993-cü ildə doğulmuş oğullar indi döyüş yaşına çatıb, BMT-nin öz sənədində yazdıqlarını onun əvəzindən həyata keçirməyə gedib. Dünyanın ən böyük 5 dövləti BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Heç kim deyə bilməz ki, ABŞ-ın, Rusiyanın, Fransanın, Böyük Britaniyanın, Çinin Ermənistana gücü çatmır. Bircə bunu deməsinlər. Azərbaycan döyüşü niyə dayandırsın ki?! Öz ərazisində döyüş əməliyyatları aparır. Ölkənin prezidenti çox qərarlıdır. Xalq çox inamlı və israrlıdır. Müharibədən deyil, müharibənin yarımçıq dayanması ehtimalından qorxan xalqımız var: "Aprel döyüşləri kimi yarımçıq qalmasın, axıra qədər gedək" deyir.

Azərbaycan Ordusuna əmri Ali Baş Komandan verir. BMT-nin əmr verəcəyi ölkə deyilik. Biri əmr verəcəksə, Ermənistana versin. Biz öz ərazimizdə döyüşürük. Özgənin ərazisində döyüşən Ermənistandır. Müzakirə edirlərsə, Ermənistanın özgə ərazisindən dərhal və qeyd-şərtsiz çıxmasını müzakirə etsinlər. Qərar verirlərsə, Ermənistanla bağlı qərar versinlər. "27 il Azərbaycan həmin o qətnamələrin icra olunacağını gözləyib, 27 gün də dünya birliyi gözləyər" deyərdim, heç 2,7 gün dözə bilmədilər. Ermənistanın baş naziri heç 1,7 gün tab gətirə bilmədi; döyüşlərin bir günü bəs elədi ki, qorxusundan əsməcəyə düşsün.

Azərbaycan nə edir?! Amerikanın, Rusiyanın, Fransanın və sair etmədiyini edir; BMT TŞ-nin qətnamələrini yerinə yetirir.

Yadıma Cahan fatehi Makedoniyalı İsgəndərlə filosof Diogenin söhbəti düşdü. Hökmdar gəlibb filosofun qarşısında dayanır və soruşur: "Sənin üçün nə edə bilərəm?!" Diogen isə cavabında deyir: "Qarşımdan çəkil, mənə gün işığı dəysin". Azərbaycanın həmin o dünya güclərinə dediyi budur: özünüz bu münaqişəni həll etmək üçün bir iş görmürsünüz, heç olmasa, mane olmayın. Mövlananın gözəl bir kəlamı var: "Özünə rəva bilmədiyini başqasına rəva görmə. Yəni özünü başqasının yerinə qoy. Tutaq ki, Çin Uzaq Şərqi işğal edir, sonra da Çin Xalq Respublikasının sədri Xabarovska və ya Vladivostoka gəlib: "Bura Çindir. Və nöqtə" desə, Rusiya dövlətinin reaksiyası necə olar?!. Yaxud əksinə. Bu gün Fransa Ermənistana dəstək verir. İtaliya gəlib onun bir əyalətini özününkü elan eləsə... Yaxud Meksika: "Texas bizimdir, vəssalam" desə. Nələr baş verər?! Birinin evinə cani, quldur gəlib, ailə üzvlərini qətl edir, evi talayır və hətta evi özününkü elan edirsə, ev sahibi buna dözməlidir?! Və polis də, məhkəmə də: "Quldurla işin yoxdur, qoy, nə bilirsə, etsin" deyəcək?! Bizim durumumuz budur. Rusiya həm bu "məhkəmə"də hakimlik edir, həm də müttəhimə - Ermənistana silah verir ki, yenə cinayət törətsin. Bu, necə bir məntiqdir?! Hələ İranı, başqalarını demirəm.

İran

Ermənistandan Qarabağa 3 yol var. Onun biri atəş nəzarətinə götürülüb. Qalır ikisi. Azərbaycan Ermənistanla sərhədlərini necə Tovuzda, Qazaxda, Ağstafada, Daşkəsəndə, Gədəbəydə bu ölkənin üzünə qapayıbsa, Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə də bağlaya bilər. Buna haqqı da var.Ermənistan Azərbaycanı bir dövlət olaraq rəsmən tanımayıb. Gürcüstanla sərhədlərimiz niyə açıqdır?! Çünki bizi dövlət olaraq tanıyıb, biz də onu tanımışıq. Bir-birimizin sərhədlərinə, suverenliyinə, ərazisinin bürünlüyünə hörmət edirik. Ermənistan isə bizə münasibətdə bunu etmir. Üstəlik torpağımızı işğal edib. O zaman bizim ordumuzun tam haqqı var ki, sərhədləri bağlamaq üçün döyüşsün.

Biz İranın şimalına qoşun yeridib Təbrizdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının iclasını keçirsək, Güney Azərbaycana prezident seçib, Marağada və ya Urmiyada onun andiçməsini etsəydik, İranın xoşuna gələrdimi?! Əlbəttə, yox! Bizim də xoşumuza gəlmir. Ona görə bu, müqəddəs Vətən müharibəsində kimsənin bizə "vur" deməyə ədaləti çatmırsa, "dur" deməyə səlahiyyəti də yoxdur. Ən azı gərək mənəvi səlahiyyət olsun. Biz bu davada haqlı tərəfik. Haqqın tərəfində olanlar da bizi dəstəkləyir. Bu gün Ermənistana "dur" deməyənlər, "özgənin torpağından çıx" deməyə mənəvi gücü olmayanlar bizə demokratiyadan, sülhdən, İslam dəyərlərindən danışmasınlar. Xeyirlə Şərin, haqqla nahaqqın, işğalçı ilə işğal olunanın arasında neytral qalanların ədaltinə kim inanar?! Biz də inanmırıq. Ölkə Prezidentinin dediyi kimi, Qarabağı azad etmək bizim tarixi vəzifəmizdir. Və bu gün o tarixi Ordumuz yazır. Bizi sülhə çağırmaq istəyənlər əvvəlcə işğalçını öz adı ilə çağırsınlar da görək.

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »