Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir

Orta və ali məktəblərdə hərbi hazırlıq və bu dərslərin də nəzdində ilk tibbi yardımın öyrədilməsi dərs planına bir qayda olaraq daxil edilir. Ölkəmizin müharibə şəraitində olması bu fənnin tədrisinin yüksək səviyyədə təşkili zəruri edir. Bu baxımdan məktəblərdə sözügedən fənnin tədrisinə diqqət artırılmalı, hərbi kabinetlər yaradılmalı, təlim silahları və digər zəruri əşyalarla təchiz edilməli, ehtiyatda olan zabitlər bu fənnin tədrisinə cəlb olunmalıdırlar.

Qanuna əsasən, müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul üçün xüsusi imtahan keçirilir. Müsabiqəyə qatılan şəxslərə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Bu vəzifədə ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda olan zabitlər işləyə bilərlər. Hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə il boyu 68 saat və həftədə 2 saat olmaqla “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur. Fənnin tədrisi Gənclərin İbtidai Hərbi hazırlıq Əsasnaməsinin 29 may 1998-ci il qərarına uyğun olaraq tənzimlənir. Fənni tədris edən müəllimlər Azərbaycan Dövlət Pedeqoji Universitetinin hərbi hazırlıq və fiziki təlim fakultəsini bitirən məzunlar və eyni zamanda silahlı qüvvələrdən ehtiyata buraxılan zabitlərdir. Bakı şəhərində bəzi məktəblər var ki, Müdafiə Nazirliyi, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti tərəfindən hamiliyə götürülüb. Adıçəkilən qurumlar tərəfindən həmin məktəblərdə tam təchiz olunmuş hərbi siniflər yaradılıb.

Lakin təəssüf ki, nümunəvi hallar barmaqla sayılacaq qədər azdır və orta məktəblərin böyük əksəriyyətində hərbi hazırlıq dərsləri sadəcə sıraya düzülüb addımlamaqdan, sağa sola dönməyi öyrətməkdən ibarət olur. Bu şagirdlər silahları ancaq şəkillərdə görürlər, ən yazşı halda məktəbə II Dünya Müharibəsindən qalmış köhnə əlehiqazlar verilir ki, əyani vəsait olaraq şagirdlər istifadə etsinlər.

“Müharibə şəraitində yaşayan ölkədə hərbi dərslər mütəmadi olaraq keçirilməlidir. Buna hətta ibtidai siniflərdən başlamaq lazımdır.Ermənistanda ibtidai siniflərdə uşaqlara Azərbaycanfobiya təbliğ edilir, bizdə isə humanizm. Bizim torpaqlarımız işğal altındadır.

Çox yaxşı olardı ki aşağaı siniflərdən hərbi hazırlıq dərsləri ilkin hərbi məlumatlar öyrədilsn. Düzdür, həyat bilgisi dərsində müəyyən bilgilər verilir. Lakin bu azdır. Hesab edirəm ki, təhsil Nazirliyi bunu nəzərə almalıdır”

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada təhsil eksperti Elçin Əfəndi səsləndirib.

Elçin Əfəndi Elçin Əfəndi

Orta məktəblərin 10-cu və 11-ci siniflərində tədris edilən “Çağırışaqədərki hazırlıq” dərsliklərindən başlayaq. son zamanlar aktuallaşan kimyəvi, bioloji, bakteroloji və nüvə təhlükəsizliyi, pandemiyalar və epidemiyalar dövründə davranış mövzusudur. 2011-2014-cü illərdə Həbib Ocaqov və Rövşən Qasımovun hazırladığı 10 və 11-ci siniflər üçün “Gənclərin Çağırışaqədərki Hazırlığı” dərsliyin “Təhlükəsizlik və Fövqəladə Hallarda İnsanların Mühafizəsi” bölməsində bütün bunlar nəzərə alınsa da yeni yeni dərsliklərdə bu mövzulara diqqət yetirilmir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Gənclərin Çağırışaqədərki Hazırlığı və Fiziki Tərbiyə fənni üzrə metodisti Rövşən Qasımov bildirib ki, məktəblərin əyani vəsaitlərlə təchiz edilməsi istiqamətində işlər aparılır, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 308 ümumtəhsil məktəbinin 100-ə yaxınında “elektron silah” layihəsinin həyata keçirilməsi başlanılıb: “Şagirdlər hər tədris ilində proqram materialına uygun olaraq elektron silahdan atəş açır, atışın əsas və qaydalarını öyrənir, həmin silah komplektinə daxil olan digər AK-74 avtomatını söküb yıgırlar”.

Təəssüf ki, bu hal Azərbaycanın bütün məktəblərində müşahidə olunmur.

Hazırda respublika üzrə orta məktəblərin və liseylərin atış simulyatorları ilə təchizatı Təhsil Nazirliyinin Nazirliyi və MSN-in Milli Aerokosmik Agentliyi (MAKA) arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. Lakin ölkə ərazisindəki bütün məktəblər atış simulyatorlarından yararlana bilmirlər və layihə kağzı üzərində qalıb. Halbuki ölkəmizdə bu işi ucuz və keyfiyyətli şəkildə yerinə yetirə biləcək, daha doğrusu orta məktəbləri hərbi simulyatorlarla tənzimləyə biləcək və 2014- cü ildən bu işlə məşğul olan özəl şirkət var. Azərbaycanda 2014-cü ildən müxtəlif növ atış simulyatorlarının layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət göstərən “DN Technologies” şirkəti bəyan edir ki, biz orta məktəblər və hərbi təhsil müəssisələri üçün silahların virtual sökülüb yığılması dərs vəsaitini hazırlaya bilərik. Bunun üçün məktəbin hansısa təlim silahını almasına, üzərin hansısa riskləri götürməsinə ehtiyac qalmayacaq. Şagird bizim verdiyimiz proqram təminatı əsasında, kompüterdə silahın artırılmış gerçəklikdə modelini virtual olaraq söküb yığa bilər.

Bəs biz nəyi gözləyirik? Niyə orta məktəblərdə süpürgəpulu yığmaq ağıla gəlir, amma bu yox?Orta məktəblərə bu məqsədlə ayrılan pullar hara gedir. Bir iki vəsait alıb, kabinet yaradıb onu da gələn gedən qonaqlara göstəriş üçün qapısıbağlı saxlamaqla nəyəsə nail olmaq mümkün deyil. Orta məktəbi bitirən oğlanların hamısı ali təhsilli kadrlar olmayacaqlar, amma böyük əksəriyyəti əsgər olacaqlar, vətən keşikçisi olacaqlar, lazım gələrsə məktəbdən səngərə gedəcəklər. Çünki biz müharibə şəriaitində yaşayırıq. 30 il ərzində bunu dərk etməmişiksə kor gülləyə qurban gedən şəhidlərimizin sayı, igidlərimizdən çox olacaq.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »