Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diplomu işsizlər ordusu - ölkəmizdə diplom xəstəliyi

Bu gün Azərbaycanda yaşı 40-a çatmış amma maddi imkanları yaxşı olmayan, oxuduğu ali məktəbin diplomuna uyğun olmayan minlərlə ali təhsilli işsiz var. Və mənim onlar arasından kimi danışdırsam, ilk eşitdiyim söz bu olub. “Heyf o 4 ildə itirdiyim vaxta və pullara...”

“Ali məktəblərə qəbul olmayan nə balalar, nə valideyinlər üzülməsin. İnanın ki, normal yaşamaq üçün sizə Azərbaycan təhsili lazım deyil. Bunu sizə 3 Təhsili Fərqlənmə ilə bitirmiş biri kimi deyirəm. Sadəcə diribaş olun. Gələcəkdə vəzifə üçün isə özünüzə təhsil yox "dayday" axtarın.

Ən yaxşısı isə o lazımsız təhsilə itirdiyiniz vaxt və pulun əvəzinə sənət öyrənib məsələn, həmişə "çörək" olan avtomobil ustası olun”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında yarızarafat yarı ciddi bir QHT sədri paylaşıb. Adam haqlıdır. Çünki təcrübəsindən irəli duraraq danışır.

Bizim Azərbaycanda diplom və ehsan vermək xəstəliyinin müalicəsi tapılmır. Bütün valideynlər potensialı oldu- olmadı övladını ali məktəb tələbəsi kimi görmək istəyir. Həm də ən nüfuzlu peşələrdə. Cərrah, prokuror, general... Heç kim generala gedən yolun zabit olub dağlarda, daşlarda zülm çəkməkdən keçdiyini, heç kim hüquq fakultələrini bitirən milyonlarla gəncin işsiz qaldığını, heç kim qan görəndə diksinən nazlı qızın cərrah ola bilməyəcəyini görmək istəmir. Yalnız ona görə ki, toy və ehsan məclislərində, qohum-qonşu yanında öyünsünlər ki, balam filan ali məktəbdə oxuyur.

O bala çox gözəl sənətkar olub ailəsini öz qızıl əlləri ilə dolandıra da bilər. Amma bizim cəmiyyətimizdə gözəl peşə seçdiyinə görə, hətta kollecə daxil olan heç bir gənci təbrik etmirlər. Cəmiyyətin basqısı buradan başlayır. Qız istəmədə oğlanın haranı bitirməsi birinci soruşulur. Axı özünü yetişdirən, geniş dünya görüşünə malik və yaxşı bir sənətin kamil bilicisi olan oğullar heç də heç kimdən geri qalmırlar. Söhbət təkcə oğullardan da getmir.

Biz kurikulum sisteminə keçdik, Avropa təhsil sisteminə bənzəməyə çalışdıq (sadəcə, çalışdıq), amma unutduq ki, dünyanın ən inkişaf etmiş ölkələrində, məsələn, elə Almaniya təhsil sistemində şagirdlərə əmək qabiliyyətinin öyrədilməsi daha önəmlidir və liseydə təhsil alan şagird hansısa müəssisədə peşə öyrənərkən eyni zamanda maaş alır və onun bacarıqları yüksək səviyyədədirsə, müəssisə rəhbərliyi həmin şəxslərə ciddi iş təklif edir. İşsizlik səviyyəsi yüksəkdir deyərkən bir qədər də diqqət etməliyik. Bizim gəncliyimiz hansı peşəni yüksək səviyyədə bilir, orta məktəbi bitirən şagirdlərimizin hansının əlində hansı qabiliyyıət var? Peşə məktəblərimiz hansı səviyyədə öyrədir? Xarici avtomobbillərin beynini təmir edə biləcək neçə peşəkar var? Proqram təminatını, dəniz altında qaynaqçılığı, yüksək səviyyədə seleksiya işlərini, alqı-satqı menecmentini və s. neçə nəfər gözəl bacarır?

Sovet dönəmində neftçi, pambıqçı, kolxozçu, fəhlə, sağıcı peşələrinə verilən yüksək dəyəri xatırlayıram. Deyə bilərik, zaman dəyişib. Bəli zaman dəyişib, insan da dəyişib. Amma təəssüf ki, bizlər indi diplomlu savadsızlar və peşəsizlər, səriştəsizlər yığınına çevrilmişik. Gec olmadan övladlarınızı sənət, peşə sahibi edin, əziz valideynlər. Həyata qarşı çılpaq qalmasınlar deyə...

Son xəbərlər
Bütün xəbərlər »