Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə danışıqları

Və ya Qafqazda yenə vəziyyət ruscadır?

Qıraqdan baxan elə bilər, Sahibə Qafarova Sergey Lavrovla Bbakı Slavyan Universitetinin dərs cədvəlini müzakirə edir. Ancaq elə deyil; Azərbaycan Milli Məclisinin sədri Rusiya Federasiyasının xarici işlər naziri ilə danışıqlar aparır. Həm də işğal altındakı Azərbaycan əraziləri ilə bağlı.

Bu arada yazmışdılar: “Axı Sahibə Qafarova Sergey Lavrovla necə danışacaq?!” Ondan qabaq xarici işlər nazirimiz Moskvaya gedəndə demişdilər: “Ceyhun Bayramov Sergey Lavrovla necə danışacaq?!” Arada: “Zakir Həsənov Sergey Şoyqu ilə necə danışacaq?!” kimi bir nida da eşidilmişdi. Sosial şəbəkələrin bu ritorik həyacanında bizim dövlət yetkililərimizin Lavrovla və ya Şoyqu ilə danışmaq üçün yetərincə yetkin olmamalarına eyham var. Yəni ki, necə deyərlər, vəziyyət ruscadır. Bu eyhamlarda hansısa bir məntiq axtarmağa vaxt sərf etmək istəmirəm; bəlkə də belə bir məntiq var. Ancaq o məntiq də var ki, anası Lavrovu dünyaya heç də xarici işlər naziri olaraq gətirməyib. O da nə zamansa bir yerdən başlayıb.

İndi universitet bitirib Azərbaycanda cv-sini harasa təqdim edən gənclərdən adi bir işə qəbul üçün 3-5 il iş stajı istəyirlər, ancaq 3-5 adamı heç 3-5 gün belə idarə etməmiş olanlar nazir olur, icra başçısı olur və sair. Sözüm bunda da deyil. Məsələ Sahibə Qafarovanın Sergey Lavrovla necə danışacağı heç deyil; çox şükür, hər ikisinin ruscası var. Əsas məsələ onların nə danışacağıdır, daha doğrusu, nə danışdığıdır. Sən haqlısansa, qarşındakının kim olması nə fərq edər ki?! Sözün varsa, deyəcəksən.

Bir az əvvəl də faktı konstatasiya etdik: danışıqlar dayanıb. Ermənistanla. Bu üzdən: “Rusiya Ermənistanın ən əsas hərbi müttəfiqidirsə, yəni Ermənistanı bizə qarşı silahlandırıbsa (ya elə bəlkə bu dəqiqələrdə də silahlandırmaqda davam edirsə), biz daha onunla nə danışırıq?!” deyə soruşsanız, bunun cavabı bəlkə də çox qısa olar. Ancaq səbrinizə sığınaraq bu danışıqlar məsələsi haqda bir az uzun yazacam.

Sözün doğrusu, son gedişata baxaraq deyə bilərik ki, indiyə qədər aparılanlar heç sülh danışıqları olmayıb, sülhdən danışmaqlar olub. Hər dəfə yığışıb sülhü danışmaq yerinə, sülhdən danışıb dağılışıblar. Rusiya da, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan diplomatiya turistləri də ən azı 1994-cü ildən bu günə qədər bizə elə yalnız bir şeyi aşılayıblar. Deyiblər: “Müharibəyə yol verməyin, müharibəni yola verin”. Savaşmağınıza icazə vermirik, barışmağınızı da istəmirik. Deyirlər: “Biriniz od olanda, o biriniz su olun”. Bizə də həmişə ikinci rolu biçirlər. Hakimin törədilmiş cinayətə görə canini deyil, zərərçəkəni günahlandırdığını öz misalımızda gördük. Adı beynəlxalq olsa belə, bu hüquqdur, qardaşım, hüquq. Qanunun da üstündə bir şey. Allahın da adına Haqq deyirik. Haqqı pozanın cəzası var. Necə oldu, Rusiya boyda dövlət özü Gürcüstana, Ukraynaya etdiklərinin çəzasını çəkir, amma onun ən kiçik əyaləti boyda olan (elə, əslində, faktik əyaləti olan) Ermənistana heç bir cəza verilmir. Üstəlik bizdən güzəşt istəyirlər və də deyirlər ki, müharibə etmək də olmaz. Yəni: “Biz istəyəndə savaşacaqsınız, biz istəyəndə barışacaqsınız” anlamında. Bu qədər sadə. Zatən daha əvvəl Sergey Lavrov Qarabağ konfliktinin Azərbaycanın daxili işi olmadığını da demişdi (yəni o əraziləri Ermənistanın adı ilə Rusiyanın işğal etdiyini, ora nəzarət etdiklərini, Azərbaycanın problemi öz bildiyi kimi həll etməkdə sərbəst olmadığını diplomatik dildə ifadə etmişdi).

Lavrovun da Sahibə Qafarovaya dediyinin arxasında bu dayanır. Deyib ki, Rusiya Dağlıq Qarabağ ətrafında işğal olunmuş beş rayonun qaytarılmasına, münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsinə və tərəflər arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına tərəfdardır. Maraqlı işdir: Rusiya bir yandan işğal olunmuş ərazilərin (həm də bir hissəsinin, hamısının yox!) azad edilməsinə diplomatik tərəfdardır, amma o əraziləri işğal edənlə də hərbi tərəfdaşdır. Necə bir dünyadır! Sülhməramlı qüvvələr deyəndə də, təbii ki, özünü nəzərdə tutur. Deyir: “Türkiyəni çağırmısınızsa, müharibə istəmisiniz. Amma sülh istəyirsinizsə, bizi qarşılayın”. Paradoks da elə burasındadır: sülh olmayan yerdə hansı sülhməramlılardan söhbət gedir?! Ermənistanın dayanmadan silahlandırıldığı bir yerdə nəinki sülh, heç məramı olmaz. 5 rayonu qaytarmaqla sülh olacaq ki, hələ bir ora sülhməramlı da gəlsin?! Bu, faktik olaraq, Ermənistanın “bufer zona” adlandırdığı o ərazilərin “bufer” olaraq saxlanması deməkdir. İndiyədək qeyri-rəsmi bufer idi, indi buferi ruslar öz adlarına rəsmiləşdirmək istəyir. Ki, məşhur “Madrid prinsipləri”nin işğalçıya sərfəli bəndləri rahat işləsin; Qarabağdakı erməni əhali referendum keçirib öz “müstəqil”liyini təsbit edəndə Azərbaycan ora nəinki güllədən ağır, heç güldən ağır bir söz deyə bilməsin. Bu da bunların sülh məramı, sülh anlayışı. Bu günə qədər bu anlayışlarda aparılan danışıqlar bölgəni sülhdən daha çox müharbəyə yaxınlaşdırıbsa, bu sülh danışıqları deyil, müharibə danışıqları olub.

Və daha bir paradoks: 75 il bundan qabaq kapitulyasiya aktına imza atdırmaqla Faşist Almaniyasını dünyanın gözü qarşısında təslim etdirən güc bu gün faşist Ermənistan qarşısında bizi təslim etdirməyə çalışır. Bunun adını nə qoyacağımı belə bilmirəm. Yəqin ki, faşizmin böyük gücünü məğlub edən bir dövlət özünü həmin o gücün balaca bir filialına qapdırmış. Nə deyək?! Keçmiş olsun! Zinhar, bu, gələcək olmasın! Yoxsa Avropada 75 il qabaq öldürdüyü ideologiyanı Rusiya gətirib Cənubi Qafqazda təzədən dirildirsə, böyük risqə gedir; anlamalıdır ki, onun öz cənubu da var – öz içindəı də Qafqaz var – Şimali Qafqaz. Əgər Cənubi Qafqaza kimsə terror küçəsini, kimsə neonasizmi, başqa ifrat ideologiyaları proyeksiya edib daşıyacaqsa, bunların kölgəsi bir gün Qafqazın hər iki səmtinə - Rusiyanın cənubuna, eləcə də, İranın şimalına sıçrayacaq. Bu mənada bölgəyə Türkiyə gəlibsə, bu, təkcə Azərbaycanın deyil, Rusiyanın və İranın özlərinin də adekvat olmayan təhdidlərdən xilas kəməridir. Bizdən Şimalda, Cənubda olan böyük paytaxtlarda siyasi-ideoloji ifratları Qafqaza daşımaqla özlərinə quyu qazdıqlarının fərqində deyillər. O zaman, doğrudan da, keçmiş olsun! Sözün bütün mənalarında...

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »