Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kağızların altında...

Bir əsrlik yalan haqqında... həqiqətlər

30-40 il bundan qabaq Azərbaycanda çıxan qəzetləri vərəqləsək, yaxud o zamankı teleproqramların lent yazılarını qaldırıb baxsaq, 15 sentyabr tarixi haqqında nə görə bilərik? Ən yaxşı halda bu mövzuda heç bir yazının, məlumatın verilmədiyini, ya da ki Osmanlı ordusunun Bakını işğal etdiyini yazdıqlarını görəcəyik. Bəli, həqiqəti deyən ziyalıların sayı iki əlin barmaqları qədər idi. Onlar hətta hardasa bu fikirləri yazmaq, demək istəsə belə, senzuradan keçmirdi. Həqiqət qayçılanırdı. Ona görə dissident səviyyəsində adamlar - alimlər, yaradıcı ziyalılar, müəllimlər... gerçəkləri öz çevrələrində, çayxanalarda, ən yaxşı halda, məktəb siniflərində, universitet auditoriyalarda, Akademiya otaqlarında pıçıldayardılar...

Mənim yadımdadır, orta məktəbdə tarix müəllimim Köçəri Nağıyev böyük tənəffüsərdə məni həyətdəki hovuzun yanına çağırar, Mustafa Kamal Atatürkdən, İstiqlal savaşından, Azərbaycan Xalq Cümhuriyyətindən, Məhəmməd Əmin və silahdaşlarının müstəqil Azərbaycan dövlətini necə qurmaqlarından danışardı. Tarixə marağımı, kitabda olmayan, yeni, fərqli bilik, məlumat acı olduğumu bilirdi. Ona da Bakıda - oxuduğu ali məktəbdə bir müəllimi bu haqda danışırmış gizlicə. Mən soruşmuşdum ki, niyə bütün bu məlumatlar dərsliklərdə yoxdur? "Çünki bunları demək, öyrətmək qadağandır" demişdi. Ədəbiyyat müəllimim Məhəmməd Hüseynov isə Hüseyn Caviddən elə böyük şövqlə, həyəcanla, elə heyranlıqla danışardı ki... Özü Bakıda Hüseyn Caviddən dərs almışdı, tələbəsi olmuşdu. Bizim dərsliyimizə Hüseyn Cavidin açığını desəm, ən zəif və artıq bolşevizm dövrünün konyukturasına yaxın, uyğun olan "Azər" adlı əsərini daxil etmişdilər. Ancaq Məhəmməd müəllim Hüseyn Cavidin çap olunmuş bütün əsərlərinin siyahısını yazıb bizə verdi verdi: "Tapın, oxuyun" dedi. Mən Cavidin o zaman çap olunmuş bütün kitablarını axtarıb tapdım, hamısını oxudum. Qeydlər də etdim. Dərs zamanı həmin əsərləri təhlil etdim, bütün sinifə çatdırdım. Müəllimimin uçmağa qanadı yox idi.

Bunları yazmaqda məqsədim var; biz hansı yaşda, hansı sahədə, hansı mövqedə olursaq-olaq, peşəkarlığımız, hətta insanlığımız həqiqətə münasibətimizlə müəyyənləşəcək. Biz həqiqəti gizlətməyə çalışdıqca, özümüzə yalanlardan bir tor toxuyuruq. Sonunda həmin o yalanlar bizi boğur, məhv edir. Bir zamanlar yalanlardan böyük bir uydurma-dövlət toxumuşduq. Ona “kağız dövlət” deyirdilər (rusca "bumajnoye qosudarstvo" ifadəsi olaraq yaranmışdı). Kağızdan dövlət. Kağız üzərində bir dövlət. Tək ona görə yox ki, ən adi bir şeyi əldə etmək üçün də çoxlu kağız- sənəd yazdıqmaq, toplamaq lazım gəlirdi. Bu da vardı, təbii ki. Canlı adamlara deyil, kağızlara daha çox inanırdı o dövlət. Hər şeyi - siyasəti də, iqtisadiyyatı da, ordusu da... hər şeyi yalan üzərinə qurulmuşdu. Sanki bir uşaq kağızdan bir gəmi düzəldib gölməçədə üzdürür, amma əslində okeanlara yelkən açdığını deyirdi. Həmin o kağızlarda yazıldığına görə, dünyanın ən xoşbəxt xalqı bu ölkədə yaşayırdı, ən qüdrətli dövlət, güclü ordu bu ölkədəydi... Kağızın üstündə hər şey gözəl idi. İndi hünərin vardı, kağızı qaldırıb altındakı reallıqlara baxaydın. Hələ bunu dilinə gətirəydin. Öz yalanlarınn torunda dolaşıb boğuldu və... dağıldı “Sovet İttifaqı”. Adı belə yalan olan dövlət. İşğal, zorakılıq, ölüm, qan, göz yaşı üzərində qurulmuşdu. Hansı ittifaqdan söhbət gedə bilərdi ki?! Sadəcə, kağızlardaydı bu “ittifaq”.

Bax, o kağızların altında qalan həqiqətlərdən biri də Bakının işğaldan azad olunması idi. Kağızın üstündə Osmanlı ordusunun 1918-ci ilin sentyabrında Bakını işğal etdiyi yazılırdı, altında isə gerçək və şanlı bir tarix gizlənmişdi. Azərbaycan müstəqil olandan sonra bu gerçək bütünlüklə ortaya çıxdı. Və... iki il bundan qabaq - 2018-ci ildə Bakıda o tarixi qələbənin 100-cü ildönümü hərbi paradla qeyd olundu. Paradı Azərbaycanın və Türkiyənin Prezidentləri birlikdə izlədilər. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları meydandan birlikdə keçdi. Bu, qürurlandırıcı görüntülər idi.

Türk ordusu Bakıda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıda

Qafqaz İslam Ordusunun və Azərbaycan ordusunun Bakını erməni-rus birləşmələrindən azad etməsinin 102 illiyi isə bu gün tamam olur. Və bu gün biz yenə erməni-rus birləşmələrinin işğalından əziyyət çəkirik. Bu gün bizə qarşı rus-erməni ittifaqı yenə var, yenə də torpaqlarımızda - Qarabağda bildiklərini edirlər. 102 il əvvəl işğal etmiş olduqları, ancaq vurulub çıxarıldıqları əraziləri yenə də geri qaytarmaq xəyalları, planları qururlar. Rus dövləti yenə erməniləri açıq-gizli silahlandırır. Və yenə də bizim köməyimizə Türk ordusu gəlib. Tarix sanki təkrar olunur.

102 il əvvəl öz ordumuzla birlikdə Bakını (tək Bakını da deyil) azad edib bizə vermiş Türk ordusu bu gün Qarabağın azadlığı, Azərbaycanın təhlükəsizliyi üçün ən əsas dayağımız olmağa gəlir. Hər il Azərbaycanda və Türkiyədə iki qardaş dövlətin orduları onlarla təlim keçir. Bu təlimlərin sayı önəmli deyil təkcə. Onların coğrafiyası, yönəldiyi hədəflər böyüyür. Uzun onillər Türkiyənin Azərbaycana qardaş olduğunu da bayaq dediyim o kağız dövlət bizdən gizlətmişdi. Bu gün artıq gizli qalan bir şey yoxdur; Türkiyə və Azərbaycan bu coğrafiyada öz varlığını, bütövlüyünü və gələcəyini, eləcə də, bir xalqın iki dövləti olaraq maraqlarını qorumaq üçün ortaq güc yaradırlar.

Tez-tez deyilir ki, Türkiyə ilə Azərbaycan qədər iki təbii müttəfiq dünyada yoxdur. Bbu. Doğrudan da, belədir. Bax, gözümüzün önündə - Yaxın Şərqdə. Orta Şərqdə eyni xalqın - ərəblərin müxtəlif adlar altında onlarla dövləti var. Hamısı da bir-birini arxadan vurur, biri o birinin ərazisində terroru dəstəkəyir, maliyyələşdirir. Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Misirin və sair ərəb dövlətlərinin başqa bir ərəb dövlətini - Qətəri kimin maraqları üçün blokadaya aldıqları heç də uzaq tarix deyil. Yaxud Fələstinlə, Suriya və Liviya ilə baş verənlər... Nisbətən böyük ərəb dövlətləri öz xalqına məxsus başqa ölkələri dağıdır, cəmiyyətlərini dərbədər salır. Səudiyyə krallığının Yəməni necə tar-mar etdiyi, Yəməndəki üsyançı husilərin Ər-Riyadı necə bombaladığı hamımızın gözləri qarşısındadır. İki Koreya arasında olanları, Çinlə Tayvanı heç demirəm. Yaxud Rusiya ilə Ukraynaya – Şərq slavyanlarının iki böyük dövlətinə, onların arasındakı düşmənçilyə baxaq. Rusiyanın Ukraynanı necə parçaladığına diqqət edək. Və gələk Türkiyə ilə Azərbaycan arasında olan birliyə, tərəfdaşlığa, qardaşlığa. Dünyada bu qədər bir-birinə bağlı iki ölkə tapa bilməzsiniz. Başqa qardaşlar bir-birini dağıtdığı, başqalarına satdığı bir dünyada Türkiyə və Azərbaycan bənzəri, bərabəri olmayan bir ittifaqdır, doğmalıqdır.

Kiməsə bu sözlər pafos kimi görünə bilər. Ancaq gerçəklikdə belədir. Bu gerçəyi görməyənlər də, nə yazıq ki, var. Türk və Azərbaycan əsgərlərinin qanı bahasına azad olunmuş şəhərdə - Bakıda yaşaya-yaşaya “Osmanlı Bakını işğal etmişdi” deyə cəfəng fikirlər söyləyənlər, könlünü antitürk, əslində antibəşər mərkəzlərə qapdırmış olanlar da var. Deyirlər ki, Türkiyə öz maraqları üçün burdadır. Təbii ki, bir millət olsaq da, iki ayrı dövlətik; hərəmizin öz maraqlarımız da ola bilər. Var da. Bunu kim danır ki?! Mühüm olan maraqları uzlaşdırmaq, qardaşlıqdan önə keçməsini əngəlləməkdir ki, bunu da bu günə qədər hər iki dövlət bacarır.

Bahəddin Həzi

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »