Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etiraz aksiyalarında virus niyə yayılmır... - Alman virusoloqdan açıqlama

Xüsusilə Almaniyada koronavirus əleyhdarları artıb. Etiraz aksiyaları keçirilir, karantin qaydaları pislənilir.

Bizimyol.info xəbər verir ki, koronavirus üzrə mütəxəssislərdən sayılan Bonn Universitetinin professoru Hendrik Ştrek “Deutche Welle”yə COVİD-19 dissidentlərindən, ümumiyyətlə, virusdan danışıb. Virusoloq əks qütbdə dayananların arqumentlərinə bir-bir cavab verib.

Hendrik Ştrek Hendrik Ştrek

Arqument: “Virus çox da təhlükəli deyil, şişirdirlər.”

- Razılaşmıram. Hətta koronavirusdan ölüm faizinin yüksək olmadığını bildirən tədqiqatlar da göstərib ki, insanlar bundan həyatını daha çox itirir, nəinki mövsümi qripdən. Bizim Haynsberq bölgəsindəki tədqiqatımız ortaya qoydu ki, hətta dörd dəfə çox təhlükədən danışmaq olar. Əlbəttə, yayılmadan çox şey asılıdır. Amma istənilən halda virusa ciddi yanaşılmalıdır. Çox dramatikləşdirmədən.

Arqument: “Siyasətçilər və KİV hər gün koronavirusa xeyli yoluxmanın olmasından danışır. Şəxsən mənim tanıdığım bir nəfər də yoxdur.”

- Mənim qohumlarımdan ikisi COVİD-19-a yoluxub.

Arqument: “Virusa görə karantin tətbiq edilməsi əleyhinə nümayişlər çox oldu. Bundan sonra yoluxma partlayışı oldumu? Yox!”

- Etiraz aksiyaları açıq havada keçirilirdi, yayılma riski yüksək olmurdu. Həm də Berlindəki aksiyalara bölgələrdən gələn çox olurdu. Yoluxmanın dərəcəsini müəyyənləşdirmək asan deyil.

Arqument: “İtaliyada və ABŞ-da ölənlərin sayı Almaniyadakından çoxdur. Burada nəsə var.”

- Bizdə Almaniyada da koronavirusdan ölən az olmayıb. Bu ölkələrdə virus risk qrupuna girmişdi, ölüm faizi yüksək idi. Almaniyada bundan qaça bildik.

Arqument: “Peyvəndlər ona görə lazımdır ki, əczaçılıq sənayesi mümkün qədər çox qazansın”.

- Doğru deyil. Əlbəttə, əczaçılıq sənayesi vaksindən qazanır. Amma xəstələrin illik səhiyyə büdcəsinin yalnız 0.3 faizi vaksinlərə xərclənir. Bu sənaye qazanmalıdır ki, vaksinlər hazırlaya bilsin.

Arqument: “Virusun mutasiyası o qədər sürətli gedir ki, vaksin bunun qarşısını almağa imkan tapmayacaq. Qripdə olduğu kimi, hər il peyvənd vurdurmalı olacağıq.”

- İndi belə iddialar irəli sürmək olmaz. Düzdür, virus mutasiya edir. Amma bunun mutasiyası qrip qədər deyil. Vaksin ortada olmadığından, hələ onun nə dərəcədə effekt göstərəcəyini deyə bilmərik.

Arqument: “Hökumət virusa görə fövqəladə məhdudiyyət qaydaları tətbiq edir. Mən yenə azad yaşamaq istəyirəm”.

- Bilirik ki, sosial məsafənin qorunması, gigiyena qaydalarına əməl olunması, maska taxılması effekt verir. Bunun sayəsində virusun çox yayılmasının qarşısını ala bilmişik. Yoluxanlarda simptomların səviyyəsi çox yüksək olmamağa başlayıb. Sosial məsafəni qorumaqla, maska taxmaqla dozanı azaltmaq məqsədinə çatırıq.

Arqument: “Qonşu ölkələrdə - Niderlandda, Danimarkada insanlar mağazalarda maska taxmır. Hər halda, onlar intihar etmək fikrində deyil.”

- Bəli, doğrudur, bəzi ölkələrdə qapalı məkanlarda maska taxılmır. O da düzdür ki, hər yerdə maska taxmağa ehtiyac yoxdur. Sosial məsafəyə ehtiyac olan yerlərdə maska taxılması yaxşıdır. Eyni zamanda, Niderlandda keçən illə və Almaniya ilə müqayisədə ölüm faizi artıb. Almaniyada isə göstəricilər yüksəlməyib.

Arqument: “Virus Çin laboratoriyasında hazırlanıb və təsadüfən yayılıb.”

- Virusun laboratoriyada hazırlanması ehtimalı azdır. Bildiyimə görə, belə araşdırmalar aparılmır, çünki çox təhlükəlidir. Virusun haradan gəlməsini dəqiq demək olmaz. Virus təbiətdə mövcud olmayan bir gen ardıcıllığını özündə əks etdirə bilməz. Vuhandakı laboratoriya elə təhlükəsizlik avadanlıqları ilə təmin olunub ki, oradan virus yayıla bilməzdi.

Arqument: “Yoluxsam da, cavanam, sağlamlığım möhkəmdir.”

- Statistikaya görə, gənclərdə və sağlamlığı möhkəm olanlarda yoluxma ya simptomsuz, ya da yüngül keçir. Amma gənclərin də öldüyü az olmayıb.

Son xəbərlər
Bütün xəbərlər »