Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maksim Musayev: "YAP-çılar sanki tənqiddən qorxurlar"

"Biz Heydər Əliyevin liderliyi ilə cəmi 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olmuşduq..."

Son vaxtlar həm bəzi partiya funksionerləri, eyni zamanda cəmiyyət tərəfindən də Hakim Yeni Azərbaycan Partiyasında islahatların vacibliyi barədə çağırışlar səslənməkdədir. Yeni Azərbaycan Partiyasının fəal qurucularından biri, sabiq deputat və keçmiş icra başçısı Maksim Musayev Moderator.az əməkdaşı ilə YAP-ın keçmişi, bu günü, gələcəyi barədə geniş söhbət edib.

- Maksim müəllim, mərhum Heydər Əliyevlə çiyin-çiyinə partiyanın yaradılmasında böyük zəhmətlər çəkdiyini iddia edən bir şəxs kimi YAP-dakı islahatlar, onların konkret nələrdən ibarət olmalı olduğu haqda nə deyə bilərsiz?

- YAP-da hazırda islahatlar aparmaq çox çətin məsələdir. Çünki partiya vaxtilə “durğunluq dövrü” adlandırılan Brejnev dövründəndən pis bir durğunluq keçirir... YAP-ın yeni qurultayı təşkil olunmalı, qurultaya nümayəndələr seçilməli, həmin nümayəndələrin, ən azı, 60-70 faizi gənclər olmalıdır. Həmin gənclərin əksəriyyəti milli ruhlu, vətənpərvər, dövlətçiliyi sevən, konstitusiyamıza, qanunlarımıza hörmət edən, əli təmiz, dili təmiz, rüşvət və korrupsiyadan qorxan, çəkinən adamlar olmalıdır. Qurultay əgər normal Siyasi Şura seçə bilərsə və Siyasi Şura da öz növbəsində İdarə Heyəti seçərsə, onlar hansı formada yeni iş metoduyla işləmək gərək olduğunu müəyyən edər... Amma əgər mərhum Heydər Əliyev başda olmaqla YAP qurucularının müəyyən etdiyi strateji yoldan, qarşıya qoyulan ali məqsədlərdən, verilən tövsiyələrdən kənara çıxılacaqsa, heç bir islahatdan söhbət gedə bilməz... YAP, nəhayət, özü-özünü saflaşdırmağa doğru getməlidir. YAP-ın rəhbərliyində və yerli təşkilatlarında tənqid və özünütənqid, demək olar ki, yaddan çıxıb. Hətta partiyanın banisi Heydər Əliyevində bu sahədəki tövsiyələri unudulub. YAP-çılar sanki tənqiddən qorxurlar, tənqid adı eşidəndə titrəyirlər...

- Yəni YAP-ın aparıcı üzvləri partiya iclaslarında da bir-birini də tənqid edə bilmir?

- Xeyr, əsla. Çünki əksəriyyəti bataqlığın içində olduğundan bir-birinin yanında da gözükölgəlidirlər. Əgər biri o birisinə desə ki, sənin 20 villan var, filan banklarda neçə milyon pulun var. Dərhal o da sualla cavab verəcək ki, bəs özününkülərdən niyə danışmırsan, sənin varidatın bəlkə mənimkindən də çoxdur.. Odur ki, bunlar biri-biri ilə razılığa gəliblər ki, sən mənim paxırımı, zibilimi açma, mən də səninkini açmayım.

- Son illər və aylarda, demək olar ki, hamısı YAP üzvü olan bir sıra yüksək və orta vəzifə sahibləri, o cümlədən nazirlər, icra başçılarının işlərində, xalqla, vətəndaşla davranışlarında yol verdikləri nəinki xəta və nöqsanlara, ağır cinayətlərə, korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə hallarına görə tutduqları postlardan azad olunması, bəzilərinin hətta həbs olunması hakim partiyada islahat və kadr yenilənmələrinin vacibliyini gündəmə gətirib. Yəqin ki, artıq YAP lideri olaraq Respublika Prezidenti İlham Əliyev də iş qrafikinin çox məhdud olmasına, əsasən Qarabağ məsələsi ilə məşul olmasına rəğmən bu haqda düşünməkdədir.

- Bilirsiz, son onilliklərdə ölkədə həm aşağılarda, həm də yuxarılarda çox qəribə bir tendensiya yaranıb. Hardasa azca çətin bir problem yaranan kimi, hamı Prezidentə üz tutur... Heç hakim partiyaya – YAP rəhbərliyinə bir müraciət edən yoxdur ki, onlar da xalqın problemləri ilə maraqlansınlar. Məgər cənab Prezidentin vaxtı, imkanı var ki, hər rayonda hansısa icra başçısının, digər rəhbər məmurun nə işlə məşğul olduğunu, kimdən nə verib-aldığını öyrənə bilsin? Bunları partiyanın mərkəzi aparatı və rayon şöbələri bilməlidir. YAP-ın İcra Katibliyi, Siyasi Şurası, İdarə Heyəti, nəzarət qrupları var... Bunlar işləməli və YAP sədrinə hesabat verməlidir. Axı, siz dediyiniz kimi, demək olar ki, bütün icra başçıları, nazirlər, digər yüksək vəzifəli məmurların hamısı YAP üzvləridir. Bunların işlərinə partiya tərəfindən nəzarət olunmalı, nöqsanları, günahları müəyyən edilməli, cinayətə meyl edənlər bundan çəkindirilməli, yeri gələndə partiya cəzaları tətbiq edilməlidir... Heç Prezident Administrasiyasının şöbələri də bütün problemləri həll etməyə çatdıra bilməz... Gərək partiyanın da şöbələri işləsin... Çünki Administrasiyanın əsas əməkdaşlarının sayı, uzağı, 150-200 nəfər olar, amma partiyanın 700 minədək üzvü var... Siyasi Şuradan, İdarə Heyətindən tutmuş hər bir sıravi üzvədək partiya fəallaşmalıdır... Amma təəssüf ki, bunlar Prezidentə heç bir kömək göstərmirlər.

Üzümü partiyanın aparıcı şəxslərinə tuturam. Sizlərin hazırda özünüzün, rayon şöbələrinin qərargahlarının kabinetlərinə girirsən, adam heyran qalır... Mən Kremldə də olmuşam, orda da belə yüksək səviyyəli dəm-dəsgah görməmişəm. Prezident, dövlət sizin üçün hər cür şərait yaradıb, zəhmət çəkin, işləyin də... Yoxsa başqa şeylərdi sizin məqsədiniz? Bu minvalla ölkəmizin o ağır günlərində minbir əziyyətlə yaradılmış partiyanı pis vəziyyətdə qoyursunuz axı... Ona görə də dözmək olmur bunlara... Kimsə yaxşı iş görməyib qürrələnəndə adama çox pis təsir edir... Budurmu sizin gördüyünüz işin nəticəsi? Yaxşı iş olanda qürrələnərsiniz, bir balaca pis işlə rastlaşanda, niyə belə olmasının səbəbini soruşanda cavab verirsiz ki, cənab Prezidentin tapşırığını gözləyirdik. Məgər əliəyri, tamahkar partiya üzvünə doğru yol göstərmək üçün cənab Prezidentin birbaşa göstərişinə, tapşırığına ehtiyac var?..

Biz indi Konstitusiyanın tələblərinə əsasən YAP-ın demokratik quruluşa töhfələr verməsindən danışmalıyıq. Ancaq gerçəklik odur ki, çoxsaylı YAP-çı məmur ordusu cərgələrində baş verənlər bu haqda bəhs etməyi çətinləşdirir. Qanunların aliliyinin ölkədə təmin edilməsində partiyamızın rolu yalnız tənqidə layiqdir. İqtidar partiyası qanun keşiyində duran partiya olmalı və öz üzvlərinə qanunçuluqda nümunə olmalıdır. Təəssüf ki, qanun pozuntusu olan dövlət və hökumət qurumlarında aparıcı vəzifələrin əksəriyyətində YAP üzvlərinin olması heç kəsə sirr deyil. İşdəki, vəzifədəki nöqsanlara görə YAP-dan kənarlaşdırma isə, demək olar ki, yoxdur. KİV-də yalnız 2-3 aparıcı YAP-çı çıxış edir. Onlar da eyni fikirləri söyləməklə tamaşaçılarda antipatiya yaradırlar.

Sanki gənc nəslə paxıllıq edilir. İstedadlı gəncləri küncə sıxanlar var... Demokratik idarətemə sahəsində partiyanın rolundan danışmaq da qeyri-mümkündür. Müxalifət müxtəlif formada tənqidlər edəndə bəzən YAP-çılar bunun qarşısında aciz qalırlar. Niyə? Ona görə ki, bəzilərinin başı yalnız özlərinə, var-dövlət yığmağa qarışıb.... Partiyadaxili nəzarət sistemi də yox dərəcəsindədir... Hər YAP üzvünün tapşırılmış sahəyə cavabdehliyi nəzarətdən uzaq olduğundan hər bir şəxs öz istədiyini edir, dövlətin cibi ilə öz cibinə fərq görmür. Bu da təbii ki, respublikadakı ictimai-siyasi duruma mənfi təsir göstərir...

Hazırda respublika üzrə bələdiyyələrdə yaranmış qeyri-müstəqil idarə üsulunun müəllifi elə rəhbərlikdəki YAP üzvləridir. Bələdiyyələr bu və ya başqa yolla yerli icra hakmiyyətlərinə, konkret olaraq icra başçılarına tabe etdiriliblər. Konstitusiyamızın 4-cü bölməsinin 9-cu fəslini kobudcasına pozan məhz vəzifələrdəki YAP üzvləridir. İcra hakimiyyətləri qanunsuz olaraq bələdiyyə başçılarının iclasa çağırıb tapşırıqlar verir. Onları danlayır və hətta bəzən təhqir də edirlər. Bələdiyyə seçkiləri isə faktiki olaraq icra başçıları tərəfindən bələdiyyə sədrlərinin təyinatıdır... Sovet dövründəki kolxoz sədri, baş çoban seçkiləri də indiki bələdiyyə seçkilərindən demokratik keçirilirdi... Bu, yerli özünüidarəetməyə hörmətsizlikdir və antikonstitusyon bir davranışdır. Onları edənlər də yerli icra hakimiyyətlərində əyləşən, konstitusiyadan, qanunlardan xəbərsiz bisavadlardır. Onları dövlətçiliyimizə xəyanətkarlar da adlandıra bilərik... Mən parlamentdə bələdiyyələr haqqında 19 qanun maddəsinin qəbulunda bilavasitə iştirak etmişəm və bəzilərinin də müəllifiyəm. Orada belə antidemokratik davranışlar haqda heç nə yazılmayıb.

- Bəs Heydər Əliyev və YAP-ın sizin kimi fəal qurucuları partiyanı gələcəkdə necə görmək istəyirdi?

- YAP rəhbərliyində, İdarə Heyətində bir silkələnmə, təmizlənmə aparılmalı, tövbə etməli olanlar tövbə edib rəhbərlikdən kənarlaşdırılmalıdır... YAP-da tövbə komissiyası yaradılmalıdır... Həmin komissiya da partiyanın qurucularından, klassik üzvlərindən ibarət olmalıdır... Günahkar YAP-çıların tövbəsini onlar qəbul etməlidir. Hansının artıq tövbəsi də qəbul olunmursa, onlar birdəfəlik bayıra atılmalıdır. Bunların çoxunun artıq “istifadə müddəti” də keçib.

Dərindən düşünəndə Heydər Əliyevin, onun silahdaşları olan bizlərin çəkdiyi əziyyətə insanın heyfi gəlir... Biz 1992-1993-cü illərdə heç bir ciddi maliyyə bazası-filan olmadan cəmi-cümlətanı 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olduq. Cəmi 7 ay ərzində Heydər Əliyevin Naxçıvandan gəlib hakimiyyətə yiyələnməsinə şərait yaratdıq. Amma 7 ay ərzində iqtidara gələn YAP-ın 27 ildir hakim olduğu ölkə hələ də inkişaf səviyyəsinə görə Sinqapura belə, çata bilmir. Niyə? Kimdir günahkar? Günahkar partiya rəhbərliyinə yerləşmiş həmin o anti-YAP mövqeli qruplardır.

- İndiyədək heç olubmu ki, hansısa yüksək və ya orta vəzifəli şəxs işində yol verdiyi nöqsanlara görə partiyadan azad edilsin?

- Xeyr. Bayaq dediyim kimi, belə bir hal eşitməmişəm. Kimisə nöqsanlarına görə tənqid etsinlər. Kiməsə islah olunmaq üçün vaxt versinlər. Digərini müəyyən formada cəzalandırsınlar. Məsələn, töhmət versinlər. Məni son 20 ildə partiyanın iclaslarına dəvət etmirlər. Çünki bilirlər ki, mən tribunaya çıxıb partiyada baş verən neqativ halları çılpaqlığıyla açıb göstərəcəm.

- Müxalifətin neçə on illərdir YAP-ı kəskin tənqid etməsinə münasibətiniz necədir?

- Bütün problemlər kimi müxalifətin fəallaşması da YAP rəhbərliyində olanlardır. Hətta bunlar bəzən özləri Prezidentin gözünə girmək üçün cəmiyyətdə süni problemlər yaradıb sonra guya onu həll edirlər. Və daha sonra da dövlət başçısına məlumat verirlər ki, məsələn, müxalifət filan məsələyə qarşı aksiya keçirmək istəyirdi -susdurduq. Halbuki, özləri şərait yaradıb həmin müxalifətin etirazına. Bilirsiz, YAP rəhbərliyindəkilər özləri öz fəaliyyətsizlikləri ilə müxalifətə faktlar verirlər. Müxalifət də bunları əlində dəstəvuz edib kütlələri ayağa qaldırır. Sən özün faktlara, problemlərə şərait yaratmasan, müxalifət səsini qaldıra bilərmi?

Son xəbərlər
Bütün xəbərlər »