Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox

2 gün öncə Nərimanov rayonu ərazisində 27 yaşlı ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı məlumat yayıldı. N.İsayeva axşam saat 17:00-dan sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra Unikal.org xəbər verdi ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.

Diqqəti çəkən də məhz bu məqam oldu. Əgər xanım polisə müraciət edibsə, niyə məsələ araşdırılmayıb, nə üçün bir gəncin ölümünə gətirib çıxaran bu bəlanın qarşısı zamanında alınmayıb. Bəla deyirəm, çünki ölkə ərazisində şantaj bəlasından əziyyət çəkən bəlkə də yüzlərlə qadın var ki, adlarının hallanmasından qorxduqları üçün susurlar, sonunda da məsələ ya ailəiçi cinayət, ya da intiharla bitir. Etməsəydi, günah özündədir deyənləri də eşidir kimiyəm. Bu artıq başqa bir mövzudur.

Sosial şəbəkələrdə aktivlik artdıqdan sonra sosial şəbəkə cinayətkarlığı və şantajın sayı da təbii olaraq artıb. Qurbanlar isə yalnız qadınlar deyil. Tanınmış simaların da şəxsi həyatları ilə, yataq görüntüləri ilə hədələnməsi, gündəmə gəlməsi hallarını az eşitməmişik. Sosial şəbəkədən istifadə özü ayrıca bir mədəniyyət və qabiliyyət tələb edir. Amma aldadılan, sevgi toruna düşüb başı bəla çəkən, hətta tor olmasa belə, ayrıldıqdan sonra keçmiş həyat yoldaşını biabır etməklə təhdid edən cani beyinli kişilər və qadınlar ordusu da yaranıb. Sosial şəbəkələrdən maariflənmək deyil, intiqam, qisas aləti kimi istifadə edənlərin sayı da yarı-yarıyadır desəm, yanılmaram. Bunu sadə insanlar sadə işlər, pul qazanmaq və ya incitmək məqsədli şantaj kimi edirlərsə, yüksək ranqlı məmurlar da kompromat müharibəsi formatında aparırlar ki, son dövrlər bunun daha çox şahidi oluruq.

Fakt budur ki, bu gün saxta feyk hesablarından edilən hücumların səbəbkarlarını tapmaq mümkün deyil.

Osman Gündüz Osman Gündüz

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırda Daxili İşlər Nazirliyi bu kimi hücumların arxasında gizlənən adamları tapmaqda çətinlik çəkir. “Məsələnin kriminal çalarları varsa bunun hansısa texniki həll yolları ola bilər. Lakin Facebook, Instagram, Youtube və bir çox sosial şəbəkələrin idarəçiliyi xarici dövlətlərdə olduğuna görə, onlardan informasiya almaq asan məsələ deyil. Kimlərinsə facebook hesabını qırıb onun yazışmalarını oxumaq , sahibini tapmaq barədə gəzən çox əfsanələr əslində elə şəhər əfsanələridir. “Bəlli bir yerdə oturan və serveri , eyni zamanda adı məlum olan şəxsin yazışmalarını müxtəlif üsullarla açmaq mümkün olsa da saxta profil sahiblərini tapmaq mümkünsüzdür. Çünki həmin şəxs xarici ölkədən də yaza bilər, yerini də tez- tez dəyişə bilər.Üstəlik bu işləri yaxşı bilən insan gizlənməyin də bütün yollarını bilir”,- deyə ekspert Bizimyol.info-ya qeyd edib.

Belə çıxır ki, tək çarə özünü qorumaqdır. Amma bir faktı da xatırlatmadan keçmək istəmirəm. 2019- cu il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılmışdı.

“Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd etmişdi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olmasını müəyyən edərək onu saxlamışdı. Yəni DİN istəsə, hamısını olmasa da, cinayətkarların böyük əksəriyyətini tapa, aşkarlaya bilər. Bu sevindirici faktdır, çünki bilməliyik, əmin olmalıyıq ki, bizim polisimiz bizi qoruyur. Əsas odur ki, hadisə yerinə zamanında çatsın, şikayətlərə isə zamanında, faciə baş vermədən reaksiya versin. Amma...

Naidə İsayevanın ölüm faktına gəlincə, 'gər, polisə ərizə verilibsə, bu mütləq araşdırılmalı, əsaslıdırsa, qarşı tərəfə xəbərdarlıq edilməli, gərəkirsə cəzalandırılmalıdır. Polis idarəsində şikayətə laqeyd münasibət göstərilibsə, buna qiymət vermək DİN-in daha yüksək rütbəli əməkdaşlarının və prokurorluğunun işidir.

Bizimyol.info olaraq mərhumun polisə ərizə verib-verməməsi ilə maraqlandıq. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, bu məsələ prokurorluq tərəfindən araşdırıldığına görə, suala cavab verə bilməyəcək. Sualları prokurorluğa yönəltmək lazımdır. Prokurorluq isə araşdırma aparıldığına görə məlumat vermək istəmədi.

Əgər Naidə İsayevanın həqiqətən ölüm səbəbi deyildiyi kimidirsə, dünyanın ən iyrənc cinayətinə qurban getmiş bir qadının haqqının qorunması naminə cinayətkarın tapılmasını və ən ağır cəza verilməsini tələb edirəm. Başqalarına da görk olsun deyə. Başqa Nahidələrimiz olmasın deyə, içimizdəki güvən, inam ölməsin deyə, insanlıq ölməsin deyə...

Elm texnika əsrinə elə sürətlə giriş yapdıq ki, çıxış yollarını itirdik. Əslində geri dönüş adlı bir yol yoxdur. Biz internet, sosial şəbəkə reallığını qəbul etməliyik. Amma virtual dünyadakı cinayətkarlıqla mübarizənin təşkili mütləqdir və bu ayrı- ayrı şəxslərə üstünlük kimi verilməməli, hamıya şamil edilməlidir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »