Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama

Xəbər verildiyi kimi Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib. Müdafiə Nazirliyi məlumat yayıb ki, sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Bu gün səhər saatlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb ki, ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb.

Bu məsələlərlə bağlı Bizimyol.info hərbi ekspert Rəşad Süleymanovdan açıqlama alıb.

Rəşad Süleymanov Rəşad Süleymanov

Ekspert qeyd edib ki, pilotsuz uçuş aparatlarının əsas tapşırığı cəbhənin taktiki və strateji dərinliklərində kəşfiyyatın aparılması, düşmənin qüvvə və vasitələrini öyrənmək üçün istifadə edilir: “Ermənistan son zamanlar pilotsuz uçuş aparatları parkını yeniləməyə çalışır. Xüsusən, 2016-cı ilin aprel döyüşlərindən sonra, Ermənistan bu sahəyə diqqət yetirməyə başlayıb. Həm özünün istehsalını həyata keçirir, həm də Rusiyadan “X-55” taktiki pilotsuz uçuş aparatı əldə edib”.

Ekspert bildirib ki, düşmən son vaxtlar cəbhə xəttində pilotsuz uçuş aparatından istifadəni aktiv şəkildə həyata keçirir: “Xüsusilə, iyul ayının 12-dən bu günə kimi cəbhənin müxtəlif istiqamətlərində Ermənistana məxsus 8-10 arasında pilotsuz uçuş aparatı Azərbaycan ordusunun bölmələri tərəfindən məhv edilib. Sonuncu PUA Azərbaycanın hava məkanında fərqli istiqamətdə vuruldu. Görünür ki ermənilər həmin istiqamətə Tovuz döyüşlərindən sonra strateji əhəmiyyət daşıyan bir istqiamət kimi diqqətdə saxlayır. PUA-nın cəbhənin strateji dərinliyinə gəlməsi isə araşdırılmalıdır. Əvvəllər cəbhənin yaxın ərazilərində hərəkət edən düşmən PUA-ları indi bu qədər dərinliyə uçmağa nail olublar. Yəqin ki bu məsələ təhlil olunur və tədbirlər həyata keçiriləcək.

Onu da vurğulayım ki, düşmənin əlində PUA-larla yanaşı kamikadze uçan aparatları da var. Bu ilin iyul döyüşlərində ermənilər bu aparatlardan istifadə etdilər”.

R.Süleymanov bildirib ki, Ermənistana məxsus PUA-ların nə qədər çox olmasına baxmayaraq, Azərbaycan ordusuna məxsus PUA-larla müqayisədə çox zəif aparatlardır: “Bu gün bizim pilotsuz aviasiya parkımıza baxdıqda, 48 saata qədər havada qala bilən müxtəlif təyinatlı, taktik və strateji PUA-lar mövcud olduğunu görürük. Azərbaycan PUA-larının həm növ tərkibinə, həm də imkanlarına görə MDB məkanında lider ölkədir”.

Ekspert bildirib ki, iki gün öncə Müdafiə Nazirliyinin iclasında nazir Zakir Həsənov ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlərin verildiyini bəyan edib: “Bu gün səhər saatlarında da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb ki ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb. Müstəqillik illərində ilk dəfə təlim toplanışı 2014-ci ildə olub. Hesab edirəm ki bu toplanışlar olduqca vacibdir. Biz müharibə aparan ölkəyik.

Hərbçilər çağırış vasitəsilə toplanışa çağrılır. Dövlət Xidmətnin əməkdaşları gecə saatlarında ehtiyatda olan həbçini evindən də təlim toplanışına apara bilərlər. Küyə düşməməliyik. Bu, bir təlimdir. Vətəndaşların fövqəladə və müharibə vəziyyətinə hazır olması yoxlanılır. Təlim toplanışların keçirilməsi olduqca vacibdir. Bundan narahat olmağa dəyməz. Torpağımızın işğaldan azad olunmasını istəyiriksə, biz təlimlərə hazır olmalıyıq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »