Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ticarət əməliyyatlarında çeklərlə hesablaşma mexanizminin tətbiqi üzrə aktiv işə başlanılıb

Ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində aktiv işə başlanılıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov AMB-nin İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda keçirilmiş iclasında çıxış edərkən deyib.

"Bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq", - deyə E. Rüstəmov bildirib.

AMB sədri onu da bildirib ki, Şuranın ötən iclaslarında qaldırılmış məsələlərin bir qismi icra edilib, işlərin digər qismi icra prosesindədir, bəzi məsələlərin həlli istiqamətlərində isə müzakirələr gedir. O, sahibkarlara dəstək olaraq görülmüş işlər sırasında xüsusi olaraq sahibkarların idxal əməliyyatları üzrə cari valyuta rejiminin effektivliyinin artırılması məqsədilə müvafiq Qaydalara edilmiş dəyişikliklərin əhəmiyyətini qeyd edib.

Bunlarla yanaşı, E. Rüstəmov biznes sektorunda gedən proseslər Mərkəzi Bankda dərindən təhlil olunduğunu, sektorun problematikasının davamlı monitorinqin aparıldığını, ümumilikdə, Şurada qaldırılan digər məsələlərin həlli istiqamətlərində də fəal işləri aparıldığını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »